Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın sərbəst buraxdığı ingilis əsgərlərdən dəhşətli işgəncə açıqlamaları
Rusiyanın sərbəst buraxdığı ingilis əsgərlərdən dəhşətli işgəncə açıqlamaları

Ukrayna müharibəsi zamanı Rusiya tərəfindən əsir götürülən və edam cəzasına məhkum edilən britaniyalı əsgərlər Şaun Pinner və Aiden Aslin ötən gün əsir mübadiləsi zamanı sərbəst buraxılıb. Ailələri ilə birlikdə yaşamaq üçün İngiltərəyə qayıdan əsgərlər əsirlikdə yaşadıqlarını İngiltərə mətbuatına danışıblar.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəfindən əsir götürülən, edam cəzasına məhkum edilən 48 yaşlı Şaun Pinner və 28 yaşlı Aiden Aslin Ukrayna müharibəsində ən çox danışılan adlar sırasında olublar.

Məlumat üçün bildirək ki, Rusiyanın Ukrayna sıralarında döyüşən Britaniya vətəndaşlarını ələ keçirib edam etməsi “Qərbi sıxışdırmaq siyasəti” kimi şərh edilib və həm Britaniya, həm də Ukrayna aylar ərzində əsir düşən iki əsgəri xilas etmək üçün səy göstəriblər.

Ötən günlərdə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində sərbəst buraxılan 215 məhbus arasında ingilis əsgərləri Şaun Pinner və Aiden Aslin də olduğu məlum olub. İyun ayında ölüm cəzasına məhkum edilən əsgərlər sentyabrda ölkələrinə qayıdıblar.

Keçmiş əsgər 48 yaşlı Şaun Pinner ölkəsinə qayıtdıqdan sonra Britaniya mediasına verdiyi ilk müsahibəsində "Yer üzündə cəhənnəm yaşadım. Evə qayıtdığım üçün şanslıyam",- deyə bildirib.

Rusiya əsgərlərinin yemək üçün yalnız bayat çörək və çirkli su verdiyini ifadə edən Pinner bıçaq və elektriklə işgəncələrə məruz qaldığını iddia edib.

Rusların 24 saat eyni mahnını səsləndirərək pop musiqi ilə onlara işgəncə verdiklərini izah edən ingilis əsgər bu müddətdə ABBA-nın “Mamma Mia” mahnısını davamlı olaraq dinlədiyini bildirib.

Ölüm cəzası aydınlaşdıqdan sonra başqa yerə köçürüldüyünü bildirən Pinner “Orada şərait daha yaxşı idi, amma musiqi işgəncəsi davam edirdi. Bu dəfə ifa olunan mahnı Cher-in “Believe” mahnısı idi”,-deyə əlavə edib.

"Son altı ay həyatımın ən pis günləri oldu, çox ağladım. Biz bir növ ümid bağlamalı idik, amma hələ də anlaya bilmirəm ki, necə sağ qaldım. Bir daha ABBA mahnılarına qulaq asmaq və ya bir tikə çörək görmək istəmirəm”,- deyə Pinner bildirib.

Şaun Pinnerin taleyüklü dostu Aiden Aslin isə mətbuata açıqlamasında bildirib ki, onun kiçik kamerasında 24 saat sovet mahnıları ifa edilib.

"Buradan sağ çıxacağımı heç düşünməmişdim. Əsir olduğum 5 ay ərzində ağlaya bilmədim. Ölüm cəzasının verildiyini eşidəndə ağlamaq istədim, amma bacarmadım. Yaşadıqlarım sözün əsl mənasında ölüm-dirim məsələsi idi”,- deyə o, bildirib.

Bildirilir ki, 28 yaşlı əsgər 2018-ci ildə Ukrayna Dəniz Piyadaları Korpusuna qoşulub. Aprel ayında Mariupolun mühasirəsi zamanı ərzaq və sursatları tükəndikdən sonra təslim olan Aslin qondarma “Donetsk Xalq Respublikası”na aparılıb və orada vəhşicəsinə döyülüb.

Özünə gələndə bir rus əsgərinin siqaret çəkdiyini gördüyünü izah edən Aslin “əsgər qarşıma çıxdı və əyilib məndən soruşdu: “Mən kiməm, bilirsənmi?” Mən “yox” dedim, o, mənə rusca “mən sənin ölümünəm” dedi. Əlindəki bıçaqla kürəyimi göstərərək “sənə nə etdiyimi gördünmü?” deyə sual verdi. O zaman anladım ki, o, məni bıçaqlayıb.

Sonra məndən soruşdu ki, “tez ölüm istəyirsən, yoxsa gözəl ölüm?” Mən rusca cavab verdim və “tez ölüm” dedim. O isə gülümsəyərək dedi: “Yox, səni gözəl bir ölüm gözləyir””.

Sonda əlavə edək ki, Rusiya tərəfindən azad edilən iki əsgər indi normal həyatlarına qayıtmağa çalışarkən, İngiltərə mətbuatı sözügedən məhbus mübadiləsində Chelsea Futbol Klubunun keçmiş sahibi Roman Abramoviçin mühüm rol oynadığını iddia edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »