Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda hadisələr səngimək bilmir – Jurnalist saxlanıldı
İranda hadisələr səngimək bilmir – Jurnalist saxlanıldı

İranın yarı rəsmi Tesnim Xəbər Agentliyi “İran İnternational” televiziyasında çalışan İlham Əfkarinin ölkədən qaçmaq istəyərkən kəşfiyyat bölmələri tərəfindən yaxalandığını açıqlayıb.

Bizimyol.info-nun məlumatına görə, xəbərdə iddia edilib ki, “həbs edilən şəxs İran İnternational təşkilatının əsas agentlərindən biri olub və İrana böhtan atmaq, gəncləri üsyana dəvət etmək, xalq arasında iğtişaş və terror yaratmaq üçün çoxsaylı fəaliyyət və hərəkətlər edib".

İran administrasiyasının müxalif media təşkilatının Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyinə dair iddialarını təkrarlayan xəbərdə İran Beynəlxalq televiziyası “Beynəlxalq Səudiyyə Ərəbistanı terror şəbəkəsi” olaraq xarakterizə edilib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda “mənəviyyat polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Emininin sentyabrın 16-da ölməsi ölkədə etirazlara səbəb olub.

Hadisələrdə mülki şəxslərin və təhlükəsizlik qüvvələrinin öldüyü barədə rəsmi mənbələrdən açıqlamalar olsa da, ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı ötən həftə nümayişlərdə 304 nəfərin öldüyünü açıqlayıb. İran mətbuatında əksini tapan xəbərə görə, nümayişlər zamanı 40-dan çox təhlükəsizlik işçisi həyatını itirib.

Onu da əlavə edək ki, İran administrasiyası iki aya yaxındır davam edən hadisələri “ABŞ , İsrail və İngiltərə kimi qüvvələrin ölkəni parçalamaq məqsədi daşıyan sui-qəsdi” kimi qiymətləndirir.

Tehran administrasiyası İran Beynəlxalq televiziyasını "etirazlarla bağlı dezinformasiya yaydığı və nümayişçiləri zorakılıq hərəkətləri etməyə təşviq etdiyi" əsas gətirərək "terror təşkilatı" elan edib və onun əməkdaşlarının ölkədəki mal-dövlətinin müsadirə ediləcəyini açıqlayıb.

Londondan fars dilində yayımlanan İran Beynəlxalq televiziya kanalı 2017-ci ildə yaradılıb.

2018-ci ilin oktyabrında Guardian qəzetində dərc olunan xəbərdə kanalın Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla yaxın əlaqələri olan səudiyyəli iş adamına məxsus gizli ofşor hesab vasitəsilə maliyyələşdirildiyi və səudiyyəlilərin maliyyə dəstəyi verdiyi iddia edilmişdi.

Nəhayət, İranın Kəşfiyyat Naziri dünən verdiyi açıqlamada iddiaları təkrarlayaraq, “Səudiyyə Ərəbistanının düşmənçiliyi davam edərsə, onların bu ölkəyə qarşı strateji səbri bitə bilər” deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »