Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanı 700 min nəfərə yaxın vətəndaş tərk edib: Azərbaycana da gələnlər var
Rusiyanı 700 min nəfərə yaxın vətəndaş tərk edib: Azərbaycana da gələnlər var

Rusiyada səfərbərlik xeyli vətəndaşın ölkəni tərk etməsi ilə nəticələnib. Adı çağırış siyahısında olanların nəzərəçarpan hissəsi müharibəyə getmək istəmir. Onlar Rusiyanı tərk etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Quru qonşuları ilə sərhədlərdə ucu-bucağı görünməyən növbələr yaranıb. Rusiya vətəndaşları onlarla kilometr məsafəni piyada qət edir ki, ölkə sərhədləri hüdudlarından kənara çıxsın. Təyyarə biletlərinə onminlərlə dollar xərclənir.

Bizimyol.info xəbər verir ki, Kreml səfərbərlik elan edəndən ölkədən 700 min nəfərə yaxın vətəndaş gedib. Qərb mənbələrindən biri hətta sayın milyona çatdığını iddia edir. “Forbes” Rusiyanı 600-700 min nəfərin tərk etdiyinə əmindir. Məşhur jurnal hökumətdəki mənbədən məlumat aldığını bildirir.

Açıq mənbələrdə azı 300 min nəfərin getməsindən danışılır. Qazaxıstan 200 min nəfərdən bir az artıq rusiyalının təşrif buyurduğunu, amma onların əksərinin Orta Asiya dövlətini tranzit yol kimi istifadə etdiyini açıqlayıb. Burada təxminən 53 min rusiyalı qalıb. Qalanları Asiyanın dərinliklərinə üz tutub.

Gürcüstana səfərbərliyin ilk 8 günü ərzində 69 min rusiyalı gəlib. Bundan sonra da hər gün azı 6 min Rusiya vətəndaşı qəbul olunur.

Finlandiyaya oktyabrın 3-nə qədər 66 min rusiyalı gedib. Monqolustan sərhədini ilk həftədə 6268 şimallı adlayıb. Qırğızıstana isə 3526 rusiyalının üz tutduğu dəqiqdir.

Qərb mənbələri bildirir ki, Ermənistana, Tacikistana, Türkiyəyə, Özbəkistana, Misirə, Birləşmiş Ərəb Əmirliklərinə də Rusiyanın az vətəndaşı getməyib. Amma dəqiq statistika yoxdur. Elə Azərbaycan haqqında da belə yazılıb. Ölkəmizə neçə rusiyalının gəldiyi dəqiq bilinmir.

Rusiya Statistika Komitəsi ilin əvvəlindən bəri ölkəni 419 min vətəndaşın tərk etdiyini bildirir. Bu 2021-ci ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur. Səfərbərlik dönəmi ilə bağlı dəqiq rəqəmlər təqdim olunmur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »