Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İrana qarşı beynəlxalq həlqə get-gedə daralır"
"İrana qarşı beynəlxalq həlqə get-gedə daralır"

“Regionda İran çox aqressiv siyasət yürüdür. Daxildə olan narazılıqlar fonunda həm də özü üçün düşmən axtarır. Bununla ictimai siyasi vəziyyətin gərgin olduğunu nəzərə alaraq, diqqəti yayındırır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsində qalibiyyəti İranı ciddi narahat edir. Hətta, Zəngəzur dəhlizinə qarşı İran aktiv çıxış edir. Bu da qəbul olunan bir yanaşma deyil. Ötən gün İranın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfiri Əli Əlizadəni çağırmışdı. Bu da tamamilə yolverilməzdir. Digər tərəfdən İran Xarici İşlər Nazirliyinin ifadə etdiyi fikirlər bundan ibarətdir ki, sanki Azərbaycan mediasında İrana qarşı təbliğat aparılır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb. O, qeyd edib ki, İran 30 illik dövr ərzində Azərbaycana qarşı təbliğatı hər üsulla aparıb. İranın Azərbaycan dilində fəaliyyət göstərən “Səhər” televiziyası birbaşa olaraq milli maraqlarımıza qarşı fəaliyyət göstərir. Hətta burada Azərbaycan dilində Azərbaycana qarşı təbliğatı da müşahidə edilir.

İlyas Hüseynov İlyas Hüseynov

“Öz gözündə tiri görməyən İran tərəfi Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Belə olan halda Antony Blinken ABŞ-ın dövlət katibi bildirib ki, ABŞ İranın qarşısında və Azərbaycanın yanındadır. Bu gün İrana qarşı beynəlxalq həlqə get-gedə daralır. Biz yaxın Şərqdə İsrail-İran gərgin münasibətlərini də nəzərə almalıyıq. Digər tərəfdən İranın Rusiyaya verdiyi PUA-lar təkzib olunur. Baxmayaraq ki, Ukrayna səmasında onlar görünür, müəyyən olunur və vurulur. İran artıq burada açıq şəkildə tərəf tutaraq öz müdafiə sənayesinin istehsalı olan pilotsuz uçuş aparatlarını Rusiyaya verməklə ABŞ-ın da qəzəbinə səbəb olub. Bununla müharibənin müddəti uzanır və İran Rusiyanın yanında yer alır”, - deyən politoloq hesab edir ki, İranın Azərbaycana qarşı aqressiv hərəkətlərinə son qoyulmalıdır.

İran regionda güclü və qüdrətli Azərbaycan dövlətini yaxşı təhlil etməlidir və mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq qurmaqda təşəbbüslərlə çıxış etməlidir.

“Biz əks bir yanaşmanı qəbul etmirik və İran tərəfindən Azərbaycana, onun ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətli münasibət, hörmət kəsb edən davranışı tələb edirik”,- deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »