1938-ci ilin əvvəlləri idi…
Mustafa Kamal Atatürk özünü yaxşı hiss etməməyə başlamışdı. İştahsızlıq, bədəninin müxtəlif yerlərində qaşınmalar meydana gəlir, tez-tez burnu qanayırdı. Əvvəlcə dedilər ki, qaşınmalar Mustafa Kamalın yaşadığı köşkdə olan qarışqalara görədir. Köşkü dərmanladılar. Atatürk isə, müalicə alması üçün Yalovaya Termala göndərildi. Termalda müalicə alan zaman həkim Nihat Rəşad Bəlgər Mustafa Kamalda qaraciyər çatışmazlığı olduğunu müəyyən edərək ona sirroz diaqnozu qoydu. Burada bir neçə müalicə alan Mustafa Kamal müalicəsini yarım buraxıb, Bursaya getdi…
Vəziyyəti ağırlaşsa da, böyük savaşlarda qalib olan Mustafa Kamal öz sağlamlığını düşünmürdü. Onun üçün önəmli olan xalqı, milləti idi. Və beləcə 1938-ci il noyabrın 10-da o bu həyata gözlərini yumur…
Əvvəlcə cənazəsi Ankara Etnoqrafiya Muzeyində qoyulur, 1953-cü ilin noyabrın 4-də isə, Muzeydən çıxarılıb Anıtkabirə nəql edilir… Prezidentin baş katibi Həsən Rıza Soyak, Atatürkün ölüm anını belə xatırlayır: "Saat 18:00-dan sonra ondan ayrılıb gündəlik işlərimlə məşğul olmaq üçün ofisimə getdim. Saat 18:55-də məlumat verdilər ki, tezliklə pisləşir. Evinə getdim. Əli Kılıç içəridə dayanmışdı. Otağa girəndə Atatürk çarpayının ortasında oturmuş, iki əlini yan tərəfə dayayaraq qusurdu. “Allah kahr etsin” deyib, xidmətçisinin tutduğu qaba qan qusurdu.
Həkim Neşet Ömer İrdelp ona müxtəlif dərmanlar vurub, buz parçaları uddururdu. Sonra saata baxıb soruşdu: "Saat neçədir?" Dedim saat 7-dir. Eyni sualı təkrarladı, eyni cavabı verdim. Bir az sakitləşdi. Onu çarpayıya uzatdıq. “Rahatlaşdınızmı?”-deyə soruşdum. “Bəli” dedi. Sonra həkimə baxıb salamlaşdı. Bu onun son sözü oldu, 30 saat sonra komaya düşdü və bu koma noyabrın 9-da gecə-gündüz davam etdi. Atatürk 10 noyabr 1938-ci il cümə axşamı, saat 5-də İstanbuldakı Dolmabahçe sarayında vəfat etdi”….
Mustafa Kamal Atatürkün dəfnində Cəlal Bayar maraqlı bir çıxış edir. Deyir ki, “səni sevmək ibadətdir”…
Bu gün Türkiyənin hər bir şəhərində Mustafa Kamal Atatürkün ölüm gününə həsr edilmiş silsilə tədbirlər keçirilir, xalqın Atası yad edilir. Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan Anıtkabirdə keçirilən rəsmi mərasimdə iştirak edib.
Ərdoğan xüsusi qeyd dəftərinə Atatürk haqqında düşüncələrini yazıb: "Müqəddəs Atatürk, əbədiyyətə qovuşmanızın ildönümündə sizi və müstəqilliyimizin qayğısına qalan şəhidlərimizi yad edirik. Sizin “Ən böyük əsərim” dediyiniz Türkiyə Cümhuriyyəti dövlətini “Türkiyə Əsri” dövrünə hazırlayırıq. Millətimizin çoxəsrlik arzuları gerçəkləşənə qədər dayanmayacağıq, hücumlar qarşısında təslim olmayacağıq, mübarizəmizi əzmlə davam etdirəcəyik. Ruhun şad olsun”…
Aradan 84 il keçməsinə baxmayaraq, böyük Türk milləti həmin günü bu gün kimi xatırlayır. Bəli, bir dövlətin qurucusunu, yaradıcısını unutmaq xəyanət olardı. Və Türk milləti heç bir zaman öz qurucusuna xəyanət edə bilməz.
Bu gün bütün Türkiyə Qazi Başkomandan Mustafa Kamal Atatürkü sevir, onu böyük sevgi ilə anır. Bu gün bütün Türkiyə ona ibadətdədir…
İradə Cəlil, Bizimyol.info