Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdəki zavod rəhbərinin məhkəməsində qalmaqal: "Adam öz şərəfini, mənliyini qoruyar”
Həbsdəki zavod rəhbərinin məhkəməsində qalmaqal: "Adam öz şərəfini, mənliyini qoruyar”

"Baku Steel Company” MMC - poladəritmə zavodunun keçmiş rəhbəri, 185 milyon manatlıq mənimsəmə ittihamıyla hazırda həbsdə olan Rasim Məmmədovun məhkəməsi davam edir. 20 aydır həbsdə olan Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, oktyabrın 3-də məhkəmədə Rasim Məmmədovun məktəb yoldaşı və dostu, eyni zamanda “Baku Steel Company”də birinci müavini olmuş Çingiz Həsənov şahid qismində dindirilib. Dindirmə zamanı dostlar arasında mübahisə yaranıb, onlar bir-birini ittiham ediblər.

Çingiz Məmmədov "Baku Steel Company"yə gələn pulların bir hissəsinin qeyri-rəsmi şəkildə Rasim Məmmədova verildiyini deyərək, şirkətin kassasındakı 13 milyonluq kəsirə görə onu ittiham edib: "Şirkətin kassasında 13 milyon borc yaranmışdı. Şirkətə gələn pulların bir hissəsi zavodun xərclərinə, maaşlara, metal alınmasına gedirdi. Bir hissəsi də Rasim Məmmədovun özünə verilirdi. Rasim Məmmədov faktiki idarəçi idi, ona deyilmədən heç bir əməliyyat aparılmırdı. 50 dəfə demişdim ki, 13 milyon kəsiri bağla, başımız ağrıyacaq”.

O bildirib ki, Rasim Məmmədova verilən pullar başqa zavodların, evlərin alınmasına sərf olunub.

Rasim Məmmədov isə dostunu həqiqəti deməməkdə ittiham edib. Hətta danışıq tərzinə görə də ona irad tutub: "Sən mənimlə belə danışa bilməzdin. Sən də yaxşı bilirsən ki, mənim adımla gedən pulların hamısı mənə çatmayıb. Pul hara lazımdırsa, hər ay ora göndərilib. Gedib çatandan sonra zəng gəlirdi ki, “çatdı”. Mən də ondan sonra öz qeyd dəftərimdə qeydiyyat aparırdım ki, bu qədər filankəsə getdi”.

Rasim Məmmədov bildirib ki, onun adına yazılan pullar əslində başqa yerə gedib. Sadəcə, o adamın adını açıqlaya bilmirlər: “Düzdür, mənim tapşırığımla gedib. Amma mən götürməmişəm o pulları. Hara getdiyini, o adamın adını sən də bilirsən, mən də. Sənin yanında mənə zəng gəlirdi ki, “aldım”, mən də qeyd edirdim ki, bu qədər verildi. Mən səni dost bilmişəm, belə görünür ki, biz heç vaxt dost olmamışıq”.

Çingiz Həsənov da ona sərt cavab verib: “Adam öz şərəfini, mənliyini qoruyar. Dost olsaydın, qoymazdın ki, nə özün bura düşəsən, nə də dostların. Kimə vermisənsə, de, gətirib qaytarsın...”

Rasim Məmmədovun ona cavabı belə olub:

"O elə bir səviyyədədir ki, ona bu sözü deyə bilmirəm”.

Çingiz Həsənov ifadəsində onu da bildirib ki, Rasim Məmmədov üç şirkət yaradıb, onlara “Baku Steel Company”nin armaturları endirimli qiymətlərlə satılıb. Həmin şirkətlər daha ucuz alıb, malı daha baha satıblar.

Rasim Məmmədova verilən ittihamlardan biri də məhz bununla bağlıdır. Cinayət işində iddia olunur ki, o, öz şirkətlərinə armaturu daha ucuz qiymətə verməklə “Baku Steel Company”ə ziyan vurub.

Çingiz Həsənovun sözlərinə görə, Rasim Məmmədovun ofşor şirkətləri olub, onların vasitəsilə xarici ölkələrə satış həyata keçirib.

O da üzə çıxıb ki, Rasim Məmmədovun Türkiyədə də evləri var.

"Mənim səhvim onda olub ki, pis gündə olan zavodları alıb inkişaf etdirmişəm. Gərək qoyaydım, Əmlak Komitəsi necə pis günə qoymuşdusa, elə də qalsın. Mənə “çox sağ ol” deməkdən hələ bir ittiham edirlər. Kimin malını mənimsəmişəm? O zavod mənim olub. Hörmətli hakimlər, bu məsələni çox uzatmayaq, bunun axırını siz də bilirsiz, mən də. 10 il vermək lazımdırsa, verin, qurtaraq bu söhbəti”, - Rasim Məmmədov əlavə edib.

46 yaşlı Rasim Məmmədov 2021-ci il yanvarın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulub. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Ona qarşı.Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »