Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bölgələrdə vəziyyət yaxşı olsa, vətəndaşlar Bakıya axın etməzlər"
"Bölgələrdə vəziyyət yaxşı olsa, vətəndaşlar Bakıya axın etməzlər"

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, Bakı-Sumqayıt qatarlarının sayı az deyil. "Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil. Sadəcə, sərnişinlərin sayı çoxdur". Bu açıqlama cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bəlkə nazir müavini fikirli idi, bəlkə də fikrini tam izah edə bilmədi. Bəlkə də demək istədiyi bu idi. Amma bir reallıq var ki, Cavid Qurbanovun “qatarlar az deyil, insanlar çoxdur” açıqlaması bir daha sübut etdi ki, Bakı boğulmaq üzrədir. Bəlkə də son nəfəsini verir. Bölgələrdən işsiz axını, bütün dövlət idarə və nazirliklərin, ali təhsil ocaqlarının Bakıda olması və üstəlik də Bakının cəzb etməsi bölgələrdən insan axınına səbəb olur. Bəs Azərbaycanda dəmiryolunun inkişafı hansı vəziyyətdədir?

Öncə onu qeyd edim ki, ilk dəmiryolu xətti 1880-ci ildə istifadəyə verilib. Bu uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmiryolu xətti idi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.

Azərbaycan Dəmiryollarının nizamnamə kapitalı 906 061 960 manatdır. Yolların istismar uzunluğu isə, 2 milyon 139 min 85 kilometrdir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dəmiryol şəbəkəsinin inkişafı çox önəmlidir. Bu gün dəmiryol şəbəkəsində yük və sərnişindaşımadan gələn gəlir ən çox qazanılan gəlir hesab edilir.

Elməddin Muradlı Elməddin Muradlı

Dəmiryol sistemi üçün vahid bir yol çəkilir və o yoldan başqa nəqliyyat vasitələri istifadə etmir. Bu səbəbdən də dəmiryolu ilə hərəkət daha təhlükəsiz və tez həyata keçirilir. Bu baxımdan Bakı kəndlərinə, Bakı ətrafı qəsəbələrə, Sumqayıta və digər ərazilərə dəmiryol xəttinin daha çox çəkilməsi və şəbəkənin inkişaf etdirilməsi vacibdir.

“Cavid Qurbanov dünənki açıqlamasında bildirir ki, qatarların sayı kifayət qədərdir. Sadəcə, sərnişinlərin sayı çoxdur. Bu, bir qədər yaxşı qarşılanmayan fikirdir. Nazir müavini tələsik və ya ötəri cavab verib. Amma məsələyə bir qədər ciddi yanaşmaq lazımdır. Reallığa nəzər salanda sərnişinlərin sayı həqiqətən çoxdur. Çünki vətəndaş nə ilə gəlirsə, gəlsin, gəlib yolda tıxacda ilişir. Ona görə də dəmir yoluna üstünlük verirlər.

Biz problemə süni, səthi yanaşmamalıyıq. Problemin kökü insanların rifah halı ilə bağlıdır. İnsanlar Sumqayıtda qalıb işləyə bilər. Əgər Sumqayıt sənaye şəhəri kimi inkişaf etmiş olsaydı, bu gün o qədər əhali Sumqayıtdan Bakıya gəlməzdi. Amma burada demoqrafik vəziyyət də öz sözünü deyir.

Məsələn Bakıda evləri plana düşən ailələr Masazır, Sulutəpə, Sumqayıtdan və ya Ceyranbatandan ev alırlar. Ancaq o insanlar köçdükləri ərazilərdə iş tapa bilmədikləri üçün yenidən Bakıda işləməyə məcbur qalırlar. Yəni insanların yaşadıqları ərazilərdə işləmək imkanları yoxdur. İnsanlar Şirvandan, Hacıqabuldan durub Bakıya gəlirlər. Qubadan, Xaçmazdan hər gün Bakıya işə gəlib gedən insanlar var”,- deyən ekspert bildirir ki, əslində bu məsələləri həll etmək lazımdır. Dəmiryollarında sərnişin çoxudrsa, qatarların sayını artırmaq lazımdır. İntervalı azaltmaq lazımdır ki, qatarlar daha tez-tez xəttə çıxsın.

“Qiyməti də elə də ucuz deyil ki, deyək dövlətə zərər verir. Mənim fikrimcə, rentabelldir və gəlirli sahədir. Olmasa belə, dövlət indiki vəziyyətdə gəlir gözləməməlidir. İndiki vəziyyətdə dövlət bu problemi aradan qaldırmaq üçün çalışmalıdır. Bu tıxacın, sıxlığın yollardakı bu dəhşətli problemin həllinə nail olmağın yolunu düşünmək lazımdır. İnsanlaırn sayı artdıqca, nəqliyyat vasitələrinin də sayı artmalıdır. Amma biz insanları ictimai nəqliyyata dəvət edib, sonra xidmət göstərə bilmiriksə, insanlar yenə avtomobilləşməyə qayıdacaq. Taksiyə minib gələcək, Sumqayıt yolunda tıxac yaradacaqlar.

İctimai nəqliyyata, dəmiryoluna maraq varsa, onları daha da stimullaşdırmaq lazımdır ki, ondan istifadə edilsin. Qatarların sayı azdırsa, artırmaq lazımdır. İntervalı azaltmaq lazımdır ki, tez-tez hərəkət olsun. Dəmiryolunun ərazisində parklanmanı pulsuz etmək lazımdır. Vətəndaşlar rahat şəkildə avtomobillərini dəmiryollarının dayanacağında saxlayıb, qatarla hərəkət edə bilsin”,- deyə ekspert qeyd edib.

Nəqliyyat eksperti Eldəniz Cəfər isə hesab edir ki, avtobus nəqliyyatından fərqli olaraq, dəmiryollarında daşınmaların həyata keçirilməsi və reqlament bir qədər fərqlidir. Dəmiryolu ilə daha çox sərnişin daşınması və intervalı azaltmaq üçün qatar alınması mümkündür, amma onların hamısı reysə buraxıla bilməz. Çünki texniki və təhlükəsizlik reqlamentlərinə əməl edilməlidir. Buna görə də qatarlar arasında müəyyən məsafələr, müəyyən intervallar olmalıdır.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Azərbaycanın ümumi əhalisinin yarısı demək olar ki, Bakıdadır. Bu da bölgələrdəki vəziyyətdən qaynaqlanır. Bölgələrdə vəziyyət yaxşı olsa, vətəndaşlar Bakıya axın etməzlər. Hər şey Bakıda cəmləşdiyinə görə, yaşayış binaları Bakıda tikildiyinə görə, dövlət idarələri, nazirliklər Bakıda olduğuna görə, biznes mərkəzləri Bakıda olduğuna görə, universitetlər Bakıda olduğuna görə bölgələrdəki vətəndaşlar Bakıya axın edir”,- deyən ekspert bildirib ki, bu axında sərnişindaşımanı idarə etmək çətindir.

Eldəniz Cəfər qeyd edir ki, dəmiryolunun ictimai nəqliyyat kimi məhsuldarlığını bu gün Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkətində görürük. Bu yolun açılması az da olsa ictimai nəqliyyatın yükünü öz üzərinə götürüb. Bu sürətli qatar təcrübəsini artırmaq lazımdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »