Ukrayna kəşfiyyatı rusiyalı hərbçilərin növbəti səsyazısını paylaşıb. Yenə fərqli məsələlərdən danışılmır. Hərbçilər yaxınları ilə söhbətdə Rusiya ordusundakı şəraitdən gileylənir. Silah çatışmazlığı var. Onlar bu vəziyyətdə döyüşməyin mümkünsüz olduğunu dilə gətirir.
Bizimyol.info xəbər verir ki, səsyazılarından birində anası hərbçidən işlərin necə getdiyini soruşur. Kreml qoşunlarının üzvü deyir ki, yeməyə bir şey tapmırlar.
“Çox pis vəziyyətdəyik. Tankların qarşısına avtomatla çıxırıq. Tam bir ağılsızlıqdır. Nə qədər susuz, yeməksiz davam gətirmək olar?! Gölməçədın su içirik. Əlbəttə, gölməçə tapa bilsək... Komandirlər isə sərxoş gəzir. Təhlükə yaranan kimi qaçırlar. Onların (ukraynalıların) hər şeyi var, bizdə isə heç nə. Bəlkə bir həftə olar ki, tualetə getmirəm. Çünki qidalanmırıq. Çox qorxuludur”.
Rusiyalı hərbçi anasına danışır ki, onlkarın dəstəsində 100 nəfər olub, yalnız 2 döyüşçü sağ qalıb. Əvvəlcə qaçmağa cəhd göstəriblər. Amma onları ələ keçirərək geri qaytarıblar.
Rusiyalı hərbçi anasından xahiş edir ki, söhbətlərinin məzmunu barədə heç kimə danışmasın. Onun dediyinə görə, belə şikayətlənənləri sonradan həbsə göndərirlər.
Ukrayna kəşfiyyatının əvvəllər də ortaya çıxardığı səsyazılarında Kreml qoşunlarının nümayəndələri bərbad durumdan gileylənir. Silah çatışmazlığı, yemək tapılmaması, pis münasibət Rusiya ordusu üçün xarakterik haldır. Üstəlik, az qala hərbçilərin hamısı döyüşmək istəməməsini dilə gətirir. Qarşı tərəfin çox güclü olduğu deyilir. Açıq hiss olunur ki, hərbçilər müharibədə uduzacaqlarını yaxşı bilirlər, buna görə də ölümdən qaçmaq yolları haqda düşünürlər.
Sentyabrın 21-də Rusiyada səfərbərlik elan olunub. Müdafiə naziri Sergey Şoyqu planın artıq dolduğunu, 300 min ölkə vətəndaşının təlimlərə cəlb edildiyini bildirib. Bunların 80 min nəfəri müharibə zonasına göndərilib.
Ukrayna Müdafiə Nazirliyi düşmənin azı 72 min canlı qüvvəsinin məhv edildiyini açıqlayır. Kreml daha az itki verdiyini bəyan edir.
Aytən, Bizimyol.info