Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblərdə zorakılıq halları niyə yaşanır...
Məktəblərdə zorakılıq halları niyə yaşanır...

Ötən gün sosial şəbəkələrdə Bakının Pirşağı qəsəbəsində 112 saylı orta məktəbində şagirdlər arasında olan şiddəti, zorakılığı əks etdirən bir video yayıldı. Videoda şagirdin biri digərini döyür, təpikləyirdi. Digər uşaqlar isə, sadəcə tamaşaçı kimi mövqe tutmuşdu. Məktəb açıqlamasında bildirib ki, videonu çəkən şagird məktəbə iki telefon gətiribmiş. Biri ondan alınıb, digərini isə, özündə saxlayıb və videonu çəkib. Açıqlamadan bu fikir ortaya çıxır: "video çəkilməsə problem yoxdur, belə hallar normaldır"...

  • Bəs məktəblərdə uşaqların bullinqə məruz qalmasının səbəbi nədir?

Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər poryalına açıqlamasında bildirib ki, bu gün ailədaxili münasibətlərin problemli olması, ailə və məktəb birliyinin yaradıla bilməməsi, ailə ilə məktəbin və uşağın üçbucaq münasibətlərinin yarana bilməməsi bu problemlərə gətirib çıxarır.

Psixoloq deyib ki, bullinqi edən uşaqların adətən valideynlərdən biri ya başqasına bullinq edib, ya da bullinqə məruz qalıb. Yəni şiddətə meyllilik, zorakılıq ya görülən təqlid edilən, ya da özünə olunan bir vəziyyətdir. Yəni bir uşaq şiddət edirsə, mütləq o ya özünə qarşı şiddəti görüb, ya da başqasına qarşı şiddətin edilməsinə şahid olub.

Psixoloq bildirib ki, bunun üçün psixoloqalrın mütəmadi olaraq təlimlərin və məktəblərdə maarifləndirici seminarların keçirilməsi vacibdir. Məktəb psixoloqlarının bu risk qrupuna aid olan uşaqlarla qrup terapiyası aparması lazımdır. Bunun üçün ona şərait yaradılmalıdır. Onun sözlərinə görə, uşaqlara əvvəlcə zorakılığın nə olduğu və ondan necə qorunmağı öyrətmək lazımdır.

“Məsələn oğlan uşağına izah etməlisən ki, bədəninin müəyyən üzvləri intimdir. Xala-bibi, müəllim tərbiyəçi və s. kimsə sənə toxuna bilməz. Yalnız həkim toxuna bilər.

Valideyn uşağının dostlarını tanımalıdır. Yeniyetməlik dövründə daha diqqətli olmaq lazımdır. Çünki bu dövr uşağın ailədən qırıldığı dövrdür. Uşaq ailədən qırıldığı üçün referant qruplarda xoşbəxtlik tapır. Valideynlər uşaqlarının hansı referant qrupda olduğunu bilsələr, zorakılığın qarşısını ala bilərlər” - deyə psixoloq bildirib. Onun sözlərinə görə, bu gün daha çox qızlara zorakılıq edildiyi düşünülsə də, kifayət qədər yeniyetmə oğlan praktoloqlara müraciət edirlər. Onlar qorxur ki, cəmiyyət onlara “Sən kişi deyilsən”, “Sən təmiz deyilsən” deyərlər.

Psixoloq vurğulayıb ki, insanlar yetərli faktlarla müraciət edirlər: “Bu gün məktəblərdə dəhşətli intim proseslər gedir, zorakılıq halları baş verir. Sadəcə, övladlarınızı yetərli qədər maarifləndirin. Bu gün qızların terapiya zamanı bizə dediyi budur: “Biz anamızla danışa bilmirik. Danışsam, məni təhdid edəcək, atama deyəcək. Anamızla rəfiqə ola bilmirik”. Övladı ilə rəfiqə ola bilməyən insan övladı ilə münasibətdə 1-0 uduzmuş olur”.

Zeynəb Əyyubova bildirib ki, uşaqlarda iştah kəsilməsi, gecə ağlamaları və kabusları, qusma, qaytarma, əsəb gərginliyi, özünə qapanma, səbəbsiz ağlamalar varsa, artıq bu vəziyyət valideyn üçün həyəcan siqnalı olmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »