Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tərtər işi”ndə cəzalandırılanlar haqqında hökm ləğv edildi
“Tərtər işi”ndə cəzalandırılanlar haqqında hökm ləğv edildi

“Tərtər hadisələri” üzrə cinayət işinin icraatı 2021-ci ilin dekabrında yenilənəndən sonra həbsdə olan şəxslərdən nisbətən yüngül maddələrlə məhkum edilmiş 26 nəfərə bəraət verildi. Dövlətə xəyanət və başqa ağır əməllərdə ittiham edilərək, uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərdən də 19-nun işinə yenidən baxılmasına qərar verildi.

Bizimtol.info xəbər verir ki, Baş Prokurorluğun ərizəsi əsasında sentyabrın 30-da Ali Məhkəmənin Plenumu 19 nəfərin işi üzrə vaxtilə Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin çıxardığı qərarları ləğv elədi. Bu məhkəmələr həmin şəxslər haqqında 10 ildən 20 ilə qədər həbs hökmlərini qüvvədə saxlamışdı.

Ali Məhkəmənin Plenumu qərar verdi ki, bu şəxslərin işlərini Gəncə Apellyasiya Məhkəməsi yenidən araşdırsın.

Sözügedən 19 nəfərin işi üç qrup şəklində apellyasiya instansiyasına göndərilib. Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrliyilə onlardan 11-nin işinə baxılıb. Qərar qəbul edilib ki, bu 11 nəfər haqqında 2018-ci ildə Tərtər Hərbi Məhkəməsində çıxarılmış hökmlər ləğv olunsun. Barəsindəki ittiham hökmü ləğv edilən 11 nəfər bunlardır: Rauf Orucov, Sultan Zeydullayev, Emin Adilzadə, Natiq Əliyev, Əlizamin Quliyev, Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Atabəy Rəhimov, Mirpaşa Mehdiyev və Faiq Əhmədov.

Məhkəmə onların işini yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərmək qərarı versə də, birinci instansiya məhkəməsi kimi Tərtər yox, Gəncə Hərbi Məhkəməsi seçilib. Hakimlər bunu işin ağırlığıyla izah edib.

Məhkəmədə vəkil Zabil Qəhrəmanov vəsatət qaldırıb ki, təqsirləndirilən şəxslər həbsdən buraxılsın. Vəkil bildirib ki, onların haqqında ittiham hökmü ləğv edilib. Ona görə də yeni hökm çıxarılana qədər bu şəxslər azadlıqda qala bilər. Müdafiəçi əlavə edib ki, onsuz da bu şəxslər təqsirli olmadıqları halda, 5 ildən çoxdur cəza çəkirlər.

Hakimlər vəsatəti təmin etməyib.

Vəkil həmçinin daha bir vəsatət verib ki, 11 nəfər haqqında istintaqı aparmış, ittiham hökmü çıxarmış şəxslərin cəzalandırılması üçün onların barəsində xüsusi qərar çıxarılsın. Lakin bu vəsatət də təmin edilməyib.

Salman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası isə 7 nəfərdən ibarət keçmiş hərbçilərin işinə baxıb. Bu məhkəmə kollegiyası da onların barəsindəki ittiham hökmünün ləğv olunması və işin təkrar araşdırma üçün birinci instansiya məhkəməsinə qaytarılması haqda qərar qəbul edib. Lakin 11 nəfərdən fərqli olaraq, bu 7 nəfərin işinə 2018-ci ildə onlar haqqında hökm çıxarmış Tərtər Hərbi Məhkəməsi yenidən baxacaq. “Tərtər işi” üzrə cəzalandırılan Emil Əliyevin işinə isə tək baxılıb. Onun haqqındakı hökm də ləğv edilib və işi təkrar araşdırma aparmaq üçün Gəncə Hərbi Məhkəməsinə qaytarılıb.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra həmin hadisələrdə işgəncə ilə öldürülən hərbçilərdən bir neçəsinə bəraət verilib. Bundan başqa, həkimlərin ölümünə səbəb kimi, sətəlcəm rəyi verdiyi leytenant Təmkin Nizamioğlunun məzarı açılıb, meyit ekskumasiya olunub. Meyitin üzərində işgəncə işləri aşkarlanıb və onun da Tərtər hadisələri zamanı işgəncə ilə qətlə yetirildiyi məlum olub.

Bundan başqa, həmin hadisələrdə hərbi qulluqçulara işgəncə veməyə görə çoxsaylı adamlar həbs olunub. Onların arasında general və polkovnik rütbəli şəxslər də var.

Tərtər işi üzrə ümumilikdə 400-dən çox adam zərərçəkmiş qismində tanınıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »