Rusiyanın teleməkanı Azərbaycanla bağlı təxribat xarakterli məlumatların yayımlanmasına davam edir. Ötən gün yenə həmin telekanalın efirində Azərbaycan əleyhinə süjet yayımlanıb. Belə ki, telekanal Bako Saakyanı “artsax”-ın 2007-2020-ci illər prezidenti kimi təqdim edib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət kanalları "Dağlıq Qarabağ Respublikası"nın xəritəsini göstərmişdi. Bundan az sonra Putin açıqlama verdi və onun fikirlərindən bəlli oldu ki, telekanallar nəinki onun razılığı ilə, hətta göstərişi ilə belə verilişlər verirlər. Putin öz çıxışında bildirmişdi ki, Ermənistan danışıqlarda "Dağlıq Qarabağ"la bağlı şərtlər irəli sürərsə, Rusiya hərəkət etməyə hazırdır. Azərbaycan isə nədənsə hələ də həmin kanalların ölkə ərazisində yayımını məhdudlaşdırmır.
Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya telekanallarının Azərbaycanla bağlı göstərmiş olduğu qərəzli mövqe və ümumiyyətlə Azərbaycana qarşı düşmənçilik mövqeyi ilk deyil,b u dəfələrlə olub. Azərbaycan telekanalları da eyni ilə onlara cavab verməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi, ölkəmizdə olan Rusiya səfirini çağıraraq, nota verməlidir. Rusiya Xarici İşlər Nazirliyinə bununla bağlı etiraz bildirilməlidir. O, qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycan telekanalları da eyni münasibətdə olmalıdır.

“Bunu xüsusən özəl kanallar etsə, daha yaxşı olar. Özəl kanallarda bizim çox yaxşı jurnalistlərimiz, aparıcılarımız, siyasi analitiklərimiz var və onlar çox yaxşı mövqe nümayiş etdirə bilərlər. Bununla yanaşı çox doğru olardı ki, həmin televiziyanın tezliyinin Azərbaycan da yayımlanması bir müddətlik bağlanılsın və ümumiyyətlə kəskin etirazlar bildirilsin. Belə məqamlarda mətbuat orqanlarına, televiziyalara və siyasətçilərə etirazlar olunmayanda onlar özlərində daha da cürət tapıb, daha da irəli gedirlər və bu kəskin, qərəzli mövqelərini artırırlar. Ona görə də mütləq şəkildə onlara cavab verilməlidir, bu bir mənalı olaraq belə olmalıdır. Oturub hansısa tapşırığı gözləmək lazım deyil”,- deyən politoloq hesab edir ki, bu kimi hallar dövlətlər arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq.
Ramiz Alıyev bildirib ki, Azərbaycan iş adamlarının böyük bir problemi ondan ibarətdir ki, xaricdə müəyyən yatırımlar edərkən, mətbuata və mediaya yatırımlar etməyiblər.
“Əslində biz görürük ki, Türkiyədə televiziyanın alınması və açılması Azərbaycan üçün necə faydalı oldu. Bu, çox yaxşı haldır. Məsələn, Türkiyədə “Haber Global” şirkəti var ki, Azərbaycanla bağlı Vətən müharibəsində dünyaya Azərbaycanın haqq səsini çatdırdı. Hər bir azərbaycanlı bu fikirlə razıdır ki, Azərbaycanın haqq səsini çatdıran qardaş ölkənin telekanalları ilə yanaşı, məhz rəhbərliyin Azərbaycan olması bu məsələni daha da artırdı. Məncə belə yatırımlar ermək lazımdır” - deyə politoloq qeyd edib.
Ramiz Alıyevin fikrincə, xarici ölkələrdə televiziyalar, mətbuat orqanları və media nümayəndələrini ələ almaq lazımdır.
“Diaspor təşkilatları var, bunu edə bilərlər, o gücə malikdirlər. Ancaq təəssüflər olsun ki, bunu etmirlər. Ermənistan tərəfdarı diaspor nümayəndələri ilk olaraq və çox yaxşı formada media sahəsini ələ keçiriblər və media sahəsi ilə yaxşı işlər qura bilirlər. Rusiyada bizim kifayət qədər böyük iş adamlarımız var. Maliyyəsi yüksək olan və biznes dövriyyəsi çox yüksək olan iş adamları var ki, onlar bunu edə bilərlər. Ancaq təəssüflər olsun ki, etmirlər və etmək də istəmirlər. Gələcəyi düşünmək lazımdır. Görürsünüz ki, erməni diasporu necə gücə sahibdir, necə yalan da olsa, şantaj da olsa dövlətlərin səlahiyyətli şəxslərini inandıra bilirlər. Amma bizim diaspor erməni diasporundan o qədər güclü deyil. Niyə? Çünki erməni diasporu uzun illərdir ki, diaspor fəaliyyəti ilə məşğuldur. Uzun müddətdir erməni diasporu müxtəlif ölkələrdə yerləşib, həmin ölkələrdə müəyyən orqanlarda mövqelər tutub. Həmin ölkələrin media nümayəndələrini ələ keçiriblər, həmin media subyektlərini psixoloji mənada ələ keçiriblər. Fikir verin, dünyanın nə qədər ölkəsinin nüfuzlu televiziyalarında, medialarında ermənilər çalışır. Böyük bir səlahiyyətə malikdirlər. Amma bizim xaricdə yaşayan iş adamlarımız, diaspor nümayəndələrimiz bunu etmirlər və bu da acınacaqlı bir vəziyyətdir”,- deyən politoloq qeyd edib ki, bu baxımdan vəziyyət çox acınacaqlıdır.
Xatırladaq ki, Vladimir Putinin 22 fevral 2022-ci il tarixində imzaladığı, Moskva bəyannaməsinin 1-ci bəndində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Görünən odur ki, yenə Vladimir Putin ikili münasibət sərgiləyir. Hətta dünən Soçi görüşündə də tam razılaşmaların baş tutmadığını dilə gətirən Putin, teleməkanda Azərbaycan əleyhinə materialların hazırlanmasına tapşırıq verməklə nə mesaj vermək istəyir?
İlahin, Bizimyol.info