Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, son etiraz olmayacaq, Güney Azərbaycanda milli haqlar müdafiə olunmalıdır"
"Bu, son etiraz olmayacaq, Güney Azərbaycanda milli haqlar müdafiə olunmalıdır"

İki həftədən çoxdur ki, İranda aksiyalar davam edir. Məlumdur ki, zaman-zaman İranda Cumhuri-İslama qarşı çıxanlar olub, müxtəlif zamanlarda etiraz aksiyaları keçirilib. Və nəticədə aksiyalar yatırılıb və heç bir dəyişiklik olmayıb. İndi isə aksiyalar artıq iki həftədir ki, davam edir və İran polisinin bu aksiyaları yatırmağa gücü çatmır.

İran rejimi bu aksiyalar səbəbi ilə geri çəkilə bilərmi? Və yaxud İRANIN dağılma ehtimalı varmı?

Bizimyol.info xəbər portalının suallarını yazar, siyasi fəal Məhəmməd Rəhmanifər cavablandırıb.

Məhəmməd Rəhmanifər Məhəmməd Rəhmanifər

- Məhəmməd bəy, İrandakı baş qaldıran etirazları siz necə dəyərləndirirsiniz?

- Əslində hər 10 ildən, bəzən isə, daha az fasilə ilə İranda belə etirazlara, insanların xiyabanlara çıxmasının şahidi olmuşuq. Bunun bir çox səbəbləri olub. Hər zaman insanlar bir amillə çox səbəblə meydanlara çıxıb. Məsələn bir neçə il bundan əvvəl İranda yanacaq bahalaşdı. Buna görə böyük şəhərlərdə aksiyalar keçirildi. Və yaxud 16-il öncə, Tehranda dövlətin rəsmi qəzetində Türklərə qarşı həqarət olundu. O zaman Güney Azərbaycan şəhərlərinin hamısında geniş miqyasda aksiyalar başladı. Bu aksiyalar “May hərəkatı” adı ilə tanınırdı.

İndiki durumda isə vəziyyət başqadır. Qadın haqları İranda hər zaman gündəmdədir. İran İslam Respublikası bütün milləti əzir, millətin haqlarını ayaqlayır və pozur. Amma qadınların haqları daha çox pozulur və onlar daha çox şiddətə məruz qalırlar. Xüsusilə də gənc nəsl 20 il əvvəlki gənc nəsil deyil. İstər İranda, istərsə də Günay Azərbaycanda gənclərin internetə çıxışı var və televizora baxırlar. Dünya gedişatına baxır, başqa ölkələrdəki gənclərin necə rahat yaşadığına şahid olurlar. Bunları izləyib, görürlər. Sonra bu, bir kompleks kimi onların ürəyinə yığılır. Səbəb də təkcə baş örtüyü və qadın haqları deyil, digər məsələlər də var. Məsələn Təbrizdə, Urmuda və ya Ərdəbildə şüarların biri “Azadlıq, Ədalət, Milli Hökümət” idi. Milli hökümət 1945-1946-cı ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycanda yaranmış olan 1 illik Azərbaycan Milli Höküməti idi. Sonra şahın ordusunun Azərbaycana hücuma keçməsi ilə aradan qaldırıldı. Bunu sübut edir ki, aradan 72 il keçsə də bu gün də həmin hadisənin xatirələri hələ də oyaqdır. Hələ də Güney Azərbaycanlılar bilir ki, bir dövlət qurmalı və azadlığa çatmaq üçün bu dövlətin qurulmasına ehtiyac var.

- Hadisələri alovlandıran Məhsa Əminin ölümü və yaxud qadın haqları oldu?

- Bu hadisələri qıcıqlandıran qadın haqlarıdır. Güney Azərbaycan bilir ki, Güney Azərbaycanın qurulması ilə o haqlarını əldə edə bilməyəcək.. Və yaxud “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”. Bu şüar, Azərbaycana aiddir. Siz bu şüarı Tehranda, Məşhəddə, kürdlər yaşayan bölgələrdə eşidə bilməzsiniz. Və yaxud “Azərbaycan var olsun, istəməyən kor olsun” və ya “Azərbaycan milləti, çəkəmməz bu zilləti” kimi şüarlar Azərbaycanda verildi. Bu gün də İranda etirazlar davam edir. İranın müxtəlif şəhərlərində yaşayanlar öz istəkləri ilə, öz şüarları ilə küçələrə çıxır. İranın cənubi-şərqində bəluclar yaşayır. Onlar da küçələrə çıxıb öz istəklərini bildirir. Bəli, bu gün İranda etirazlar hər yerdə davam edir, amma mahiyyət etibarı ilə istəklər fərqlidir. Hər kəsin məqsədi birdir - İranda mövcud molla rejimini istəmirlər. Amma istəkləri fərqlidir. Məsələn, bu gün farslar İranın Cumhuri İslamidən öncəki şahı Məmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin başına yığışıblar ki, "biz onu gətirəcəyik İrana. Burada yenidən şahlıq sistemi qurulacaq. Sistem liberal, demokratik olacaq". Ancaq bu gün Güney Azərbaycan nə olursa, olsun, yenidən keçmiş şahın oğlunu qəbul etməzlər. Çünki Pəhləvinin Azərbaycanda törətdiyi cinayətlər hələ də hamının gözünün qabağındadır. Güney Azərbaycan bu etirazları, bir addımı Güney Azərbaycan Cümhuriyyətinin yaranmasında və müstəqilliyini əldə etməsi istiqamətində görür. Kürdlər daha çox federalist düşüncədədirlər. Farslar isə istəyir ki, Şah dövrü olsun. Necə ki, türklərə, kürdlərə və bəluclara basqı vardısa, elə də davam etsin. Farslıq itməsin.

