Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğu ilə keçirilən "Global Marketing Summit 2022" tədbirinin ilk günündə Chiesi Avropa Orta Ölçülü Bazarları Bölgəsinin rəhbəri Filiz Balçay "Chiesi şirkətinin davamlılıq səyahəti" adlı mövzuda fərdi çıxış edib.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir yerə gətirərək “ulduz yağmuru” yaşadıb. Tədbirin ilk günündə keçirilən sessiyada Chiesi Avropa Orta Ölçülü Bazarları Bölgəsinin rəhbəri Filiz Balçayın "Chiesi şirkətinin davamlılıq səyahəti" adlı fərdi çıxışını təqdim edirik:
"İllərdir öyrədilən bir qayda var ki, müəssisələrin cəmiyyətdəki rolu müəssisə sahiblərinə gəlir gətirməkdir və bir şirkətin uğurlu olması da onun innovativ məhsullar istehsalını təmin etməsi ilə bağlıdır. Təbii ki, bu paradiqma cəmiyyətin və yeni nəslin tələbləri, gözləntiləri əsasında dəyişir. BlackRock təsisçisi Lary Fink-in məktubundan bir fikri bölüşmək istəyirəm: "Yeni bir idarə modelinə keçin və bütün tərəfdaşlar üçün dəyər yaradın". Bu yeni sistemə tərəfdaş kapitalizmi deyilir. Burada şirkət, əməkdaş, müştəri, tərəfdaş, tədarükçülər və cəmiyyət arasında ortaq maraq hədəflənir, bununla da şirkətlər inkişaf edir və böyüyür. Dəqiq bir hədəfinizin, uyğun strategiyanızın olması və davamlılığı əsas amil olaraq diqqətə almaq böyük önəm daşıyır.
Bu dəyişikliyə niyə ehtiyacımız var? Hazırda qlobal səviyyədə pandemiyanın həssas qruplar üzərindəki dağıdıcı təsirləri və ya hava kirliliyinin insan sağlamlığı üzərindəki mənfi təsirləri kimi böyük çətinliklər yaşayırıq. Dünya səhiyyə sistemi dünyanın karbon qazı emissiyalarının 4 faizinə səbəb olur, bu da aviasiya və nəqliyyat sektorlarından daha yüksək bir rəqəmdir. Bütün bu çətinliklərlə mübarizə üçün yeni baxış mövqeyi, yeni üsulların tətbiqi və yeni bir mentalitetə ehtiyacımız var. Biz də iş dəyərləri və sosial ehtiyacların mərkəzində ortaq dəyər mentalitetini qəbul etdik. Şirkətin uğurları cəmiyyətin inkişafı ilə əlaqəli olaraq nəzərə alınır.
Ənənəvi iş modelindən "dünyaya faydalı şirkət" modelinə keçid edirik və bu iş modeli çərçivəsində bütün tərəfdaşlara uzunmüddətli ortaq dəyər təqdim edirik.
Son olaraq Lary Fink-in fikirlərinə qeyd etmək istəyirəm: "biz bütün şirkətlərin bu dəyişiklikdən təsirlənəcəyini düşünürük. Artıq iqlim dəyişikliyi ilə mübarizə dövrünə keçid edirik". Burada cavablandırılmalı olan sual var: Biz bu dəyişikliyə hazırıqmı? Şirkət və korporativ mədəniyyətimiz də hazırdırmı? Və son sual: Siz bu dəyişikliyə liderlik edəcəksiniz yoxsa liderlərlik edənləri izləyəcəksiniz?"
Chiesi şirkəti və davamlılıq ilə bağlı keçirilən layihələr haqqında ətraflı məlumat verən Filiz Balçay, şirkətin hazırkı fəaliyyətinin planetə və cəmiyyətə göstərdiyi faydaları müxtəlif statistik göstəricilərlə təqdim edib.
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info