Rusiya ilə Ukrayna arasında müharibə bütün şiddəti ilə davam edərkən, dünya Putinin yeni addımını gözləyir. Ötən günlərdə yoxa çıxan və “Putinin son ümidi” kimi tanınan “Belqorod” nüvə sualtı qayığının taleyinə aydınlıq gəlib.
Bizimyol.info xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibənin doqquzuncu ayına girdiyi bir vaxtda şiddətli toqquşmalar davam edir. Ukraynanın hücumu aramsız davam edərkən, dünya Putinin yeni addımını gözləyir. Belə ki, Ukraynanın taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddiaları hər gün daha çox səslənir və iddiaların mərkəzində Rusiyanın ən müasir nüvə sualtı gəmisi “Belqorod” dayanır.
İtaliya mətbuatına sızan NATO xəbərdarlıq notasına görə, “Belqorod” Arktika Dairəsindəki öz bazasından yoxa çıxıb. Hərbi ekspertlər belə bir addımın Putinin müharibənin gedişatını dəyişdirmək üçün son çarəsi ola biləcəyi barədə xəbərdarlıq etməyə davam etsələr də, “qiyamət silahı” ləqəbli “Belqorod” nüvə sualtı qayığının taleyi bəlli olub.
ABŞ “Belqorod”un taleyini açıqlayıb. Britaniyanın "Daily Mail" qəzeti sualtı qayığın öz missiyasını yerinə yetirə bilmədiyini yazıb. ABŞ kəşfiyyatının yüksək vəzifəli mənbəsinin sözlərinə görə, Rusiya son həftələrdə “Poseydon”u sınaqdan keçirməyə cəhd edib və uğursuz olub. Eyni mənbəyə görə, uğursuz missiyadan sonra sualtı qayıq bazaya qayıdıb. Hələlik Rusiyadan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Təxminən 185 metr uzunluğunda olan sualtı qayıq nüvə başlıqlı sualtı dron torpedalarına ev sahibliyi edir. “Poseydon” 500 metrə yaxınlaşan nüvə sunamisini işə salmaq üçün nəzərdə tutulmuş apokaliptik cihaz adlanır. 15 min tonluq döyüş maşınının torpedalarının sahil zolağında sunami effekti yarada biləcəyi bildirilir.
Sualtı qayığın hər biri iki milyon ton trotil ekvivalentinə bərabər olan altı nüvə silahlı torpedası ilə təchiz olunduğu güman edilir.
Leyla Mirzə, Bizimyol.info