Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin valideynlərinə məktub yazanı tutublar
Putinin valideynlərinə məktub yazanı tutublar

Ukrayna Prezidenti Volodimir Zelenski son müsahibəsində deyir ki, dünya bir insanın öhdəsindən gələ bilmir, həmin adam hamını nüvə silahı ilə hədələyir. Rusiya dövlət başçısı Vladimir Putin sanki sərhədlər tanımır. Ölkə vətəndaşlarından biri çarəni ondan valideynlərinə şikayət etməkdə görüb. Qadını buna görə məhkəmə qarşısına çıxarıblar.

Bizimyol.info xəbər verir ki, 60 yaşlı İrina Tsıbaneva ev dustaqlığı cəzası alıb. Sankt-Peterburq sakini siyasi və ya ideoloji düşmənçilik əsasında dəfn yerinin təhqir edilməsi maddəsi ilə ittiham olunub. Tsıbaneva məsuliyyətə Putinin valideynlərinin məzarı üzərinə qoyduğu məktuba görə cəlb edilib. İrina dövlət başçısının anası və atasına övladlarını yanına götürməyi tövsiyə etmişdi. Rusiyalı kağızda Putinin özünü pis apardığını, parta yoldaşları ilə dalaşdığını yazmışdı. Buna görə Tsıbanevanı beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sankt-Peterburq sakini Serafimov qəbiristanlığına oktyabrın 6-da gedib. Vladimir və Mariya Putinlərin məzarlarını tapıb. Əvvəldən hazırladığı, dövlət başçısını “manyak” adlandırdığı məktubu ora qoyub.

Məsələdən hamıdan əvvəl qəbiristanlığın gözətçisi xəbər tutub. O, polisi dərhal məlumatlandırıb. Kamera görüntüləri “şikayətçi”nin kimliyini üzə çıxarıb. Oğlunun dediyinə görə, polis idarəsində anasını çox sorğu-suala tutublar, əldən salıblar. Gecəyə yaxın İrina Maksimə zəng vuraraq evlərində axtarış aparılacağını xəbər verib.

Tsıbaneva məktubu yazdığını boynundan atmayıb. DNT analizinin göstəriciləri də İrinanın müəllif olduğunu ortaya qoyub. Ekspertiza kağızında “Vladimir Putinin mənfi qiymətləndirilməsi” ifadəsi yer alıb.

İrinanın Putinin valideynlərinin məzarlarına necə yaxınlaşması təəccüblü görünür. Çünki həmin yerlər ciddi qorunur. İctimai fəal Anastasiya Filippovanın məzarların yanına plakat qoymasından sonra sentyabrın sonlarından nəzarət gücləndirilmişdi.

Tsıbaneva məhkəmədə Ukraynada dəhşət yaşandığını dilə gətirib. Məhkəmənin hələ ona rəhmi gəldiyini demək olmaz. Çünki qadın noyabrın 8-nə qədər ev dustaqlığında olacaq. Sonrası barədə bir söz demək olmur. Tsıbaneva bu müddətdə internetdən, telefondan istifadə edə bilməyəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »