Kollektiv Təhlükəsəzlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarının keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən olunur. Belə iclaslar növbəli və ya növbədənkənar olur. Bir neçə gün bundan öncə, yəni oktyabrın 28-də KTMT-ya üzv olan dövlətlərin xarici işlər nazirlərini arasında məsləhətləşmələr, sonra isə Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans formatında növbədənkənar sessiyası keçirilib. Görüşdə üzv dövlətlərin rəhbərləri və Təşkilatın baş katibi Stanislav Zas da iştirak edib. Baş katib sentyabr 12-si və 14-ü aralığında Ermənistan Azərbaycan sərhəddində yaranmış gərginliyə görə Ermənistana göndərilmiş Missiyasının işi barədə məlumat verib. Paşinyanın dediyi kimi “təcavüz faktı təsdiqlənib”lə bağlı heç bir açıqlama verilməyib, ümumi olaraq tərəflərə məsələnin siyasi-diplomatik yolla həlli tövsiyyə olunub.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib ki, bu sessiya Ermənistanın təşəbbüsü ilə keçirildiyinə görə erməni rəhbərliyi xüsusi hazırlaşmışdı. Erməni cəmiyyəti də bu sessiyadan öz xeyirlərinə konkret nəticələr gözləyirdilər. Amma Ermənistanın bu dəfə də bəxti gətirmədi. Görüşdə çıxış edən Belarus Prezidenti Lukaşenko Ermənistan baş naziri Paşinyana üzünü tutaraq bildirdi ki, “bəlkə Azərbaycan Ermənistan üçün düşmən hesab edilir, lakin təşkilatın digər üzvləri üçün Azərbaycan nəinki düşmən, heç əleyhdar da deyil. Ermənistan kimi Azərbaycan da bu ölkələrin hamısı üçün doğmadır”.

“Lukaşenko Paşinyana ünvanlanmış məzəmmətini davam etdirərək “Ermənistan vaxt itirir və fikir ayrılıqlarını danışıqlar masası arxasında həll etmək əvəzinə başqa dövlətlərdən kömək almaq üçün yalvarır. Əks halda sizin özünüz üçün pis olacaq”- deyib” - deyə politoloq bildirib. Onun sözlərinə görə, Azərbaycan KTMT-ya üzv olmasada həmin təşkilatda nüfuzu Ermənistandan çoxdur və üzv dövlətlərlə geniş siyasi, iqtisadi, milli və mədəni əlaqələrə malikdir.
- Paşinyan bunu bildiyi halda, KTMT-dan Azərbaycana qarşı addım atması üçün növbədənkənar iclası niyə çağırır?
Politoloq qeyd edib ki, Paşinyan KTMT-nın iclasında alçaldılacağını və onun istəyinə uyğun qərar çıxarılmayacağını, əksinə Azərbaycana və onun Prezidenti İlham Əliyevə dəstək gələcəyini çox gözəl bilirdi. Sadəcə onun öz məqsədi var idi. O da Rusiyanı və KTMT-nı erməni cəmiyyətinin gözündə daha da nüfuzdan salmaq, ölkəsində olan ruspərəst qüvvələri zərərsizləşdirmək və onların tərəfdarlarına çatdırmaqdır ki, “Rusiya bizi artıq müdafiə etmir”. Bununla da Paşinyan qərbə daha çox meyillənmək üçün həm Qərbdən həm də cəmiyyətdən bununla bağlı dəstək almağa çalışacaq.
Noyabrın 23-də KTMT-nın keçiriləcək iclasına gəldikdə, politoloq təşkilatın vahid şəkildə Azərbaycanın əleyhinə bir qərar qəbul edəcəyini düşünmür.
“Birincisi, KTMT-da Azərbaycanı dəstəkləyənlər Ermənistanı dəstəkləyənlərdən çoxdur. İkincisi də, hələki iki ölkə bir-birilərinin sərhədlərini tanımır və bu sərhədlər şərtidir. Buna baxmayaraq Rusiya Ermənistan cəmiyyətində ölmüş nüfuzunu, ona olan ümidləri dirçəltmək, Qərbə meyilliyin qarşısını almaq məqsədi ilə bir birtərəfli açıqlama verə bilər” - deyə Yalçın Hacızadə əlavə edib.
İlahin, Bizimyol.info