Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bunu gözləmirdim - Ərdoğanın sirri məni çox maraqlandırır”
“Bunu gözləmirdim - Ərdoğanın sirri məni çox maraqlandırır”

“Insider”-də Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan haqqındakı təhlili diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, Rusiya bu həftənin əvvəlində Ukraynanın Qara dənizdəki hücumlarına görə taxıl müqaviləsini dayandırdığını açıqlamışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən alovlanan taxıl böhranı üçün təkrarən işə başladı və həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardı.

Taxıl ixracı ilə bağlı dünyanın rahat nəfəs almasına imkan yaradan ilk açıqlama yenə də Ərdoğan tərəfindən edildi. AK Partiya qrup toplantısında çıxış edən Türkiyə prezidenti Rusiya ilə danışdığını və taxıl anlaşmasının davam edəcəyini bütün dünyaya bəyan etdi.

Ərdoğanın bəyanatından qısa müddət sonra Rusiya prezidenti Putin açıqlama verərək “Biz Türkiyənin bütövlükdə münaqişədə bitərəfliyini və Türkiyənin imkanlarını nəzərə alaraq, Ukrayna ərazisindən taxılın Türkiyəyə çatdırılmasına gələcəkdə heç bir şəkildə müdaxilə etməyəcəyik. Türkiyənin taxıl emalı sənayesi və prezident Ərdoğanın səyləri ən kasıb ölkələrin maraqlarını təmin etməyə yönəlmişdi. Burada heç bir şübhəmiz yoxdur və hər halda Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik ”,- deyə bildirib.

Türkiyənin tərəflər arasındakı böhranı həll etməsi və Ərdoğanın diplomatik uğuru dünya mətbuatında geniş yer alıb. Belə ki, Kit Gillet tərəfindən “Insider”-də dərc olunan təhlildə Türkiyənin böhrandakı rolunun getdikcə daha çox əhəmiyyət kəsb etdiyinə diqqət çəkilib.

Türkiyənin Ukraynadakı münaqişə boyu incə bir xətt izlədiyinə diqqət çəkən təhlildə aşağıdakı ifadələr yer alıb:

“Türkiyə müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etdi, lakin eyni zamanda prezident Ərdoğan bəyan etdi ki, Rusiya təkcə fevralın 24-dən bəri işğal etdiyi Ukrayna torpaqlarını deyil, Krımı da qanuni sahiblərinə qaytarmalıdır.

Türkiyə tərəfləri eyni masaya yığa bilən azsaylı ölkələrdən birinə çevrilib, çünki Ərdoğan özünü Rusiya və Ukrayna böhranlarında getdikcə daha vacib regional aktyor kimi göstərib.

Məlumat üçün bildirək ki, Türkiyə bütün dünyada aclıq böhranının qarşısını almaq üçün BMT ilə taxıl sazişində vasitəçilik edib. Bu ölkə mart ayında Rusiya və Ukraynanın görüşünə də ev sahibliyi edib, lakin danışıqlar hələ yekunlaşmayıb.

Ərdoğan əsir mübadiləsində və Rusiya tərəfindən Azovstal polad zavodunda əsir götürülən və edamla hədələnən çoxlu sayda əsirin azad edilməsində də mühüm rol oynayıb.

Ərdoğan bu il ölkəsində seçki ilinə qədəm qoysa belə, beynəlxalq aləmdə baş verən son proseslər Qərbin qarşıdakı dövrlərdə daha çox Türkiyəyə arxalanmasına səbəb ola bilər” .

Bundan əlavə, Qara dəniz taxıl konsaltinq şirkəti SovEcon-un baş meneceri Andrey Sizov sosial şəbəkə hesabında yazıb: "Mən Ankaranın burada son sözü deyəcəyini bilirdim, lakin onların Putinə bu qədər təsir edəcəyini gözləmirdim. Həqiqətən də, Ərdoğanın sirrinin nə olduğu məni çox maraqlandırır”.

Xatırladaq ki, Rusiya politoloqu Andrey Pinotkovski bildirib ki, Ərdoğan sadəcə olaraq Putini yerində oturtdu: "Ərdoğan Putinə Qara dənizin ağasının kim olduğunu göstərdi. Türkiyənin donanmasının gücünü də Putin bilir. Bax, Putinlə bu dildə danışmaq lazımdır".

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »