Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada 4,5 milyon insan işıqsız qalıb: “Bu, enerji terrorudur”
Ukraynada 4,5 milyon insan işıqsız qalıb: “Bu, enerji terrorudur”

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə 4,5 milyon insanın işıqsız qaldığını bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın enerji infrastrukturlarına hücumlarını "enerji terroru" kimi xarakterizə edən Zelenski, "Bu hücumlar düşmənimizin zəifliyini göstərir. Bizi döyüş meydanında məğlub edə bilmədiklərinə görə xalqımızı belə məğlub etməyə çalışırlar ",- deyə bildirib.

Məlumat üçün bildirək ki, son həftələr Rusiya Ukraynadakı elektrik stansiyalarına dron və raket hücumlarını intensivləşdirib.

Zelenski çıxışı zamanı onu da bildirib ki, cəmi üç ay ərzində ölkədəki elektrik stansiyalarının üçdə biri məhv edilib.

Bununla yanaşı, Ukrayna hökuməti əhalini elektrik enerjisindən istifadədə qənaətcil olmağa çağırıb.

Əlavə edək ki, Rusiya Müdafiə Nazirliyi də Ukraynanın enerji infrastrukturunu hədəf aldığını təsdiqləyib. Hücumlar rus qoşunlarının əsas Xerson bölgəsindən çıxarılması ilə bağlı şayiələr üzərində güclənib.

Məlumat üçün bildirək ki, Xersonda ruslar tərəfindən təyin edilmiş yerli inzibatçı Kirill Stremousov Rusiya mətbuatına bildirib ki, Moskva “yəqin ki” öz qoşunlarını bölgədən çıxaracaq.

Qərb mənbələrinin məlumatına görə, Rusiya ordusunun bölgədəki yüksək rütbəli hərbçiləri artıq şəhəri tərk ediblər. Şəhərdə nə baş verdiyi dəqiq bilinməsə də, BBC müxbiri Pol Adams bankların boşaldığını, muzeylərin talan edildiyini bildirir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə Ukrayna qüvvələrinin şəhəri geri almaq gücünə malik olduğunu vurğulayıb.

Xatırladaq ki, Xerson Ukrayna və Qərbin tanımadığı referendumda Rusiyaya qoşulduğunu elan edən dörd bölgədən biridir. Müharibədən əvvəl şəhərin əhalisi 300 min nəfər idi, lakin dinc əhalinin təxliyəsi ilə bu rəqəmin iki dəfə azaldığı bildirilir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »