“Ermənistanın inkişaf etmiş hərbi sənayesi olan ölkəyə çevrilməkdən başqa yolu yoxdur.
Rusiya Ermənistan üçün əsas silah tədarükçüsüdür, lakin bəzi silah növlərini başqa ölkələrdən almaq lazımdır”.
Bizimyol.info erməni saytlarına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasında parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan jurnalistlərə bildirib.
"Silahlar ən yaxşı şəkildə müharibə zamanı sınaqdan keçirilir. Biz 44 günlük müharibəni görmüşük, Ukraynada, Suriyada gedən döyüşləri izləyirik və mütəxəssislərimiz hansı silahlara ehtiyac olduğunu yaxşı bilirlər. Təbii ki, Rusiya silahları silahların əsas hissəsini təşkil edir. Bizim arsenalımızda yaxşı silahlar var ki, bu da özünü doğruldur. Amma bəzi silahları başqa ölkələrdən də almaq lazımdır”, - deyə Xaçatryan söyləyib.
Onun sözlərinə görə, söhbət dronlardan qorunma vasitələrindən gedir.
Millət vəkili əlavə edib ki, silahların əldə edilməsi prosesi aktiv şəkildə gedir, bir sıra dövlətlərlə bu mövzuda intensiv müzakirələr aparılır.
"Mən Ermənistanın gələcəyini onda görürəm ki, o, inkişaf etmiş hərbi sənayeyə malik ölkəyə çevriləcək. Bizim başqa seçimimiz yoxdur, ən yaxşı silahları istehsal edib ixrac etməliyik”,- deyə Xaçatryan bildirib.
Xatırladaq ki, sentyabrın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bəyan etmişdi ki, Ermənistanın lazımi müdafiə silahlarını əldə etmək üçün bütün maliyyə imkanları var. Sonra o, qeyd etmişdi ki, bəzi ölkələr İrəvana silah satmağa hazır deyil.
Leyla Mirzə, Bizimyol.info