Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əslində hicab bəhanədir, insanlar İslam Respublikasından yorulub"
"Əslində hicab bəhanədir, insanlar İslam Respublikasından yorulub"

On gündən çoxdur ki, İranda etiraz aksiyaları daavm edir. Əvvəlcə Məhsa Əmininin hicab məsələsinə görə, başlayan bu etirazlar sonradan şaxələndi, İranın bütün şəhərlərinə yayıldı. Ölkənin müxtəlif şəhərlərində, müxtəlif şüarlarla başlayan etirazlara qarşı çıxan polis qüvvələri də yorulub. Bunu artıq hakimiyyət daxili qüvvələr də qəbul edir.

“İranda etirazlar başlayan gündən saatbasaat izləyirəm. İndiki etirazların keçmiş etirazlardan çox fərqi var. Əvvəllər siyasi etirazlar olub, “Yaşıllar” hərəkatı olub ki, bunlar da əsasən siyasi bir etiraz idi. Hakimiyyətin bir hissəsi o biri hissəsi ilə müxalifətə qalxaraq, etirazlara davam etdi. Sonra çox ifratçı cinahın tərəfindən əzildi. Bu bir siyasi etiraz idi. Üç il bundan əvvəl 2019-cu ildə hərakat başladı. Böyük etirazlar idi. Hərakatlar əsas benzinin bahalaşmasına görə idi. Beynəlxalq məsul təşkilatların dediyinə görə, 1500 nəfər güllələndi və o etirazlar öldü. Bu iqtisadi bir etiraz idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Təbrizli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Onun sözlərinə görə, 15 sentyabrdan başlayan indiki etirazlar tamamən fərqli bir etirazdır. Bu, bir ictimai etirazdır. Çünki içində müxtəlif istəklər, siyasi-iqtisadi və ictimai-mədəni istəklər var.

Maşallah Rəzmi Maşallah Rəzmi

“Daxildə olan bütün problemlər, istəklər bu etirazların içində var idi. Siyasi etirazla ictimai, mədəni və iqtisadi etirazların böyük fərqi var. Çünki bu etirazların vahid lideri yoxdur. Yüzlərlə şəhərdə etirazlar var. Hətta bir şəhərdə 5-10 yerdə dəstələr polislə mübarizə aparır, sözlərini deyirlər. Bu etirazlar əvvəlcə hicab məsələsinə görə, Məhsa Əminin ölümünə görə olmuşdu. Əxlaq polisinə qarşı idi” - deyən Maşallah Rəzmi qeyd edir ki, əslində hicab bəhanədir. İnsanlar İslam Respublikasından yorulub. 43 ildir bu milləti mollalar zülmlə behiştə aparmaq istıyirlər. Məcburi behiştə aparmaq istəyi, İranı cəhənnəmə çevirib. Onlar öz uşaqlarını İranda saxlamır, xaricə Avropaya və Kanadaya göndərirlər. Göndərirlər ki, rahat yaşasınlar, təhsil alsınlar və təhlükəsizlikdə olsunlar.

“İranda isə, milləti zindanda əsir kimi tutublar. Və onları əzirlər. Amma indi bu etirazlarla bağlı hakimiyyətin içində də müxalif səslər də ucalır. Hakimiyyətin içində olan öz adamları bu etirazları qəbul etmir. Amma idmançılar, aktyorlar, yazıçılar və s. həmrəylik göstərərək, hakimiyyətə qarşı çıxırlar. Bu da bu etirazların fərqliliyindən irəli gəlir. Keçmişdə etirazlar olurdu. Amma nə idmançılar, nə aktyorlar, nə də yazıçılar belə etirazlara qarışmırdılar. Hökümət tərəfindən insanlara qarşı çıxmaq üçün göndərilən qüvvələr arasında da yorğunluq müşahidə edilir. İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei çıxışı zamanı qeyd edib ki, etirazçılarla qarşı-qarşıya duran polisin çoxu bir həftədir ki, istirahət etmir, yatmır. Gərək biz bu vəziyyəti aradan qaldıraq” - deyən Maşallah Rəzmi fikrincə, bu da bir daha sübut edir ki, hakimiyyətin içində də narazılıq var. Şərhçi hesab edir ki, ola bilər ki, bir müddətdən sonra həm millət yorulsun,həm də bu etirazları yatırmağa çalışan qüvvələr gücdən düşsün və bu vəziyyət sakitləşsin.

“Amma bu sakitləşmək o demək deyil ki, məsələ bitdi. Hakimiyyətin gözündə bu bir yara kimi qalacaq. Əgər hakimiyyətdə dəyişiklik olmasa, ola bilər ki, sonrakı etirazlar daha şiddətli olsun. Millətin içində də bu etirazlara rəhbərlik edənlər olacaq. İndi millət höküməti istəmir, amma gücü də çatmır. Hökümət də milləti əzib, sakit etməyə çalışır. Hazırda bir blokaj vəziyyəti var və bu blokaj vəziyyətinə hamı şahiddir” - deyə siyasi şərhçi əlavə edib.

12 gündür ki, İranın müxtəlif şəhərlərində öncə qadınların etirazı ilə başlayan tədbirlər, sonradan yayılıb, genişlənməyə başladı. İran Hüquq Mühafizə Orqanlarının məlumatına görə, bu günə qədər aksiyalarda 6-ya ayxın qadın fəal öldürülüb. Aksiyalar davam edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »