Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qiymətlər düzgün müəyyən edilməyəndə tarazlıq da olmur"
"Qiymətlər düzgün müəyyən edilməyəndə tarazlıq da olmur"

İqtisadiyyatda bütün qərarlar qiymətlərə baxılaraq verildiyinə görə, məhz iqtisadiyyatın ən kritik suallarından biri də qiymətlərin necə formalaşması ilə bağlıdır. Bu, Aristotelin dönəmindən bəri sorğulanır. Bəşəriyyət min illər ərzində müxtəlif modelləri sınadıqdan sonra belə bir qənaətə gəldi ki, qiymətlər bazar qaydaları tələb və təklifin bir-biri ilə uzlaşması nəticəsində formalaşmalıdır. Sərbəst bazarın mühim xüsusiyyətlərindən biri olan qiymətlərin düzgün müəyyənləşməsi üçün məhz rəqabətin təkmil qaydada aparılması təməl prinsiplərdən biri hesab olunur. Əgər iqtisadiyyatda təkmil rəqabət yoxdursa, əmtəənin qiyməti həmin malın dəyərindən bir qədər fərqlənirsə, bu o deməkdir ki, bazarda süni bir fəaliyyət mövcuddur.

“Bu zaman məhsulların qıtlığı müşahidə olunur, bundan əlavə satıcılar məhsulları bazardan çıxarıb piştaxtanın altında qara bazar qiymətinə satırlar. Əslində, o an formalaşan qara bazar qiyməti məhz göründüyündən fərqli olaraq, məhsulun real qiymətini ifadə edir. Qiymətlərin düzgün müəyyən edilmədiyi iqtisadiyyatda düzgün tarazlıq da qurmaq mümkün olmur”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pünhan Musayev danışıb. O, qeyd edib ki, ümumiyyətlə pandemiyadan sonra qlobal təchizat sisteminin nisbətən bərpa olunması o cümlədən tələbin birdən-birə artması, bundan başqa pandemiya, karantin dövrlərində yığılmış vəsaitlərin dövriyyəyə cəlb olunması, həmçinin təklifdə olan müəyyən durğunluq səbəbi ilə, dünya bazarlarında qiymətin artım meylləri müşahidə edildi.

Pünhan Musayev Pünhan Musayev

“Eyni zamanda cari ilin əvvəllərində, məhz Ukraynada başlayan müharibədə müəyyən qədər tədarük zəncirini sarsıtmaqla təklifin azalması müşahidə edildi. Bu da qiymətlərin artmasına səbəb oldu ki, bu vəziyyət bütün dünya miqyasında müşahidə olunmaqdadır.

Və qlobal dəyər zəncirinin həlqələrindən biri olan ölkəmiz də təbii ki, bu tendensiyadan yan keçmədi. Belə ki, bu ilin sentyabr ayından ötən ilin sentyabr ayına nəzərən cəmi məhsul və qiymətlər səbətinin qiyməti 15,6 faiz bahalanmışdır. Bahalanma daha çox qida məhsulları üzrə özünü göstərib. Bu ilin sentyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən qida məhsullarının ümumi dəyəri 22,5 faiz artmışdır. Sadə dildə ifadə etsək, bu o deməkdir ki, ötən il 100 manata aldığımız hansısa ərzaq səbətinin dəyəri bu ilin sentyabr ayında 122 manat 50 qəpik dəyərində ifadə olunmuşdur. Biz rəsmi statistik bazada ayrı-ayrı məhsul növləri üzrə də təsnifata diqqət yetirdikdə görmüş oluruq ki, həqiqətən də bahalanmalar ən çox əhalinin gündəlik təlabat malları və qida məhsulları üzrə qeydə alınıb” - deyə Musayev əlavə edib. O, bildirib ki, ən çox bahalanmaların müşahidə olunduğu məhsul növlərinə ət, süd, meyvə-tərəvəz, qənd, çay həmçinin müəyyən çeşiddən olan yağlar daxildir.

Bunun da başlıca səbəblərindən biri odur ki, xüsusən ət və ət məhsulları, süd və süd məhsulları həmçinin bitki yağları kimi məhsulların ölkəmizdə özünü təmin etmə səviyyəsi kifayət qədər aşağı vəziyyətdədir. Bu məhsullar əsasən xarici bazarlardan idxal olunur.

İqtisadçının fikrincə, əhalinin istehlak səbətində xüsusi mövqe tutan ət, süd, meyvə tərəvəz, çay, bitki və heyvan mənşəli yağlara rəsmi gömrük statistikasından diqqət yetirdikdə görürük ki, bu ilin yanvar sentyabr aylarında, ötən ilin eyni dövrünə nəzərən onların idxal həcmləri dəyişməsə də, idxal üçün sərf olunan vəsaitlərin miqdarı artmışdır.

