Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı müavininin qızına və qayınanasına 82 bıçağı kim və niyə vurub?
İcra başçısı müavininin qızına və qayınanasına 82 bıçağı kim və niyə vurub?

1999-2015-ci illərdə Cəlilabad rayonunda icra başçısının müavini olmuş Asif Əzizovun qızı, 15 yaşlı Aygün Əzizovanın ana nənəsi Rəhilə Cəlilova ilə birlikdə yaşadıqları evdə qətlə yetirilmələrilə bağlı cinayətin üstü 18 il sonra açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 2004-cü ildə baş vermiş bu qanlı hadisə ilə bağlı məhkəmə araşdırmaları başlayıb.

Bizimyol.info xəbər verir ki, məhkəmə qarşısına iki nəfər çıxarılıb – Anar Ağalarov və Fərid Məmmədli. 1984-cü il təvəllüdlü bu şəxslər xalaoğludur. Nənə və nəvənin qətlinə görə müttəhimlər kürsüsündə iki nəfər əyləşsə də, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı üç nəfərdir. Onlardan biri – Teymur Məmmədov hadisədən ötən 18 il ərzində vəfat edib. Teymur Məmmədov hazırda məhkəmə qarşısında dayananlardan Fərid Məmmədlinin qardaşıdır.

1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və 1989-cu il təvəllüdlü Aygün Əzizova Bakının Yasamal rayonu ərazisində yaşadıqları evdə öldürülüb.

Məhkəmə prosesində zərərçəkmişin hüquqi varisi qismində Asif Əzizov iştirak edib. O bildirib ki, təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini istəyir. Buna görə özü və yaxınları müxtəlif dövlət orqanlarına ərizələr yazıblar.

Prokuror da bildirib ki, Əzizov soyadlı şəxslər adından müxtəlif dövlət orqanlarına göndərilən müraciətlər aidiyyəti üzrə prokurorluğa yönəldilib və iş materiallarına əlavə olunub.

Məhkəmədə ifadə verən Anar Ağalarov özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə ittiham aktında yazıldığı formada baş verməyib. Onun sözlərinə görə, hadisə baş verəndə 19 yaşı vardı, İncəsənət Universitetinin ikinci kursunda təhsil alırdı.

Anar Ağalarov deyir ki, mərhum xalası oğlu Teymur Rəhilə Cəlilovanın evindən oğurluq eləməyi təklif edib. Çünki o evdə pul olduğunu bilirdi: “Teymur dəfələrlə Rəhilə Cəlilovanın evində olmuşdu. Nənəmiz Rəhiləni tanıyırdı. Lazım olanda ondan pul alırdı. Sonra düzəldib qaytarırdı. Lazım olanda Teymuru göndərirdi pul üçün. Teymur da gedib gətirib verirdi. Bu səbəbdən Teymur Rəhilə Cəlilovanın evində pul olduğunu dəqiq bilirdi”.

Onun sözlərinə görə, xalası oğlu hadisə vaxtı ona qapıda dayanmağı, gəlib-gedənə nəzarət etməyi tapşırıb: “Mən qapıda dayandım, Teymur yoxlamaq üçün qapını döydü ki, görək evdə kimsə var, yoxsa yox. İçəridən səs gəldi, Teymur kim olduğunu dedi, ondan sonra qadın qapını açdı. Mən qapıda dayandım, Teymur içəri girdi. Ondan sonra məlum hadisəni törətdi”.

Anar Ağalarovun sözlərinə görə, qadını da, səsə çıxan uşağı da Teymur Məmmədov bıçaqla vurub: “Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Biz əvvəlcədən qətl yox, oğurluq planlaşdırmışdıq. Evdə heç kim olmasaydı, oğurluq eləyəcəkdik. Buna görə də qapını döydük. Ev sahibi qarşımıza çıxdı. Mənə məlum deyil ki, Teymur niyə qətl hadisəsini törətdi. Teymurda bıçaq olduğunu bilirdim. Çünki o, həmişə üstündə bıçaq gəzdirirdi. Amma məndə bıçaq olmayıb. Biz evdə uşağın olduğunu bilməmişik. O qız uşağını da Teymur bıçaqla vurdu”.

Anar Ağalarov onu da bildirib ki, hazırda onunla birlikdə mühakimə olunan xalası oğlu Fərid Məmmədli ümumiyyətlə, hadisə yerində olmayıb: “Fərid bizim yanımızda olmayıb. Teymurla Fərid qardaş olduğu üçün onların qan qrupları da eynidir. Qan qrupuna görə Fəridi də tutublar”.

O, əlavə edib ki, hadisə vaxtı qətlin qarşısını almaq imkanı olmayıb. Onun sözlərinə görə, Teymur Məmmədov həmin vaxt davranış baxımından tanınmaz olmuşdu: “Elə vəziyyətdə idi ki, qarşısına keçsəydim, bəlkə məni də öldürə bilərdi. Teymuru tanımaq olmurdu. Onları bıçaqla vurduqca, mənim də üstümə qışqırırdı. Rəhiləni dəhlizdə vurdu. Uşaq səs-küyə gəldi”.

Zərərçəkmiş Asif Əzizov deyib ki, qızına 40, qayınanasına isə 42 bıçaq zərbəsi vurulub. Onun fikrincə, bunları tək adamın eləməsi mümkün deyildi.

Asif Əzizov onun yalan danışdığını, hadisəni üçünün birlikdə törətdiklərini iddia edib: “Bu qətldə özləri ilə yanaşı, nənələrinin, atalarının da əli var. Mütəşəkkil dəstə şəklində bu qətli törədiblər. Anar Ağalarovun atası polis işçisi olub. 18 il bu qətli gizlədib, üstünün açılmasına imkan verməyib. Atası da, nənəsi də qətli bilib. İndi türmədə bir-birlərinə xəbər ötürürlər, Teymur ölüb, onun üstünə yıxırlar”.

Məhkəmə araşdırmaları davam edir.

Cinayətin üstü hadisədən 18 il sonra – 2022-ci ildə açılıb.

Zərərçəkmiş Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabadın icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, 2002-ci ildən 2015-ci ilə qədər birinci müavin olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »