Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Sosial Müdafiə Fondu metro işçilərinə niyə pensiya vermək istəmir?
Dövlət Sosial Müdafiə Fondu metro işçilərinə niyə pensiya vermək istəmir?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Səbəb isə onların vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun tanınmamasıdır.

Bizimyol.info xəbər verir ki, metro işçilərilə Dövlət Sosial Müdafiə Fondu arasında məhkəmə çəkişməsi xeyli müddətdir davam edir. Onlar ayrı-ayrılıqda Bakı İnzibati Məhkəməsinə şikayət ediblər. Bu məhkəmə onları haqlı sayıb, 57 yaşdan pensiya almaq hüquqlarını tanısa da, qarşı tərəfin şikayəti əsasında apellyasiya məhkəməsi həmin qərarları ləğv edib. Metropoliten işçiləri Ali Məhkəməyə üz tutublar.

Bu məhkəmə çəkişməsində əsas mübahisə metropolitendə maşinist, maşinist köməkçisi və s. vəzifədə işləyən şəxslərin zərərli və ağır işdə çalışması məsələsidir. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” qanuna və Nazirlər Kabinetinin qərarına görə kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda; qadınlar 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır. Başqa sözlə, zərərli və ağır işdə çalışanların başqalarından fərqli olaraq, daha tez pensiya almaq hüququ var.

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nı təsdiqləyib.

Dövlət Sosial Müdafiə Fondu iddia edir ki, Nazirlər Kabinetinin siyahısında “Nəqliyyat” bölməsindəki elektrik qatarlarının maşınistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün gərək ayrıca “metropolitençilər” yarımbölməsi olmalıydı.

Lakin metro işçiləri bu arqumenti absurd sayır. Deyirlər ki, vətəndaşa pensiya verməmək üçün qanun və qaydalar bilərəkdən təhrif olunur.

Şikayətçilərdən Fərid Altınbayev bildirib ki, onların zərərli işdə çalışmaları “Bakı Metropoliteni” QSC-dən verilən arayışdan da görünür. Orada açıq şəkildə “ağır və zərərli əmək şəraitində” çalışdığı göstərilib: “Zərərli işdə işlədiyimizə görə bizə əmək məzuniyyətinə əlavə 6 gün verilir. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyimizə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilir”.

Bakı İnzibati Məhkəməsi də Dövlət Sosial Müdafiə Fondunun arqumenti ilə razılaşmayıb. Hakim qərarda yazıb ki, “metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır”. Yəni metropoliten maşinistinin vəziyyətilə yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyəti oxşardır: “Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil”.

Metropoliten işçilərinin şikayətinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq.

“Hər gün növbədə 8 saat dəmir-beton tuneldə qalmaq, 1000 volt gərginliyin altında işləmək bilirsinizmi nə deməkdir?! Metrodakı qatarların maşınisitləri işləri xüsusilə zərərli və ağır olduğuna görə  çox vaxtları pensiya yaşına da çata bilmirlər”, - Fərid Altınbayev bildirib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »