Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya kanslerinin kritik anda Çinə səfəri
Almaniya kanslerinin kritik anda Çinə səfəri

Almaniya kansleri Olaf Şolz Covid-19 pandemiyasının başlanmasından bəri Çinə səfər edən ilk G7 ölkə lideri olub. Beləə ki, Şolz Pekində Çin Prezidenti Si Cinpin ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Çinin Sinxua agentliyinin verdiyi məlumata görə, görüş zamanı Xi, Şolzun səfərinin iki ölkə arasında anlaşma və etimadı yaxşılaşdıracağını, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirəcəyini və qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün mühüm imkan yaradacağını vurğulayıb.

Məlumat üçün bildirək ki, Çin sədri Xi, Kommunist Partiyasının hər beş ildən bir keçirilən qurultayında yenidən baş katib seçilərək, Çin Xalq Respublikasının qurucusu Mao Tszedonqdan sonra müddətdən artıq partiyaya rəhbərlik edən ilk lider olub.

Xəbərdə bildirilir ki, Şolzun səfəri Çinin Qərblə münasibətlərində gərginliyin pik nöqtəsində diqqəti cəlb edən mənzərəyə çevrilib, çünki bu, Xi-nin üçüncü müddətinə zəmin yaradan və onun tək adamlıq mövqeyini daimi edən konqresdən dərhal sonra baş verib.Onu da əlavə edək ki, səfərdən əvvəl Çin mətbuatında dərc olunan xəbər və rəy yazılarında Şolzun gəlişi ABŞ ilə artan strateji rəqabətdə Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək fürsəti kimi şərh edilib.

Oktyabrın 25-də ölkəni idarə edən Çin Kommunist Partiyasının media orqanı olan “Global Times”da dərc olunan baş məqalədə Şolzun səfərinin Almaniyanın Çinlə daha sıx diplomatik və iqtisadi əlaqələr qurmaq istəyinin göstəricisi olduğu vurğulanıb.

Bildirilir ki, Sovet İttifaqının dağılmasından və iki Almaniyanın yenidən birləşməsindən sonra Almaniya liderləri Çini iqtisadi əməkdaşlıq üçün böyük potensial olaraq görürlər.

1972-ci ildə diplomatik münasibətlərin normallaşmasından keçən 50 il ərzində Almaniya kansleri Şolzun bu gün başlayan səfəri də daxil olmaqla, 24 dəfə Pekinə səfər edib. Əsasən iqtisadi əlaqələrə əsaslanan və tez-tez sıx sənaye və ticarət nümayəndə heyətlərinin iştirak etdiyi səfərlər nəticəsində 2021-ci ildə iki ölkə arasında ticarət həcmi 238 milyard dolları keçib.

Əlavə edək ki, Almaniya Çinin Avropadakı ən mühüm ticarət tərəfdaşıdır.

Çin Milli Statistika Bürosunun məlumatına görə, 2022-ci ilin ilk 9 ayında Almaniyanın Çinə ixracı bütün Aİ ölkələrinin 39 faizini təşkil edib. Digər tərəfdən, Çin son vaxtlar Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilib. Çin 2017-ci ildə ABŞ-ı geridə qoyaraq Almaniyanın ən çox ticarət etdiyi ölkələr arasında birinci olub.

Lakin Pekin administrasiyası ilə xüsusilə ABŞ və ümumilikdə Qərb arasında artan qarşıdurma ilə bu iqtisadi əlaqələr son zamanlar şübhə altına alınıb. Xüsusən də Ukrayna müharibəsindən sonra Çinin Rusiyaya yaxın mövqe nümayiş etdirməsi Qərbdə gizli dəstək kimi şərh edilir, Pekinin isə Tayvan başda olmaqla, regionunda baş verən suverenlik münaqişələrində hərbi gücünə önəm verməsi narahatlıq doğurur.

Çinlə Qərb arasında barışıq, iqtisadi asılılıq münasibətlərinin Rusiyada olduğu kimi Almaniyanı risklərə məruz qoyması ehtimalı hazırda koalisiya hökuməti daxilində müzakirələrə səbəb olur.

Leyla Mirzə

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »