Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada Ukrayna mahnılarına qulaq asanları həbs edirlər
Rusiyada Ukrayna mahnılarına qulaq asanları həbs edirlər

Rusiya cəmiyyəti Ukraynaya hücuma görə həm də repressiya dövrünü yaşayır. Qanunvericilikdə dəyişiklik edilib, hərbi əməliyyatları pisləyənlər cinayət məsuliyyətinə cəlb olunur. Rusiyada hətta Ukrayna mahnılarına qulaq asanları da həbs edirlər.

Bizimyol.info xəbər verir ki, Anton Usov 15 sutka inzibati həbs cəzası alıb. Moskvadakı Tver rayon məhkəməsi, üstəlik, onu 50 min rubl (təxminən 950-1000 dollar) cərimələyib. Usova Rusiya ordusunun diskreditasiyası və polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə cəza kəsilib.

Hüquq müdafiəçiləri əsl səbəbin başqa olduğunu qeyd edib. Bildirilir ki, Moskva sakini avtomobilində Ukrayna mahnılarına qulaq asdığına görə həbs olunub. Usov dərhal polis şöbəsinə aparılıb, orada iki protokol tərtib edilib.

Rusiya vətəndaşının himayəsində yetkinlik yaşına çatmamış dörd uşaq var. İnzibati həbs çəkəcəyi günlərdə Antonun övladlarına birlikdə yaşadığı qadın baxacaq.

Hüquq müdafiəçiləri Usovun Ukrayna mahnılarına görə cəzalandırılan yeganə rusiyalı olmadığını vurğulayır. Sentyabrda paytaxtda bir qadını mənzilində Ukrayna himninə qulaq asdığına görə saxlamışdılar. Polis şöbəsində onun barmaq izlərini götürmüşdülər. Amma protokol tərtib olunmamışdı.

Krım sakinləri bu səbəbdən daha çox cəzaya məruz qalıb. Hələ avqustda yarımadada diceyi “Dikoe pole” mahnısına görə həbs etmişdilər. Mahnını sifariş edən isə 50 min rublundan keçməli olmuşdu.

Sentyabrın ortalarında Krımda toy təşkilatçılarını məsuliyyətə cəlb etmişdilər. Altı təşkilatçı ilə yanaşı, “Çervona kalina” mahnısını oxuyanlar da cəzalanmışdı. Onların hər biri 15 sutka inzibati həbs cəzası yaşamalı, 40 min rubl ödəməli olmuşdu.

“Missis Krım” müsabiqəsinin qalibinə də rəhm olunmayıb. Olqa Valeyeva “Çervona kalina”ya görə 40 min rubl itirib. Onun rəfiqəsi isə 10 sutka inzibati həbs alıb.

“Çervona kalina” bizim dildə “qırmızı başınağacı” mənasını ifadə edir. Bu mahnı Ukrayna atıcılarının marşı kimi tanınır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »