Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranda "Azərbaycan" sözündən qorxurlar, "Bakı Cümhuriyyəti" deyirlər"
"İranda "Azərbaycan" sözündən qorxurlar, "Bakı Cümhuriyyəti" deyirlər"

İran niyə normal qonşuluq siyasəti yürüdə bilmir? Bu, artıq İranın bütün qonşularını maraqlandıran suala çevrilib. İran qonşu ölkələrlə ancaq təhdid dili ilə danışır.

Siyasi şərhçi, yazar Məhəmməd Rəhmanifər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın daxili və xarici siyasətlərini İranda olan etnik təbəqə təyin edir. “Azərbaycan öz istiqlaliyyətini qazandı. İranda bir çoxu deyirdi ki, “biz sərhədlərimizin dibində Azərbaycan adında bir ölkənin varlığını qəbul edə bilmərik”. Bu sözləri deyənlərdən biri Əkbər Gənci idi ki, o vaxt İranda çox məşhur və siyasət adamı idi. İndi ABŞ-da yaşayır. Belə davranışları biz hər zaman görmüşük, İran mediasını izlədikdə görmüşük. İranın daxili və xarici siyasətini, İranın etnik quruluşu təyin edir. Azərbaycana gəlib çatdığımızda da İran hər zaman Azərbaycanı özünə təhdid kimi görür. Azərbayca nə qədər desə də ki, “mən xoş niyyətli qonşuyam”, İran Azərbaycana inanmır, güvənmir. Hətta Azərbaycan heç bir iş görməsə belə, İran hər zaman bu təhlükəni hiss edir. Çünki, İranda milyonlarla Azərbaycan Türkü yaşamaqdadır” - deyə Rəhmanifər qeyd edib. Onun sözlərinə görə, digər səbəblərdən biri isə, İranda olan iqtidarın 100- ildən artıqdır ki, hakimiyyətdə olmasıdır. Burada ciddi şəkildə bir farsçılıq vardır. Bu farsçılıq türkə qarşı və ərəbə qarşı istiqamətlənibdir. Harda Türk, ərəb olsa, bu millətçilik, bu nasionalizm, sözdə “irançılıq-əslində farsçılıq” onlara qarşı durmaqdadır.

Məhəmməd Rəhmanifər Məhəmməd Rəhmanifər

İctimai fəal qeyd edir ki, bu davranış Türkiyədə də, Şimali Azərbaycanda da, İran sərhədləri daxilində yaşayan azərbaycanlılara qarşı da eynidir.

“Sərhədlərdə İran güya hərbi təlim aparır. Baxın, bunun üstündə nə qədər təbliğat aparılır. Sanki, Azərbaycana qarşı böyük bir əməliyyat aparır. Biz bunu həm Tehran mediasında, həm də Londondan yayım edən farsca BBC-də gördük. Güya İran İslam Respublikasının düşmənidirlər, ona qarşıdırlar. Amma bu hərbi təlimlər haqqında danışanda və yaxud yazanda eyni kəlmələrdən, eyni başlıqlardan istifadə edirlər. İran daxilində onlar böyük güc sayılırlar. Onların bu gün harada yaşaması fərq etmir. Onların hamısının ortaq məqsədi var. O da farsçılıqdır. İkincisi, Türkə və ərəbə düşmənçilikdir. Qasım Süleymanini İraqda ABŞ öldürdü. O zaman biz müşahidə etdik ki, İsran İslam Respublikasına qarşı mübarizə aparan, çevirmək istəyən bir çox adam Qasım Süleymaninin tərəfində oldu və başsağlığı mesajları verdi. Qasım Süleymani Xomeneyinin əsgəri idi. Qasım Süleymani İran İnqilab Keşikçiləri Ordusu - Sipah-i Pasdaran-i İnkılab-i İslami- İslam İnqilabı Keşikçiləri Ordusunun əsgəri idi. Təsəvvür edin ki, Molla rejiminə qarşı düşmən olan şəxslər Qasim Süleymaninin öldürülməsindən kədələnir. Biz bu zaman baş düşməliyik ki, bunlar farsçılıq və türk düşmənçiliyi adında siyasət aparırlar. Bu siyasət də bu gün molla rejimi, şah rejimi və s. bunlardan daha yüksəkdədir. Yəni əsas məqsəd farsçılıq, türk və ərəb düşmənçiliyidir. Bu da hər şeyə rəğmən onları birləşdirə bilir” - deyə yazar qeyd edib. Onun sözlərinə görə, İranın Azərbaycana qarşı xoş niyyətli qonşu ola bilməməsinin səbəblərindən biri də budur ki, İranmolla rejimi çalışır ki, onlara müxalifət olan farsçıları da, özündən razı salsın, onların ürəyini alsın. Ölkə daxilində nə qədər problemləri olursa, olsun İran türklərə qarşı bir davrnış nümayiş etdirdiyi zaman bunlar sevinir, razı qalırlar.

“İranda molla rejimindən çox, müxalifətdə olanlar danışan zaman heç Azərbaycanın adını da çəkmirlər. Tanınmış jurnalistlər, KİV-lər, televiziyalar Azərbaycan sözünü dilə gətirməkdən qorxurlar və çəkinirlər. Azərbaycandan söz açan zaman “Bakı Cümhuriyyəti” sözünü istifadə edirlər. Əslində Şimali Azərbaycanın bu gün İrana qarşı hərhansı bir addım atmasına ehtiyac yoxdur. İranın daxilində milyonlarla Cənubi Azərbaycan türkü yaşayır, bunları bu məsələ qorxudur. Onlar qorxur ki, bu azərbaycanlılar bir gün birləşər. Buna görə də, Azərbaycana hər zaman mənfi niyyətlə baxırlar” - deyə M. Rəhmanifər vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »