Kadırovun bu günlərdə sosial şəbəkələrə yaydığı videomüraciəti dinləyəndən sonra Azərbaycanda müalicə alan döyüş yoldaşının keşiyini çəkən (bu həm də onun üçün iki həftəlik istirahət hesab olunurdu) Səid adlı çeçen döyüşçüsünü xatırladım; bu insanların öz xalqına qarşı yarada biləcəyi rəğbətin və nifrətin fərqi barədə düşünməyə bilmədim. Eyni xalqın iki oğlu - biri düşmənini və dostunu tanıyan, onlara edilmiş yaxşılıqlara qarşı minnətdarlıq borcu olduğunu bildirən, digəri isə düşmən dövlətin vassalına çevrilmiş və xalqının dar günündə ona dayaq olmuş ölkənin vətəndaşlarını öldürməyə çağıran. Biri ilə şəxsən tanış olduğum, digərini isə siyasi xadim kimi barəsində məlumatlardan tanıdığım bu iki çeçen barədə yazmaya bilmədim.
2006-cı il 1 saylı Şəhər Klinik Xəstəxanada bir neçə çeçen döyüşçü ilə tanış olmuşdum. Onların da bizim də reanimasiya şöbəsində xəstəmiz var idi. Onlardan Səid və mən gecəni xəstələrimizin yanında qalırdıq (reanimasiya şövbəsində xəstələrin yanıda qalmağa icazə verilmir, amma istisna hallar nəzərə alınır) deyə, xəstəxananın dəhlizində və ya həyətdə söhbət eləməyə vaxtımız olurdu.
O vaxt Səid Rusya ordusunun Çeçenistanda törətdiyi vəhşiliklərdən danışırdı. Danışdıqca 33 yaşlı döyüşçü, vüqarlı çeçen xalqının nümayəndəsi kövrəlirdi və hər dəfə də: “Olanları mən təsvir edə bilmirəm, əsasən buna görə gözyaşımı saxlaya bilmirəm”,- deyib ağladığına görə üzr istəyirdi.
Ona təsəlli verib hər şeyin yaxşı olacağını deyirdim. O isə: “Artıq Cövhər (Cövhər Dudayev) yoxdur, bizim üçün yaxşı heç nə gözlənilmir. Siz rusların nə qədər qəddar, hiyləgər və qorxaq olduğunu təsəvvür eləməzsiz. Onlar qorxaq olduqları üçün qəddardırlar və qaydasız vəhşiliklərinə görə, başqalarına döyüşkən xalq kimi görsənirlər. Döyüşdə kişi ölər, burda elə bir anlaşılmazlıq yoxdur, ancaq onlar bizim qadınlarımızı, uşaqlarımızı hər cür işgəncəyə məruz qoyurlar və öldürürlər. Ümid isə tükənir, çünki olar bizi təkcə öldürmürlər həm də qul kimi satın alır, əvəzində isə öz xalqımız üzərində hakimiyyət vəd edirlər”, - deyirdi.
Rusiya Ukraynaya qarşı müharibə elan edəndən sonra Çeçnistan rəhbəri Ramzan Kadırov dəfələrlə çeçen xalqını ukraynalılara qarşı mübarizəyə çağırıb. Hərbləşdirilmiş birləşmələr, alaylar yaradaraq 1.5 milyon əhalisi olan çeçen xalqının on minlərlə gəncini Rusiyanın müdafiəsinə göndərib. Orada ölən yüzlərlə, bəlkədə artıq minlərlə (iyun ayında etiraf olunan say 700-ə yaxın olub) gənc çeçen xalqın genefondudur. Rusiya kimi böyük xalqlara on minlər itirmək bəlkə də daha az təsir edər, nəinki azsaylı xalq olan çeçenlər üçün bu qədər gəncin itkisi təbii ki, fəlakətdir.
Putinin Ukraynaya qalib gələ bilməyəcəyi labüddür, amma Rusiya çeçen xalqına artıq qalib gəlib. Bu müharibədən sonra çeçenlərin özlərinə gəlib, müstəqillik barədə düşünmələri üçün bəlkə də onlara yüz il gözləmək lazım gələcək. Müharibə təkcə fərdlərin ölümünün yaşandığı yer deyil, həm də xalqları düşmənə çevirən hadisədir. Xalqların dostluğu da, düşmənliyi də əsrlər keçsə də, unudulmur.
Səid deyirdi ki, 1991-ci il Çeçenistan müstəqilliyini elan edəndən sonra, Rusiyanın başlatdığı rus-çeçen münaqişəsində yaralananlar, əsasən, Azərbaycan, Gürcüstan, Ukrayna və ən ağır xəstələr isə Türkiyədə müalicə alır. Buna görə o, xalqının bu dövlətlərin çeçenlərə göstərdiyi xidməti-yaxşılığı unutmayacağını deyirdi. Amma indi on minlərlə çeçen ukraynalıların üzərinə göndərilir və bu da bir qəhrəmanlıq kimi təqdim olunur. Təbii ki, ukraynalılar da bunu unutmayacaqlar.
1991-ci ildən başlanan azadlıq hərəkatına başçılıq edənlərin hamısı, Cövhər Dudayev, Şamil Basayev, Salman Raduyev, Zəlimxan Yandarbiyev, hətta Ramzan Kadırovun atası Rusiya tərəfdarı olan Əhməd Kadırov da Rusiyanın terrorunun qurbanı olublar. Kreml “öz adaları”na belə bir yanlışlığı heç vaxt bağışlamır. Rusiya bu gün general rütbəsi verdiyi Ramzan Kadırovu da nə vaxtsa, sələfləri kimi “mükafatlandıra” bilər. Məhşur el missalı var: “Bildirçinin bəyliyi darı sovulana qədərdir”. Kadırov hələ “bəylik dövrünü” yaşayır, amma “darının sovulan vaxtı” “Moskva göz yaşlarına …” baxmayacaq.