“Misal üçün ötən ilin yanvar-sentyabr aylarında ölkəyə idxal olunan 28 min ton ət məhsulları üzrə idxal ödənişləri 48 milyon ABŞ dolları olmuşdusa, bu ilin yanvar sentyabr aylarında eyni həcm üzrə ödənilən vəsait 52 milyon dollara yaxın olmuşdur. Həmçinin süd məhsulları üzrə də oxşar tendensiya yaşanmaqdadır. Belə ki, ötən il ölkəyə idxal olunan 7 min ton həcmində südün idxalı üçün təxminən 10 milyon dollara yaxın ödəniş həyata keçirilmişdisə, bu il eyni həcm süd idxalı üçün 13 milyon dollara yaxın vəsaitin ödənişi baş tutmuşdur. Məhsulun həcm baxımından hər vahidi üzrə ölkəyə idxal dəyəri artmışdır. Təbii olaraq, bu da ölkədə infilyasiyanın artması, qida məhsullarının qiymətinin yüksəlməsinə şərait yaratmışdır” - deyə ekspert vuğulayıb.

İqtisadçı hesab edir ki, qiymət sabitliyinin əldə olunması baxımından pul siyasəti nəşrlərində qiymət sabitliyinin əsas lövbəri kimi məhz Azərbaycan manatının ABŞ dolları qarşısında sabit məzənnəsi qeyd olunur. Baxmayaraq ki, bu ilin müvafiq dövrü ərzində ölkənin ixracı artmış və idxalı üstələyərək həm xarici ticarət balansında, həm cari əməliyyatlar balansında ,həm yekunda tədiyyə balansında müəyyən bir profsit yaratsa da, biz daha öncəki müqayisələrlə gördük ki, ölkəyə idxal olunan məhsulların maya dəyəri artdığına görə ölkədə müəyyən bir infilyasiya zəmini yaradır.

Eyni zamanda ölkə iqtisadiyyatının əsas ötürücü kanallarından biri olan Azərbaycan manatının məzənnəsi də, xüsusən dünyada yüksək infilyasiya meylləri müşahidə olunduqda ölkə daxilində qiymət sabitliyinin təmin edilməsi baxmından müəyyən çətinliklərlə üzləşir.

Ekspertin fikrincə, buna da səbəb odur ki, Azərbaycan manatı dollarla birlikdə digər valyutalara nisbətən dəyər qazanmasına baxmayaraq, ölkə idxalı xüsusən dollarla həyata keçirildiyinə görə infilyasiya ilə mübarizədə bu mexanizm bir o qədər də effekt vermir.

“Misal üçün idxal hesablaşmaları üzrə həyata keçirilən ödənişlər sərbəst valyuta qismində avro ilə aparılsaydı, avronun il ərzində ABŞ dollarına - Azərbaycan manatına qarşı itirdiyi dəyər idxalda bizə müəyyən qədər valyutanın qalmasına şərait yaradardı. Yəni ötən il 100 avro dəyərə malik məhsul dəstini biz 198 manata idxal edirdiksə, bu gün bu rəqəm avronun ucuzlaşması ilə 165 manata qədər enmişdir. Lakin yenə də qeyd etdiyimiz kimi ölkə idxalında avronun payının az, xüsusi çəkili valyutanın isə dolların olması bizi belə bir üstünlükdən məhrum etməkdədir. Ümumilikdə, istər xarici ticarət balansı, o cümlədən valyuta məzənnəsi və maliyyə sabitliyi şəraitində belə qiymət sabitliyinin uzun müddətli təminatı üçün struktur problemlərin həll edilməsi, köklü islahatların aparılması olduqca vacib şərtdir. Bu struktur problemlər isə ölkədə kölgə iqtisadiyyatının mövcud səviyyəsi, əmək bazarında qeyri -leqal məşğulluğun həcmi, o cümlədən ölkəyə məhsul idxalı ilə əlaqədar ortaya çıxan gömrük problermləri və sairə biz aid edə bilərik”,- deyə Pünhan Musayev əlavə edib.

İqtisadçının fikirncə, qiymət mexanizmi və qiymətlərin öz təbii səviyyəsinə uyğun formalaşmasını təmin etmək üçün ilk növbədə ölkədə yerli istehsala dəstək vermək, ölkənin xarici ticarət mexanizmini arzuolunan vəziyyətə gətirmək, o cümlədən dünya təcrübəsində qiymət sabitliyi məqsədi ilə, uğurlu hesab edilən müəyyən mexanizmlərin həyata keçirilməsi, tətbiq olunması vacib şərtlərdən hesab oluna bilər.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »