Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnsanın “məchulluğu” anlamaq üçün dinə ehtiyacı var"
"İnsanın “məchulluğu” anlamaq üçün dinə ehtiyacı var"

"İnsanın yer üzərinə göndərilməsindən sonra, onun bu məkanda yaşaması üçün müəyyən vasitələrə ehtiyacı hasil oldu. İlk başlarda bəlkə daha sadə yaşam tərzini meydana gətirən insan, bəşəriyyətin inkişafı ilə birlikdə yeni modellər kəşf etdi. Xüsusilə, şəhərləşmə həyatın bütün sahələrində yeni axtarışlara səbəb oldu. İnsan psixoloji, ictimai, ruhani bir varlıqdır. Onun yaşaması üçün stimullaşdırıcı amillərin olması vacibdir və gərəklidir. Yaşamın hansı meyarın üzərinə insa edilməsi, dünyaya gəlişi-mizin məram və məqsədi bizi minillərdir düşündürür. İnsanın mənəvi yönünün olması, bir şeyə inanmaq ehtiyacı hiss etməsi fitrətdən və daxildən gələn bir səsdir. Fitrət bu mənada insanın inam kodudur. O, inanmaq istəyir. Bu inam bəzən ulduza, aya, günəşə, insana, heyvana, daşa və s. də olur. Amma insan, eyni zamanda Allaha da inanır. Demək ki, insan övladının hər hansı bir şeyə inanmaq istəyinin olması onun daxilindən gələn səsin xaricə yansımasıdır. Burada əsas məsələ yaşam kodlarının doğru müəyyən edilməsi və doğru istiqamətləndirilməsidir".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Kırıkkale Universitetində İslami Elmlər Fakültəsinin müəllimi, professor Şahin Əhmədoğlu danışıb. O, qeyd edib ki, tarixi araşdırmalara görə, insanın din haqqındaki inancı, onun özünün tarixi qədər qədimdir. İnsanlıq tarixinin bütün dövrlərində inancla əlaqədar materialların mövcud olduğunu görmək mümkündür. Bununla birlikdə insan, varlığına, yaşamına, inancına, inandığı dəyərə məna vermək istəyir. Çünkü yaşadığı çağ, həyat çox vaxt hamının istədiyi kimi olmur. Həyatın təlatümlü gedişatı insanı müxtəlif çıxılmaz hallara da sala bilir. Bu vəziyyətdəki insan da yardımına gələcək birinin, bir dəyərin olmasını istəyər. Din də onun müraciət edəcəyi dəyərlərdən biridir.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“İnsanlığın yaşı qədər qədim olan din haqqında həm qərbdə, həm də şərqdə yüzlərlə tədqiqatlar mövcuddur. Ümumi olaraq bu tədqiqatlarda dinin kökləri, nə olduğu, dinin necə izah edildiyi və dinin insan yaşamına tətbiqi mövzuları müzakirə edilir. Dinin təməl prinsiplərini; ədalət, hürriyət, bir işə haqqı olanın o işlə təmin edilməsi (əmanətin əhlinə verilməsi), ağlın istifadə edilməsinə kömək, yaxşılıq etmək, pis işlərdən uzaq durmaq kimi xülasə edə bilərik.

"Din niyə var" sualının cavabına gəlincə; Din, insanın yaşamını, xüsusilə ictimai yaşam tərzini tənzim etmək, onu asanlaşdırmaq üçün vardır. İnsanın ən böyük problemlərindən biri olan “məchulluğun” anlaşılması üçün dinə ehtiyacı vardır” - deyir professor. O, hesab edir ki, İslam dini, insana görə biləcəyi bir işə baş qoşmasını istəyir və ona məsuliyyət yükləyir.

“Quran’da belə buyurulur: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.”(İsra 17/36)” - deyən Şahin Ədmədoğlu bildirir ki, Azərbaycanda dini maariflənmənin bir neçə tədris ocağında tətbiqi və kadr hazırlanması üçün kifayət qədər imkanın olmaması insanımızın arzuolunmaz təsirlərə məruz qalmasına səbəb olmaqdadır.

İnsan övladı fitri olaraq inanmaq ehtiyacı hissedir, fərqi yoxdur o nəyə inanır. Əsas odur ki “inanır”. Din haqqındakı məlumatları cəmiyyətə bu sahədə yetişmiş mütəxəssislərin vasitəsilə versək, yeni nəslin qorunmasında bu da öz təsirini göstərəcəkdir.

“Çünkü bizim ehtiyac içərisində olan birisinə əl uzatmamağımız, başqaları üçün çox yaxşı fürsətə çevrilir. Bu kimi mənfi hallardan qorunmaq üçün milli dəyərləri ön planda tutan dini maarifləndirmənin vaxtı gəlib çatmışdır. Elm insanının əsl məqsədi, cəmiyyəti aydınlatmaqdır. Necə ki, günəş bütün kainatı işıqlandırır və işiqlandırarkən kim yaxşıdır, kim pisdir deyə fərq qoymur. Elm insanı da belə olmalıdır. O, işıq saçmalıdır. Bu işıqdan da ehtiyacı olanlar bəhrələnməlidirlər. Mən inanıram ki, din sahəsində Azərbaycanın elmi potensialı olan mütəxəssisləri var. Bu mütəxəssislərdən yeni cəmiyyət quruculuğunda istifadə etmək zəruridir. Quran-i Kərim, “...bilənlərlə bilməyənlərin eyni olmadığını” (Zümər39/9) buyurur, “...elmli və ağıllı insanların...”(Bəqərə 2/ 269) da faydalı olduqlarını bizə xəbər verir” - deyə professor izah edir.

Professor bildirir ki, dinin insanlar arasında bir ünsiyyət vasitəsi olduğu qabarıq şəkildə izah edilməli, onun əsas və ali məqsədinin insanın həyatını nizama salmağı hədəflədiyi açıqlanmalıdır. Və ən əsası dinin insan xoşbəxtliyi üçün bir vasitə olduğu da diqqətdən kənarda qalmamalıdır.

“Din, eyni zamanda insan düşüncəsinin təkmilləşməsi üçün də vasitədir. Dinin tətbiq edildiyi məkan da yer üzüdür. Din də elə izah olunmalıdır ki, insanlar onun gerçəkdə necə olduğunu dərk edə bilsinlər. Bir zəruri məsələni burada qeyd etmək yerində olacaqdır. İnanmaq da hürriyəttir, inanmamaq da. Birini hər hansı bir inanca məcbur etmək həqiqi Dinin məntiqinə ziddir. Çünkü Quran-i Kərim-də“Dində məcburiyyət (zorakılıq) yoxdur…”(Bəqərə 2/256) buyurulur. Bu isə, insanın inancında sərbəst olduğuna işarədir” - deyə professor qeyd edir.

Şahin Əhmədoğlunun fikirncə, əgər insanlarımızı qorumaq, onların din adı altına maskalanmış və başqa yerlərdən idarə olunan təşkilatların təsirinə düşməməsini istəyiriksə, bunu mütləq etməliyik: "Yox, hələ vaxtı deyil, biz dünyəvi dövlətik deyəcəyiksə, inanın ki, bir neçə il sonra təkrar indiki vəziyyətə gəlib çıxacağıq və görəcəyik ki, yerimizdə sayırıq. Bu reallığın gözdən qaçmaması lazımdır. Yoxsa yeni nəslin bir hissəsini itirmək məcburiyyətində qalacağıq".

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »