Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada səfərbərlik zamanı komandiri vurdular: “Heç kim heç yerə getmir”
Rusiyada səfərbərlik zamanı komandiri vurdular: “Heç kim heç yerə getmir”

Rusiyanın Sibir bölgəsindəki Ust-İlimsk şəhərində bir Rusiya vətəndaşı Ukrayna müharibəsinə ehtiyatda olan əsgərləri cəlb edən yerli hərbi komitənin rəhbərini güllələyib və yaralayıb.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, kamuflyaj geyinmiş şəxs “heç kim heç yerə getmir” deyə qışqıraraq Ukraynada döyüşmək istəmədiyini bildirib və ehtiyatda olan əsgərlərin qeydə alındığı zalda hərbi liderə atəş açıb.

Məlumata görə, həmin zaldakı şəxslər atəş səsindən qorxuya düşərək, qaçmağa başlayıblar. Bildirilir ki, hadisə zamanı yaralanan hərbçinin öldüyü barədə xəbərlər təsdiqini tapmayıb.

Bundan əlavə, İrkutsk qubernatoru İqor Kobzev bildirib ki, həmin şəxsin vəziyyəti ağırdır. Hücum edən şəxs isə saxlanılıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin səfərbərlik elanından sonra Rusiyada müharibə əleyhinə keçirilən etiraz aksiyalarında yüzlərlə insan saxlanılıb.

Həmçinin bir çox insanlar da hərbi xidmətə çağırılmamaq üçün müxtəlif ölkələrə, o cümlədən Azərbaycana gəlməyə başlayıblar.

Nəhayət, Rusiyanın Dağıstan bölgəsində səfərbərliyə qarşı keçirilən aksiyalarda polislə toqquşan fəalların görüntüləri beynəlxalq mətbuatda diqqət çəkib. Etirazlar zamanı 100-dən çox adamın saxlanıldığı bildirilir.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Almaniyanın daxili işlər naziri Nensi Faeser bildirib ki, Rusiyada hərbi xidmətə qoşulmaqdan imtina edənlər Almaniyadan sığınacaq üçün müraciət edə bilərlər.

“Bir qayda olaraq, ağır təzyiq təhlükəsi altında olan fərarilər Almaniyada beynəlxalq müdafiədən istifadə edirlər. Vladimir Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də özünü böyük təhlükə qarşısında qoyan hər kəs siyasi təqiblərə görə Almaniyadan sığınacaq üçün müraciət edə bilər”,- deyə o, bildirib.

Bundan əlavə, Nensi Faeser bəyan edib ki, Almaniya artıq aylardır təqib olunan və təhdid edilən rusiyalı müxalifləri qəbul edir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »