Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq icra başçısı DTX-dan köçürülüb: 10 milyonluq əmlakına həbs qoyulub
Sabiq icra başçısı DTX-dan köçürülüb: 10 milyonluq əmlakına həbs qoyulub

Həbsdəki keçmiş icra başçıları arasında ən sonuncu tutulan – 7 il Şəmkirin icra başçısı olmuş Alimpaşa Məmmədovun məhkəməsi başlayıb.

Bizimyol.info xəbər verir ki, onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Noyabrın 10-da məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Nural Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında məlum olub ki, Alimpaşa Məmmədov təxminən bir aydır Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Gəncədəki 2 saylı istintaq təcridxanasına köçürülüb.

Məhkəmədə çıxış edən prokuror bildirib ki, sabiq icra başçısının haqqında həbs qətimkan tədbirini dəyişməyə əsas yoxdur, o elə həbsdə saxlanmalıdır.

Məhkəmə də həbs qərarını dəyişməyib. Məhkəmə baxışı noyabrın 24-ə təyin olunub. Həmin gün icra başçısı haqqında ittiham aktı elan olunacaq. Daha sonra dindirmələr başlayacaq.

Alimpaşa Məmmədovun həbsindən sonra Səbail rayon Məhkəməsinin qərarıyla ona və ailə üzvlərinə məxsus olduğu iddia edilən bir sıra əmlakların üzərinə həbs qoyulub. Ümumilikdə həbs altında olan əmlakların dəyəri 10 milyondan çoxdur. Onların arasında aşağıdakı daşınmaz əmlaklar da var:

“Abad Şəmkir” MMC - qida məhsulları istehsal zavodu;

“Az Farel” MMC - balıq yetişdirmə və emalı müəssisəsi;

Bakıda mənzillər.

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov bundan öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »