Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Faşizm İtaliyaya qayıdır: Baş nazir olacaq qadın ölkəsini hara aparır?
Faşizm İtaliyaya qayıdır: Baş nazir olacaq qadın ölkəsini hara aparır?

Dünən İtaliyada keçirilən ümumi seçkilərdə ilk partiyanı qazanan ifrat sağçı “İtaliya Qardaşları” partiyasının lideri Giorgia Meloni ölkənin ilk qadın baş naziri ola bilər.

Bizimyol.info xəbər verir ki, “İtaliya Qardaşları” və onun bir hissəsi olduğu sağçı alyans həm Senatda, həm də Nümayəndələr Palatasında hökumət qurmaq üçün mütləq çoxluğu ələ keçirərək böyük qələbə qazanıblar.

Xarici media yazır ki, neofaşist və ultra-mühafizəkar “İtaliya Qardaşları” partiyasının 45 yaşlı lideri Meloni uzun müddətdir ki, baş nazir kürsüsünə ən yaxın adam kimi seçilirdi. Bildirilir ki, keçmiş baş nazir Silvio Berluskoninin hökumətində 2008-2011-ci illərdə gənclər naziri vəzifəsində çalışmış Meloni seçilərsə, Mussolinidən sonra ölkənin ilk ifrat sağçı lideri olacaq.

Ölkədə və bütün Avropada “Faşizm İtaliyaya qayıdır” narahatlıqlarını oyandıran Meloni seçkilərdə ilk nəticələrin açıqlanmasından sonra tənqidlərə cavab verərək “Bütün İtaliya xalqını təmsil edəcəyini”, “İtalyanların ölkənin ifrat sağçı hökumət tərəfindən idarə olunmasını istədiyini” və İtaliyaya təşəkkür etdiyini bildirib.

Məlumat üçün bildirək ki, gənclik illərində sağ partiyaların gənclər təşkilatlarında iştirak edən Meloni 2006-cı ildə keçirilən ümumi seçkilərdə millət vəkili seçilib. 2012-ci ildə yaradılan “İtaliya Qardaşları” partiyası 2018-ci il seçkilərində cəmi 4 faiz səs toplayıb.

Dünya mediası yazır ki, İkinci Dünya Müharibəsinin sonunda italyan kommunistləri tərəfindən edam edilən faşist lider Benito Mussolininin rəhbərlik etdiyi “Milli Faşist Partiyası”nın davamı sayılan “İtaliya Qardaşları”nın sürətlə yüksəlişi dəyişiklik axtarışlarına səbəb olub.

Onu da əlavə edək ki, 2020-ci ildən “Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası”nın sədri olan Meloni siyasətə gəlməmişdən əvvəl jurnalist olub. Bir uşaq anası olan Meloni imiqrasiya, abort hüququ, eynicinsli nikahlar kimi mövzularda ultra-mühafizəkar fikirləri müdafiə edir və bütün Avropada ifrat sağçı partiyaların ittifaqında mühüm fiqur kimi seçilir.

Tez-tez mühacirlərə nifrət və islamofobiyada ittiham olunan Meloni Türkiyə əleyhinə də açıqlamalar verib.

İfrat sağçı lider 2018-ci ildə Türkitə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İtaliyaya səfəri zamanı Türkiyənin Aİ-yə daxil olmasına və Avropanın islamlaşmasına qarşı olduğunu bildirib və bu fikrini Tvitter-də paylaşıb.

“İtaliya Qardaşları” partiyasının ötən il təşkil etdiyi “Ərdoğanın Türkiyəsi” adlı toplantıda çıxış edən Meloni prezident Ərdoğanı sərt şəkildə tənqid edərək “Türkiyənin Avropaya girməsinə “yox” deməyin vaxtıdır” deyib.

“Avropaya siyasi islamı Ərdoğan gətirdi” deyən Meloni baş nazir olarsa, ümumilikdə Türkiyə ilə yaxşı münasibətləri olan İtaliyanın bu məsələdə istiqamətini dəyişə biləcəyi düşünülür.

Ekspertlərin fikrincə, ifrat sağçıların hakimiyyətə gəlməsi Aİ-nin üçüncü ən böyük iqtisadiyyatı olan İtaliyanın ittifaqdakı təsirini azaldacaq və ölkəni Macarıstan kimi “qeyri-liberal Avropa ölkələri” sırasına çıxaracaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »