Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həsrətimiz sona çatdı və indi qələbəni birlikdə qeyd edirik" - Fahrettin Altun
"Həsrətimiz sona çatdı və indi qələbəni birlikdə qeyd edirik" - Fahrettin Altun

2020-ci ildə Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. 44 günlük müharibədən sonra qazanılan qələbə yalnız Azərbaycanın, Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi. Bu il isə, 30 il sonra qazandığımız qələbənin 2 -ci ildönümüdür.

Elə bu məqsədlə İstanbulda Tuzla Bələdiyyəsi və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən Qarabağ zəfərinin 2-ci ildönümünə həsr edilmiş “Bir millət, iki dövlət”adlı tədbir keçirilib. Tədbirdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Tuzla Bələdiyyəsinin sədri Sadi Yazıcı çıxış edərək, Azərbaycanın böyük qələbəsindən, bu qələbənin Türk dünyası üçün əhəmiyyətindən söz açıblar.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun öncə prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb, daha sonra qeyd eidb ki, söhbət Azərbaycandan düşəndə söhbətə “Can Azərbaycan”, “Qardaş Azərbaycan” kimi sözlərlə başlayırlar.

Fahrattin Altun Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir neçə misranı dilə gətirib: “Bir ananın iki oğlu, Bir amalın iki qolu, O da ulu, bu da ulu, Azərbaycan – Türkiyə!

Daha sonra o sonra Azərbaycanın 30 ildən sonra 2020-ci ildə tarixə qızıl hərflərlə yazdığı qələbədən söz açıb. Bu qələbəyə sevindiyini bildirib.

“Torpaqların azad edilməsi uğrunda mübarizə snetyabrın 27-də başladı və 44 gün davam etdi. İnanın ki, biz bu 44 günü anban yaşadıq, hiss etdik. Biz mübarizənin necə aparıldığına, qələbənin necə qazanıldığına şahid olduq, gördük”-deyən rabitə naziri bu işğalın əslində Türklüyə, İslama hücum olduğunu dilə gətirib.

O bildirib ki, Şuşa, Qarabağ torpaqları azad edildiyi zaman əslində bu qələbə təkcə Azərbaycanın, Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi. “Şükr olsun bu qələbə çalındı və artıq biz bu qələbənin ikinci ildönümünü böyük şərəflə qeyd edirik”-deyə Altun qeyd edib.

Nazir bildirib ki, Ermənistan tərəfindən edilən bu işğal bütün dünyanın gözü qarşısında baş verib. Azərbaycan və Türkiyə dünyanın gözü qarşısında olmasına baxmayaraq, bu işğala dünyanın diqqətini çəkə bilmək üçün bütün beynəlxalq platformalarda ciddi diplomatik mübarizə aparıb, bütün vasitələrdən istifadə etməyə çalışıb.

“Qarşımızda unudulan bir işğal var idi. Təəssüf ki, dünya bu zülmə səssiz qalırdı. Bu işğal zamanı çox sayda insan həyatını itirdi. Milyonlarla Azərbaycan vətəndaşı öz yur-yuvasından didərgin düşdü. Çox sayda tarixi-mədəni abidələr dağıdıldı”- deyə F. Altun vurğulayıb.

Daha sonra nazir prezident Rəcəb Tayib Ərdoğanın, Türkiyənin bölgənin və Qarabağın yenidən dirçəlməsində bütün imkanlarından istifadə etməsi ilə bağlı çox dəqiq mövqe tutduğunu qeyd edib.

“Son 30 ildə Azərbaycan və Türkiyənin beynəlxalq platformalarda bütün təşəbbüsləri qarşılıqsız qaldığı məqmada nə ediləcəyi bəlli idi. Azərbaycan öz imkanları və təbii ki, Türkiyənin dəstəyi ilə bu addımı ataraq, 44 gün müddətində prosesi zəfərlə taclandırdı",- deyə o əlavə edib.

Nazir çıxışı zamanı bildirib ki, Türkiyə öz regionunda böhranların aradan qaldırılmasına töhfə verən ölkəyə çevrilib.

Tədbirdə çıxış edən, Tuzla Bələdiyyəsinin sədri Sadi Yazıcı qeyd edib ki, Qarabağ əbədi vətəndir.

“Bu gün Tuzlada Azərbaycanın tarixi Zəfər Günü qeyd olunur. Artıq Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi ilə yanaşı, “Bir millət, bir qələbə” ifadəsini də səsləndirə bilərik. Çünki qardaş Azərbaycanın qələbəsi, Türkiyənin qələbəsidir. Qələbənin əldə olunmasında ən çox təşəkkür qəhrəman əsgərlərimizə düşür. Bir də o əsgərlərimizi səmada qoruyan İHA, SİHA və TİHA-larımız var olsun. Qələbəmiz əbədi və davamlı olsun. Necə deyərlər, bir kərə yüksələn bayraq, bir daha enməz. Biz Qarabağın azadlığını səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun ki, həsrətimiz sona çatdı və indi bu qələbəni birlikdə qeyd edirik. Qarabağ Azərbaycandır, Azərbaycan Türkiyə, Türkiyə Azərbaycandır. Əminik ki, Tuzla Şuşadır, Şuşa isə Tuzladır. Var olsun qardaş Azərbaycan!”-deyə o qeyd edib.

Tədbirin digər çıxışçıları Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi bacarığı və Azərbaycan Ordusunun gücü nəticəsində əldə edilən Qələbəni bütün türk dünyasının Zəfəri adlandıraraq, Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında Türkiyənin dəstəyini xüsusi vurğulayıblar.

Tədbirdə Türkiyənin, eləcə də ölkəmizin Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Mərasim zamanı Azərbaycanın şanlı Qarabağ Zəfərinə gedən yolu, Azərbaycan və Türkiyə qardaşlığını özündə əks etdirən “Bir millət, Bir Zəfər” adlı fotosərgi açılıb. Tədbir “Zəfər” konsert proqramı ilə davam etdirilib.

Konsertdə Azərbaycan və Türkiyə musiqiləri, eləcə də rəqslərindən nümunələr ifa olunub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »