Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bal yarmarkası: "Bu balın kiloqramını ermənilər 216 avroya satırdı" - Fotolar
Bal yarmarkası: "Bu balın kiloqramını ermənilər 216 avroya satırdı" - Fotolar

Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında açılan növbəti “Kənddən şəhərə” adlı bal yarmarkasında müxtəlif regionlardan gəlmiş arıçılar iştirak edirlər. Özləri ilə gətirdikləri məhsullarını yarmarkada sərgiləyən arıçılar ötən ilə nisbətdə bu il daha az satış olduğundan, müştəri azlığından narazıdırlar:

“Ötən il günortaya qədər iki min manatlıq məhsul satırdım. Ancaq bu il gün ərzində ümumi olaraq 350 manatlıq məhsul sata bilmişəm. Bahalıq insanlara o qədər təsir edib ki, çoxları bal almağa maraq göstərmir, düşünürlər ki, bala verəcəkləri pulu daha önəmli şeylərə xərcləyə bilərlər.Ona görə də daha əvvəlki kimi bal məhsullarına maraq qalmayıb. Əlbəttə, müəyyən müştəriləri olan arıçılar başqa. Onlar məhsullarını bazara çıxarırlar və tanındıqlarına, müştərilərinin çoxluğuna görə məhsullarının hamısını sata bilirlər” – deyə, yarmarkada iştirak edənlərdən biri bildirib.

Bal yarmarkası, müəllif: Mətin Şükürlü Bal yarmarkası, müəllif: Mətin Şükürlü

Bu il bal yarmarkasında həm dadına, həm də qiymətinə görə diqqətçəkən məhsul Kəlbəcər balı hesab olunur. Bu bala satıcılar “ətirli bal” da deyirlər. Əsasən, kəklikotu və çobanyastığı qoxan bu balın qiyməti 40-45 manat arasında dəyişir. Bu balın satışı ilə məşğul olan arıçı bildirir ki, Kəlbəcər balını hələ torpaqlarımız işğal altında olan zaman ermənilər Fransaya aparıb, orada kiloqramını 216 avrodan satırdılar: “Kəlbəcər balı bazara bu il daha çox çıxarılıb, ötən il az idi. Bu il Kəlbəcərə 60 min arı ailəsi aparılıb, tonlarla məhsul əldə edilib. Kəlbəcər balı ətrinə görə çeşidlənir. Məsələn, kəklikotunun və çobanyastığının qoxusunu, tamını verən növləri var. Qismət olsa, növbəti il yarmarkaya Laçın balı gətirməyi düşünürəm, onun kiloqramını 50 manatdan satacağam. Ümumiyyətlə, bizdə bala verilən qiymət çox aşağıdır. Kəlbəcər işğal altında olan zaman ermənilər bu bölgənin balını Fransaya aparıb, kiloqramını 216 avrodan satırdılar”.

Bal yarmarkası, müəllif: Mətin Şükürlü Bal yarmarkası, müəllif: Mətin Şükürlü

Masallı, Quba, Qusar, Qəbələ, Şəki Balakən, Zaqatala və bəzi aran rayonlarından müxtəlif dadda, qoxuda bir-birindən fərqli bal çeşidləri satışa çıxarılıb.  Ancaq yarmarkada Naxçıvan balınının satıcıları bir-iki nəfərdən çox gözə dəyməsə də, bu regionun məhsuluna ciddi tələbat var. Satıcılardan biri bildirir ki, Naxçıvan balının burada öz daimi müştəriləri var və hər zaman olduğu kimi, bu dəfə də bu bal həm yarmarkada, həm də elə bal bazarında öz birinciliyini qoruyur:

Bal yarmarkası, müəllif: Mətin Şükürlü Bal yarmarkası, müəllif: Mətin Şükürlü

“Məhsullarımız əsasən Şahbuz və Ordubad ballarıdır. Şahbuzun “Batabat” meşəsinə aparılan yüzlərlə arı ailəsi bu il çox yaxşı məhsul verib. Kiloqramı 35 manatdan başlayır və əsasən Bakıda yaşayan naxçıvanlılar bu bala daha çox diqqət göstərirlər. Özümüzün müştərilərimiz var və nə vaxt ki, yarmarka açılır, gəlib alırlar, hələ əlimizdə məhsulla geri döndüyümüz olmayıb” – deyə, Naxçıvan balını satan arıçı bildirib.

Bal yarmarkası, müəllif: Mətin Şükürlü Bal yarmarkası, müəllif: Mətin Şükürlü

Yarmarkanın təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyindən də bəzi arıçıların şikayəti var. Onlar bildirirlər ki, ekspertiza məqsədilə götürülən 10-15 kiloqramlıq bal çəlləklərinin üzərindən 4-5 kq bal götürülür, həmin çəlləklər natamam şəkildə özlərinə qaytarılır:

Bal yarmarkası, müəllif: Mətin Şükürlü Bal yarmarkası, müəllif: Mətin Şükürlü

“Yarmarkaya gətirməmişdən öncə bu məhsulları təmizliyinin yoxlanılmasından ötrü ekspertizadan keçiririk. Bu, məcburidir və təbii ki, elə də olmalıdır. Ancaq məsələ ondadır ki, yoxlanılsın deyə verdiyimiz bal çəlləklərinin üzərindən 4-5 kq bal götürülür, hətta bəzən yarısına kimi o çəlləyi boşaldıb, qaytarırlar. Yer haqqı olaraq da 150 manat pul vermişik, ancaq satış getmir. Burada arıçılar yox, yarmarkanı təşkil edənlər qazanclı çıxır, yerhaqqı çoxdur, çəlləklərimizdəki ballar da “ekspertiza” adı ilə yarısına kimi boşaldılır”.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »