Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən Putinlə danışıqlar barədə açıqlama - Şərtlər açıqlandı
Zelenskidən Putinlə danışıqlar barədə açıqlama - Şərtlər açıqlandı

Ukrayna prezidenti Vladimir Zelenski Qərb mediasının Kiyevin Moskva ilə dialoqa sövq edilməsi barədə xəbərlərindən sonra danışıqlara başlamaq üçün şərtləri sadalayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə müvafiq yazı onun Telegram kanalında yer alıb.

“Ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün zərərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”,- deyən Ukrayna lideri bu tələbləri tamamilə başadüşülən adlandırıb.

Kremlin nümayəndəsi Dmitri Peskov isə açıqlamasında bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara açıq olaraq qalır, lakin Kiyevin imtinası səbəbindən indi bu mümkün deyil.  O vurğulayıb ki,  Kiyevdə Rusiya tərəfi ilə heç bir danışıqların aparılmaması qanuna çevrilib.

Peskov əlavə edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sonuncu təkbətək danışıqlar mart ayında İstanbulda Dolmabahçe sarayında keçirilib.

Onu da qeyd edək ki, sentyabrın sonunda Ukrayna prezidenti Vladimir Zelenski “Vladimir Putin ölkə başçısı olduğu müddətdə Moskva ilə danışıqlar aparmayacağını” bəyan edib.

Noyabrın 5-də “The Washington Post” qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden administrasiyası özəl olaraq Vladimir Zelenskini Rusiya ilə danışıqlara açıq olmağa çağırır.

Yeri gəlmişkən, bu gün Zelenski “Teleqram” kanalında qeyd edib ki, Rusiyanın raket və dron terrorunun son günlər artan eskalasiyası fonunda Ukraynaya  yeni yardımlar davam edir. “Biz hər şeyi edəcəyik ki, mümkün qədər çox ölkə bu yardıma qoşulsun. Bütövlükdə cəbhə boyu qüvvələrimiz fəal müdafiə vəziyyətindədir – şərq və cənubun bəzi hissələrində düşməni tədricən geri oturduruq.

Donetsk bölgəsi işğalçıların ən çox olduğu yer olaraq qalır. Orada hər gün yüzlərlə Rusiya əsgəri ölür. Ukrayna mövqeləri qarşısında torpaq sözün əsl mənasında işğalçıların cəsədləri ilə doludur”,- deyə Zelenski qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »