Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın sözçüsü: “Şuşanın tədqiqi üçün akademik və tələbələrin səfərləri təşkil edilməlidir”
Ərdoğanın sözçüsü: “Şuşanın tədqiqi üçün akademik və tələbələrin səfərləri təşkil edilməlidir”

“Şuşanın öyrənilməsi və tanıdılması üçün gələn il mütləq akademiklərimizin və tələbələrimizin bu şəhərə səfərləri təşkil edilməlidir. Biz bu işdə üzərimizə düşən tədbirləri görməyə hazırıq”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın İstanbulda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə 4 noyabr 2022-ci il tarixində İstanbul Universitetinin “Bəyazid” Kampusunda “Şuşa, Paris və İstanbulun ortaq dəyəri: Əhməd bəy Ağaoğlu” mövzusunda beynəlxalq simpoziumunda deyib.

Simpoziumda mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Simpoziumun açlış mərasimində Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib və Vətən müharibəsində şahid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılış mərasimindən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə aid qısa tanıtım filmi nümayiş olunub.

Tədbirdə çıxış edən A.Kərimov Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və əməkdaşlıq münasibətlərinin bütün sektorlarda, xüsusilə mədəniyyət sahəsində uğurla və intensiv inkişaf etdiyini qeyd edib. İki qardaş ölkə arasında çoxşaxəli mədəni əməkdaşlığın müntəzəm olaraq genişlənən və dərinləşən möhkəm özülə əsaslandığını vurğulayıb və bugünkü simpoziumun mövzusu olan Əhməd bəy Ağaoğlunun timsalında iki ölkənin aydınlarının türk dünyası adına müqəddəs amal uğrunda birgə tarixi mücadiləsinin indiki və gələcək nəsillər üçün bariz örnək olduğunu ifadə edib.

Nazir qeyd edib ki, Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli fikir adamı, publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlu milli heysiyyətini hər şeydən uca tutan millət fədaisidir. O, Azərbaycanda "Həyat", "İrşad", "Tərəqqi", Türkiyədə rəsmi dövlət xəbər agentliyinin - Anadolu Ajansının və "Türk sözü", "Akın" qəzetlərinin qurucusu, Azərbaycanda və Türkiyədə üç siyasi partiyanın əsas yaradıcılarından biri, Bakıda "Difai", İstanbulda "İttihad və Tərəqqi", “Sərbəst Firqə”, üç parlamentin deputatı, İstanbulda Məclisi məbusanın, Ankarada Böyük Millət Məclisinin, Bakıda Cümhuriyyət parlamentinin üzvü kimi titanik tərcümeyi-hala malik fenomenal şəxsiyyətdir.

Simpoziumda çıxış edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Şuşa İli” çərçivəsində Əhməd bəy Ağaoğluna həsr olunmuş tədbirdə təmsil olunmaqdan qürur duyduğunu ifadə edib. Prezidentin sözçüsü bildirib ki, bu gün Türkiyə və Azərbaycan arasında olan münasibətlər Əhməd bəy Ağaoğlunun arzuladığı şəkildə inkişaf edir. O siyasi-iqtisadi sahədə dərinləşən münasibətlərin məhz mədəni əlaqələr vasitəsilə daha da güclənəcəyini bildirib. Əhməd bəy Ağaoğlu və onun nəsildaşlarının başlatdığı mücadilə və türk dünyasının həmrəyliyi təşəbbüsləri bu gün türkdilli ölkələrin liderləri vasitəsilə reallaşdığını vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar fəaliyyəti və əzmkar mübarizəsi nəinki türk dünyası, bəşər üçün örnək olan Əhməd bəy Ağaoğlu mövzusunda beynəlxlaq simpozimunun təşkilatçılarından biri olmaqdan qürur duyduğunu ifadə edib.

Daha sonra beynəlxalq simpoziumda İstanbul Universitetinin prorektoru İlyas Topsakal, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, İstanbul Universitetinin müəllimi, professor Halil Bal, “Əhməd bəy Ağaoğlu Araşdırmalar Birliyi”nin rəhbəri Nigar Axundova Əhməd bəy Ağaoğlu ilə bağlı müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Şuşa – 270” döş nişanı ilə təltif olunub. Döş nişanını Prezidentin sözçüsünə nazir A.Kərimov təqdim edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »