Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya sülhməramlıları Azərbaycana yox, Putinin imzasına hörmətsizlik edirlər"
"Rusiya sülhməramlıları Azərbaycana yox, Putinin imzasına hörmətsizlik edirlər"
Mütəmadi olaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulur.

Xatırlayırsınızsa, Rusiya sülhməramlılarına mandat verilən zaman ən ümdə məsələlərdən biri də, sabitiyin qorunması idi. Əgər sülhməramlılar olduqları ərazidə fəaliyyətsizdirsə, onların bu ərazidə qalmağının nə əhəmiyyəti var ki?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sülhməramlıların həmin əraziyə yerləşdirilməsindən 2 il keçib və bu 2 il müddət ərzində biz sülhməramlıların pis və ciddi qanun pozuntularına şahid olmuşuq.

“Qanun pozuntularını törədərkən, humanitar yardım adı altında digər fəaliyyətlərlə məşğul olarkən, Azərbaycan dövlətinin rəsmiləri, xüsusilə cənab prezident İlham Əliyev sərt reaksiyasını bildirib və onların qanunsuz əməllərini tənqid edib. Bununla bağlı hərəkətlərinə və addımlarına düzəliş etmələrinə nail olmuşuq. Amma hər bir halda zaman-zaman bu kimi qanunsuzluqların şahidi oluruq. Azərbaycan Ordusunun Xocavənd ərazisində olan mövqelərinin atəşə tutulması məsələsi haqlı olaraq, ciddi narahatlıq yaradır. Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsindən sonra 3 avqust tarixində çox geniş miqyaslı təxribat xarakterli addım oldu.

10 noyabr 2020-cı il tarixli bəyanata görə, Azərbaycan öz üzərinə öhdəlik götürmüşdü ki, Laçın dəhlizinin keçdiyi hazırki Laçın şəhəri Zabux və Sus kəndində alternativ yol çəkəcək. Həmin o yol 3 il ərzində Azərbaycan tərəfindən inşa edilməlidir və istifadə edilməlidir. Bundan sonra artıq Laçın dəhlizi, Laçın yolu ilə əvəz edilməli idi. Məhz o yolla Ermənilər Xankəndinə gedib-gəlməli idilər. Azərbaycan bu prosesi 3 ildən də tez bir müddətə yekunlaşdırdı. Laçın dəhlizinin yerləşdiyi Laçın şəhəri Zabux və Sus kəndləri Azərbaycanın nəzarəti altına verilməli idi. Lakin ermənilər bundan imtina etməyə çalışdılar və 3 avqust tarixində təxribat törətdilər. Azərbaycan həmin 3 avqust tarixli təxribata çox ağır şəkildə cavab verdi. Anti-terror əməliyyatları keçirərək, həmin o insanların zərərsizləşdirilməsinə nail oldu. Bundan sonra artıq Laçın dəhlizi boşaldıldı. 26 avqust tarixində Laçın şəhəri Zabux və Sus kəndləri Azərbaycanın nəzarəti altına keçdi. Bundan sonra artıq ermənilər Laçın yolundan istifadə etməyə başladılar” - deyə Xəyal Bəşirov danışıb. O, həmçinin qeyd edib ki, Laçın dəhlizi əvəzinə biz artıq Laçın yolu sözündən istifadə etməliyik. Çünkü bu, artıq yoldur. Məhz həmin o tarixdən sonra artıq ermənilər Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələr vasitəsiylə də olsa, atəşkəs rejimini poza bilmirdilər.

“Azərbaycan Ordusuna qarşı, Azərbaycanın mülki vətəndaşlarına qarşı silah istifadə edə bilmirdilər. Çünki artıq 3 avqust tarixindən sonra həmin ərazilərdəki bütün yüksəkliklər Azərbaycanın nəzarəti altına keçdi. Mart ayında Fərrux yüksəkliyi, 3 avqust tarixindən sonra artıq bütün Qarabağa, Xankəndinə hətta belə nəzarəti altında saxlayan Qırxqız, Buzluğ, Sarıbaba Üçdik və Laçındağ yüksəklikləri Azərbaycanın nəzarəti altına keçdi. Bundan sonra artıq onlar Azərbaycan daxilində, Azərbaycan ərazilərində atəşkəs rejimini poza bilmirdilər, silahdan istifadə də edə bilmirdilər və məhz onun nəticəsi idi ki, 12-14 sentyabr tarixlərində onların növbəti geniş miqyaslı təxribatı Azərbaycan ərazilərinə deyil, sərhədyanı zonalarda Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətində atəşkəs rejimini pozdular, təxribat törətdilər” - deyən politoloq təəssüflə qeyd edib ki, artıq yenə də xüsusilə də Rusiya sülhməramlılarının nəzarəti altında bu addımlar atılır.

