Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan özünü ərzaq qıtlığından necə qoruyacaq?
Azərbaycan özünü ərzaq qıtlığından necə qoruyacaq?

Ərzaq təhlükəsizliyinə qarşı təhdid 2018-ci ildən bəri artmaqdadır. Ukraynadakı müharibə ilə vəziyyət daha da dramatikləşdi. Bu, ərzaq və gübrələrin qiymətlərini bahalaşdırdı, idxalçılara zərər verdi və bir neçə ölkəni ixrac məhdudiyyətləri tətbiq etməyə sövq etdi. Beynəlxalq Valyuta Fonduna görə proses hazırda 345 milyon insanın dolanışıq və həyatlarını təhlükə altına atır.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, qida şokunun təsiri hər yerdə hiss olunur. Risk qida baxımından Rusiya və Ukraynadan asılı olan 50-yə yaxın ölkədə daha çox hiss olunur. Onların təxminən yarısı isə ağır iqtisadi problemlər, zəif institutlar və kövrəklik səbəbindən xüsusilə həssasdır. Bir çox yerlərdə ərzaq qiymətləri son zirvələrdən bir qədər aşağı düşsə də, hələ də yüksək ərzaq və enerji qiymətləri yoxsulluğu artıra və böyüməyə mənfi təsir göstərərək, potensial olaraq siyasi qeyri-sabitliyə təkan verə biləcək yaşayış xərcləri böhranını artırıb.

Pünhan Musayev Pünhan Musayev

“Nəticədə, bir çox ölkələrdə siyasətçilər insanları mövcud ərzaq böhranından qorumaq üçün fiskal tədbirlər tətbiq etdilər. BVF təkcə bu il üçün ərzaq təhlükələrinə məruz qalmış ölkələrin 7 milyard dollara qədər ehtiyacı olduğunu təxmin edir”,- deyə iqtisadçı əlavə edib. Onun sözlərinə görə, fond həmçinin vəziyyətdən çıxış yolu kimi səmərəli daxili maliyyə tədbirləri ilə yanaşı 4 istiqaməti xüsusi təsnifləşdirir. Bura, Ümumdünya Ərzaq Proqramı və digər təşkilatların humanitar yardımı vasitəsilə ərzaq təhlükəsizliyinə həssas olan insanlara sürətlə və adekvat şəkildə dəstək olmaq, ərzağın izafi ərazilərdən ehtiyacı olanlara axmasına imkan vermək üçün regionlar da daxil olmaqla açıq ticarətin saxlanması – ixrac qadağalarının aradan qaldırılması, gübrələrə adekvat çıxışın təmin edilməsi və məhsulun şaxələndirilməsi də daxil olmaqla, ərzaq istehsalının artırılması və paylanmasının yaxşılaşdırılması və iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoymaq daxildir. Bundan başqa, qurum həmçinin Ümumdünya Ərzaq Proqramı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı kimi ixtisaslaşmış vahidlərində maliyyələşdirilməsini xüsusi tövsiyyə edir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin rəsmi ərzaq balansı məlumatlarına əsasən 2021-ci il üzrə respublikamızın özünütəminetmə səviyyəsi baxımından ən həssas məhsullar aşağıdakılardır:

  • Təmizlənmiş düyü – 17.7 faiz,
  • Yarma – 45.1 faiz,
  • Suxarı və peçenye, uzun müddət saxlanan qənnadı məmulatları – 39.2 faiz,
  • Kakao şokolad və şəkərli qənnadı məmulatları – 34.2 faiz,
  • Makaron məmulatları – 47.2 faiz,
  • Kərə yağı – 66.7 faiz,
  • Buğda – 61.5 faiz,
  • Şəkər istehsalı üçün xammal – 5.5 faiz,
  • Bitki yağları – 73.2 faiz.

İqtisadçı bildirir ki, bu məhsul növlərinin əksəriyyəti xüsusən daha çox Rusiyadan idxal olunur ki, hələ Ukraynadakı müharibədən əvvəl iqlim sarsıntıları, pandemiyanın təsiri, Rusiyanın bəzi məhsul növlərinin ixracına tətbiq etdiyi məhdudiyyətlər risk faktorunu artıran amillərdən idi.

“Kənar şokların təsirindən maksimum qorunmaq üçün uzunmüddətli dövr strategiyası kimi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından idxal ölkələrinin diversifikasiyasının genişləndirilməsi, işğaldan azad olunan ərazilərin potensialından istifadə edərək yerli istehsalı maksimum artırmaq, beynəlxalq müstəvidə mövcud olan azad ticarət sazişlərinə qoşulmaq kimi çıxış yollarından faydalanmaq olar”,- deyə Pünhan Musayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »