Yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması olduqca önəmlidir. Bu istiqamətdə aidiyyəti qurumlar, Elm və Təhsil nazirliyi, Gənclər və İdman nazirliyi və s. mütəmadi olaraq işləyirlər. Eyni zamanda, bu istiqamətdə qeyri hökumət təşkilatları çox aktiv rol almaqdadırlar.
“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev fərmanı ilə Azərbaycanda vətəndaş cəmiyyətinə-qeyri-hökumət təşkilatlarına dəstək məqsədilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyi yaradıldı. Orada müşahidə şurasının üzvü olaraq mən də təhsil, elm, vətənpərvərlik məsələlərini əlaqələndirirəm. Bu səbəbdən deyə bilərəm ki, biz həm də bu istiqamətdə qeyri-hökumət təşkilatlarının kifayət qədər layihələrini maliyyələşdiririk. Əslində, gənc nəslin formalaşmasında strateji xəttlərdən biri də, çox mühüm istiqamətlərdən biri də onların milli dəyərlərə bağlılıq ruhunda, vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır”.
Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov danışıb. O, qeyd edib ki, məktəblərdə xüsusilə bu işə önəm verilir.

Orucov bildirib ki, əslində, qurumun maliyyələşdirdiyi layihələrin demək olar ki, böyük əksəriyyəti təhsil müəssisələrində reallaşan layihələrdir. Yəni, həm məktəb şagirdləri üçün, həm kollec tələbləri, həm ali təhsil müəssisələrinin tələbələri üçün bu kimi aksiyalar həyata keçirilir. Və agentlik mütəmadi olaraq bu kimi layihələrə dəstəyini ifadə edir. Azərbaycan Respublikasının Gənclər fondu bu istiqamətdə, gənclər təşkilatlarının layihələrini dəstəkləyir və kifayət qədər məktəblərdə bu istiqamətdə seminarlar, təlimlər, konfranslar reallaşdırılır.
“Təhsil müəssisələrində də bu istiqamətdə işin təşkili hesab edilən çox yüksək səviyyədə qurulub. Xüsusilə milli dəyərlərə bağlılıq, milli dəyərlərə sahib çıxmaq məqsədilə bizim dərsliklərimizdə kifayət qədər mövzular yer alıbdır. Əslində, bu işin təməli həm də, ümummilli lider Heydər Əliyevin zamanında qoyulubdur. Milli lider Gənclər siyasətini müəyyənləşdirərkən, ən birinci olaraq gənclərin milli dəyərlər ruhunda tərbiyə olunması önəmli hesab edərək, qanunda önəmli yer tutmasını bildirmişdi. O zaman ulu öndər bilirdi ki, bizim gənclər savadlı və vətənpərvər olmalıdırlar, milli dəyərlərə sahib çıxmalıdırlar.
Əslində, dövlətimizin gənclər siyasətinin ana xəttindən biri də məhz qeyd olunan istiqamətdədir. Bakı Dövlət Universitetinin 100 illik yubileyində cənab prezident çıxışında bu məsələyə toxunmuşdu. Bu çıxış, həm də bir tezisdir. Eyni zamanda o çıxış bütövlükdə, təhsil müəssisələri, təhsilə cavabdeh olan şəxslərin qarşısında həm də bir ciddi bir öhdəlik, böyük bir tapşırıq idi. Cənab prezident çıxışın böyük bir hissəsini gənclərin milli ruhda tərbiyə olunmasının önəminə həsr etmişdi. Bu da çox vacib məqam idi. Bundan sonra, Azərbaycanda gənclərin məhz milli mənlik şüurunun formalaşmasına, Azərbaycançılıq məfkurəsinin inkişafına, gənclərin vətənpərvər ruhunda tərbiyə olunması istiqamətində Təhsil Nazirliyinin üzərinə böyük vəzifələr qoydu” - deyən alim bildirir ki, Təhsil Nazirliyində də bu istiqamətdə çox ciddi işlər həyata keçirilməkdədir. Dərsliklərdə vətənpərvərlik, milli dəyərlər mövzuları öz əksini tapıb. Bu, gündəlik təhsil həyatının tərkib hissələrindən və gündəlik çalışmalardan biridir.
İlqar Orucov hesab edir ki, bu istiqamətdə ali təhsil müəssisələri də çox mühüm rol alır, üzərlərinə düşən ciddi işləri layiqincə yerinə yetirirlər.
“Azərbaycanı demokratik, inkişaf etmiş və iqtisadi cəhətdən qüvvətli ölkə kimi görmək istəyiriksə, Azərbaycanımızı, babalarımızdan bizə yadigar qalmış dəyərləri yaşaymağı da gənclərimizə tərbiyə etməliyik. Milli kökə, soya bağlılıq olmadan milli dövlətçiliyimizdən danışa bilmərik. Məhz bu istiqamətdə tərbiyənin nəticəsi idi ki, 30 illik torpaqlarımızın işğalına gənclər barışmadı. Şəhid olan gənclərimizin, hərbçilərimizin, qazi olan gənclərimizin yaş tərkibinə nəzər salanda görürük ki, onlar əslində, Qarabağ konfilikti başlamamış onlar dünyaya gəlib. Yəni, bu onu göstərir ki, ölkəmizdə bu istiqamətdə işlər yaxşı səviyyədə qurulub. Bu işlər davamlı olmalıdır” - deyə alim vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə xüsusilə aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti subyektləri bir olmalı, dövlət başçısının bu istiqamətdə olan çağırışlarını rəhbər tutmalı və davamlı şəkildə bu iş üzərində çalışmalıdırlar.
Alim xüsusilə qeyd edib ki, ölkəmizə qarşı təhdidlər var. Bu təhdidlərin mahiyyətində həm də o durur ki, gənclərimiz milli ruhdan və milli dəyərlərdən uzaqlaşsınlar. Buna isə, yol vermək olmaz.
“Mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Mütəmadi gənclərə bu istiqamətdə o hisslər aşılanmalıdır” - deyə İlqar Orucov əlavə edib.
İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.