- Bu etirazlar qısa müddətdə İran İslam Respublikasının dağılmasına yol aça bilərmi?

- Bu suala cavab vermək üçün çox tezdir. Düzdür, son zamanlarda İranda baş verən aksiyalar arasında indiki etirazlar əvvəlkilərdən daha uzun davam edir. Əvvəlki etirazlar bir həftə içində bitirdi. Bu etirazlar iki həftədən artıqdır ki, davam edir. Bu səbəbdən də düşünürəm ki, hələ nəsə deməyə tezdir. İranda repressiya gücü çox yuxarıdır. Millət fəllakətdə yaşayır, iqtisadi tam çökmüş vəziyyətdədir və işsizlik var. İran hər baxımdan bərbad gündədir. Bunu deməyə gərək yoxdur. Amma İran bu müddətdə əlinə gələn pulları iki istiqamətdə xərcləyib. Xarici güclərin qarşısında özünü müdafiə edə bilmək üçün silah əldə edib və içəridəki millətlərə təzyiq göstərə bilmək üçün silah və imkanlar əldə edib. Biz də unutmayaq ki, İran İslam Cümhuriyyəti Hüsnü Mübarək deyil ki, 200-300 nəfər qalxan insanı öldürüb sonra geri çəkilsin. İran İslam Respublikası Bəşər Əsədin yanında durub və minlərlə insanın ölümünə bais olub. İran üçün insanları öldürüb məhv etməyin heç bir qorxusu yoxdur.

Bu aksiyaların bu rejimə son verəcəyinə çox da inanan bilmərik. Amma bu rejim uzun müddət davam edə bilməyəcək. Çünki millətlər artıq oyanıblar. Beş ay və ya beş il bəlli deyil, amma bu rejim bir gün sona yetəcək. Onlar insanların məişətini təmin edə bilmir, insanları işlə təmin edə bilmir, insanların minimum yaşayış imkanlarını verə bilmirlər. Bu səbəbdən də insanların ürəyi doludur. Hər zaman etirazlara hazırdılar.

- Bəs rejim bu etirazlardan sonra insanlara müəyyən qədər azadlıq verə bilərmi, az da olsa onların hüquqlarını bərpa edə biləmi?

- Heç bir zaman biz görməmişik ki, millət xiyabanlara tökülə və İran rejimi bir addım geri çəkilə. Bəli, etirazlar zamanı bir sıra vədlər verilib. Bir neçə ay bundna əvvəl Urmu gölü məsələsi ilə bağlı etirazlar oldu. İranın rəsmi televiziyalarında, valilərindən tutmuş millətvəkillərinə qədər iddia edirdilər ki, iki həftəyə Urmi gölünə tunellə su veriləcək. Urmu gölü bərpa olunacaq. İki həftəyə söz vermişdilər, aradan 3 ay keçib və hələ də xəbər yoxdur. İnsanları sakitləşdirmək, aksiyaları dayandırmaq üçün çox sözlər verilə bilər, çox vədlər verilə bilər, amma məlum olan odur ki, İran İslam Respublikası bu günə qədər millətin qarşısında geri oturmayıb. Çünki İran bilir ki, bir addım geri atsa, ikinci addımı geri atmaq məcburiyyətində qalacaq.

Bu dəfə aksiyalar baş örtüyü üstündədir. Baş örtüyü, İran İslam Respublikasının dövlət ideologiyasıdır. Urmu gölü dövlət ideologiyası deyil, baş örtüyü isə dövlət ideologiyasıdır. Uzun illərdir ki, insanlara deyilirdi ki, saçından bir tel də görünməsin, bir tel görünsə dünya dağılar, qiyamətdə belə olar. Buna görə də İran geri addım atmayacaq. Bu etirazların susdurulması da ağır və çətin olacaq. Amma bu, son etiraz olmayacaq. Çünki Güney Azərbaycanda sadəcə, qadın məsələsi deyil, milli haqlar da müdafiəyə ehtiyac duyur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »