İran adlanan ölkənin coğrafiyasında ayrı-ayrı millətlər yaşayır, ayrı-ayrı mədəniyyətlər, ayrı-ayrı dillər var.
Tehran rejiminin apardığı siyasət bundan ibarət olub ki, bu millətlər, bu mədəniyyətlər inkar olunsun və onlar aradan götürülsün. Ona görə də, fars rejimi “bir millət, bir dil, bir ölkə” kimi şüar ortaya qoyublar. Bu, "Rza şah Pəhləvini sevənlər dövrü" yəni 1926-cı ildən başlayan bir siyasətdir.
Bunun üçün də çalışıblar ki, orada insanların, toplumların, dillərin və millətlərin ümumiyyətlə mahiyyəti və varlığı inkar olunsun. Birinci növbədə milli kimlikləri inkar olunsun. Onlara məxsus mədəniyyət, nə varsa aradan götürülsün. Bəlli bir yerlərdə buna nail ola biliblər. Məsələn, kiçik etnik qrupların dillərinin aradan qaldırılması və s. Amma bu siyasəti Güney Azərbaycana və Azərbaycan Türklərinə tətbiq etmək o qədər də asan deyil.
Bu barədə Bizimyol.info xəbər portalına müsahibəsində Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

- Sadiq bəy, “Cənubi Azərbaycan Cümhuriyyəti” şəklində bir ehtimal varmı?
- Məsələ bundadır ki, biz Güney Azərbaycanda yaşayan Azərbaycan Türklərindən danışanda, Təbrizdən danışanda çox minillik bir mədəniyyətdən, çox minillik bir dildən, çox minillik milli kimlikdən danışırıq ki, bu artıq o millətləşmə dövrünü, dövlətləşmə dövrünü yaşayıb. Ən azı bu 1000 il içində o bölgənin idarə edilməsində Azərbaycan Türkləri əsas aparıcı rolu oynayıblar.
Bu mənada hadisələrə və gedişata nəzər salsanız görərsiniz ki, Güney Azərbaycanda bir vətən anlayışı var. Və o, Azərbaycandır. Bir dil anlayışı var o Azərbaycan Türkcəsidir. Bir milli kimlik anlayışı var və o da Türklükdür. Bu anlayışlar bizim mədəniyyətimizlə, kimliyimizlə, dilimizlə o qədər iç-içədir ki, bunu hər hansı bir rejim və millətçi mərkəzli siyasi hakimiyyətin hər hansı bir formada rahatça asimliyasiya etməsi mümkün deyil. Bu səbəbdən də, yəqin ki, fikir verirsiniz, 50 gündür ki, İran adlı ölkədə, bütün şəhərlərdə, Güney Azərbaycanın şəhərlərində ciddi etirazlar davam edir. Bu aksiyalara nəzər saldıqda görərsiniz ki, Güney Azərbaycan çox düşünülmüş proseslər aparır, düşünülmüş şəkildə öz şüarlarını ortaya qoyur. Məsəl üçün “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı 1 ildir ki, dillərdədir. Çünkü zamanına uyğun şüar verilməli idi. Orada həm də bir aksiyada ərəblərə dəstək verildi. O prosesdən yola çıxaraq, bu gün artıq millətimiz belə bir şüarı ifadə edir: “Millətlərə istiqlal, qadınlara azadlıq”.
Siz fikir versəniz, İran adlanan ölkənin başqa bölgələrində hələ belə bir şüar verilmir. Bu da Təbriz deyəndə, Təbrizin mahiyyətindən, Azərbaycan deyəndə Azərbaycanın dövlətçilik mahiyyətindən irəli gəlir. Güney Azərbaycanda yaşayan Azərbaycan Türklərinin milli məfkurəsi, dövlətçilik məfkurəsi bu mədəniyyətlə formalaşıb ki, öz dövlətində yaşamalıdır, öz dövlətini qurmalıdır, öz dövlətini bərpa etməlidir, öz dövlətçiliyini qurmalıdır və sairə. Bundan yola çıxaraq, biz şüarları, gedən prosesləri dəyərləndirəndə görürük ki, Güney Azərbaycanda yaşayan Azərbaycan Türkləri həm dövlət və dövlətçiliyini bərpa etmək uğrunda bir düşünülmüş mübarizə aparır, həm də digər qeyri-fars millətlərini bu istiqamətə götürməkdədir. Bu səbəbdən də, Güney Azərbaycanda gedən milli azadlıq hərəkatı nə qədər o dövlət və dövlətçiliyə cümhuriyyətin qurulması istiqamətində öz fəaliyyətini sistemləşdirsə, öz fəaliyyətini daha da sürətli etsə o zaman onun uğuru başqa millətlərdə də ümid yaradacaq . Bu da imkan verəcək ki, onlar da Güney Azərbaycanın arxasından gəlsinlər. Buna görə də görürsünüz ki, əsas istiqamət oradır və bu gün orada yaşayan millətlərin, qeyri-fars millətlərin, müxtəlif etniklərin, müxtəlif dini azlıqların kimliyi, onların istəkləri ortaya çıxsın.
- Baş verən hadisələr indi hansı istiqamətdə davam edir?
- Qeyd etdiyim kimi bu məsələ ortaya çıxandan sonra burada millətlər öz milli mədəni, siyasi haqlarını ortaya qoyublar. Bu istiqamətdə hərəkət edirlər və bu etirazların da təbii ki, istiqaməti ona doğru gedəcək. Təbii ki, bunun qarşısını almağa çalışan rejimin özüdür.
Bir sıra o rejimə özünü alternativ bilən qurumlar deyir ki, “İran elə necə var elə qalsın, sadəcə, rejim dəyişdirilsin”. Halbuki, bu da artıq XXI əsrdə demək olar ki, mümkün deyil.
Mümkün deyil ki, orada yaşayan millətlərin, qeyri-fars millətlərin milli, siyasi və mədəni hüquqları verilmədən, öz milli müqəddəratlarını təyin etmədən belə bir şey baş versin. Təbii ki, olayların istiqaməti o şəkildə dəvam edəcək.
İradə Cəlil, Bizimyol.info