Bir müddət əvvəl Azərbaycan tərəfi müəyyən etdi ki, Laçın yolundan Ermənistan, daha doğrusu Rusiya sülhməramlılarının nəzarəti altında humanitar yardım adı ilə qanunsuz silah daşınması həyata keçirilir. Bunun nəticəsidir ki, artıq həmin silahları bugün qanunsuz silahlı birləşmələr Azərbaycan Ordusuna qarşı istifadə edirlər.

Ekspert bildirib ki, bu, birmənalı şəkildə Rusiya sülhməramlılarının məsuliyyəti çərçivəsindədir. Daha doğrusu onların məsuliyyətsizliyi nəticəsində baş vermiş qanunsuz hadisədir:

“Orada Rusiya sülhməramlıları kontingenti adı altında yerləşdirilmiş qüvvələr unutmamalıdırlar ki, onlar bu addımlar ilə əslində Azərbaycana deyil, öz dövlətlərinə və dövlət başçıları Vladimir Putinin imzasına hörmətsizlik edirlər. Azərbaycanla Ermənistan arasındaki 10 noyabr tarixli bəyanatın tələblərinə riayət edilməlidir. O tələblərə riayət olunacağı təqdirdə, bu kimi hallar baş verməməlidir. Ona görə də Rusya sülhməramlılarının məsuliyyəti bu məsələdə tamdır, açıqdır və onlar bu prosesə görə məsuliyyət daşıyırlar. Azərbaycan bununla bağlı lazımi tədbirlər görmək imkanına sahibdir.

Rusiya dövləti unutmamalıdır ki, onların sülhməramlı qismində 2020-ci il 10 noyabr tarixində Azərbaycan ərazilərinə yerləşdirməsi, onlar üçün 1990-cı il “20 yanvar” hadisəsi, 26 fevral 1992 -ci il “Xocalı faciəsi” və ümumilikdə birinci Qarabağ müharibəsində Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı addımları, müxtəlif qanunsuzluqlar və cinayətlərinin Azərbaycan dövləti tərəfindən arxa plana keçirilməsi bir şans idi. Amma sülhməramlı missiyadan sonra da, onlar eyni bu kimi addımları atırlarsa, təbii ki, bu onların son tarixi şanslarının itirməsi ilə nəticələnəcək”.

Xəyal Bəşirov qeyd edib ki, Rusiya dövləti özünün Cənubi Qafqazdakı son məntəqəsi olan Ermənistandan gedə bilər. Biz əgər onları sülhməramları missiya kimi Azərbaycan ərazilərindən çıxarsaq, artıq Ermənistana da lazım olmayacaqlar. Ermənistandan çıxdıqdan sonra artıq Rusiya özünün Cənubi Qafqazdakı ən son dayaq məntəqəsi olan Ermənistanı da itirəcək, buradan çıxmalı olacaq.

Politoloq hesab edir ki, Rusiya sülhməramlıları öz məsuliyyətlərini dərk etmirsə, 10 noyabr 2020-ci il tarixli bəyanatın tələblərini pozursa, məhz həmin o bəyanatla regiona yerləşdirilmiş sülhməramlı missiyanın biz hətta vaxtından əvvəl regiondan çıxarılmasına nail ola bilərik. Belə ki, bu beynalxalq hüquqla tanınmış hüququmuzdur. Eyni zamanda, 10 noyabr 2020-ci il tarixli bəyanatla bizə verilən hüquqdur.

“Rusiya tərəfi unutmamalıdır ki, onların mandatı təsdiq edilməyib. Onlar BMT mandatı altında həmin ərazilərdə sülhməramlı missiyanı həyata keçirmirlər. Onların mandatının müəyyənləşdirilməsi ilə bağlı real bir sənəd də imzalanmayıb və 19 noyabr 2020-ci il tarixli bəyanata istinad edə bilərlər. Amma o bəyanata istinad etməzdən öncə həmin bəyanatla üzərinə düşən öhdəlikləri və vəzifələri yerinə yetirməlidirlər.

10 noyabr 2020-ci il tarixli bəyanatla həm də Rusiya-Türkiyə qarışılıqlı müşahidə məntəqəsi də Ağdamda fəaliyyət göstərir. Həmin müşahidə məntəqəsi də bu məsələ ilə bağlı mövqe ortaya qoya bilər” - deyən politoloq qeyd edib ki, onlar bu qanunsuzluqlara münasibət bildirə bilər.

Xəyal Bəşirov bildirib ki, bundan sonra artıq Azərbaycan üçün Rusiya sülhməramlılarının regiondan çıxarılması və bütün Azərbaycanın suveren əraziləri çərçivəsində geniş miqyaslı anti-terror əməliyyatları keçirərək, o ərazidə mövcud olan və 10 noyabr tarixli bəyanatla çıxarılmalı olan qanunsuz silahlı birləşmələri, cinayətkar rejimin tör-töküntülərini Azərbaycan ərazilərindən tam şəkildə təmizləyə bilər. Onların zərərsizləşdirilməsi istiqamətində addımlar ata bilər.

“Bu da bizim təbii haqqımızdır, bizə bunu heç kim qadağan edə bilməz” - deyə Bəşirov əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »