Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başsız nişanlar, işıqsız yollar, qanunsuz parklamalar... - Biləcəridə nə baş verir?
Başsız nişanlar, işıqsız yollar, qanunsuz parklamalar... - Biləcəridə nə baş verir?

Biləcəri qəsəbəsində yaşayan sakinlər axşamları asudə vaxt keçirmək üçün 20 Yanvar şəhidlərinin xatirəsinə salınmış parka gələndə, yolüstü keçiddə “həyatda qalma mücadələsi” verməli olurlar.

Yolun qarşı tərəfinə qoyulmuş piyada nişanı ümumiyyətlə yola yox, sol tərəfdəki ərzaq və geyim mağazasına “baxır”, park tərəfdə olan piyada nişanının isə sözün əsl mənasında başı gövdəsindən ayrılıb, ondan xatirə bir “bədəni” qalıb. Burada “piyada keçidi” anlayışından qalan yeganə əlamət yol üzərindəki ağ zolaqlardır ki, onlar da gecə vaxtı görünməz olurlar. Piyada keçidi nişanının isə nəinki “başı” yoxdur, heç üzərində gecə yolu aydınlatması üçün işıq belə quraşdırılmayıb. Parka ailəsi və övladları ilə gələn gənc ailələr bir parka gələndə, bir də parkdan qayıda biləndə sevinirlər. Burada piyada nişanını görə bilməyən sürücülər isə həmin yolu saatda 70-80 km/saat sürətlə keçirlər.

Ancaq problem təkcə bununla da bitmir. Yolun qarş tərəfində hər hansısa bir parklanma yeri olmasa da, axşamlar ağırtonnajlı yük maşınları yolun qarşı tərəfində park edilərək, həm yolun yarısını zəbt edirlər, həm də onsuz da “yarımcan” olan piyada keçidini lap görünməz hala gətirirlər. Burda qəza sayları da az olmayıb. Bir-birini ötüb yolu yarış stadionuna çevirən motosikletlərin gözü axşam düşəndən sonra heçnə görmür. Necə deyərlər, indi bu park sadəcə olaraq onu haqq edənlər, yəni yolu keçib, həyatda qalanlar üçün həyatın ən ironik mükafatıdır.

Yeri gəlmişkən, onu da qeyd edim ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsi Akademiyasının kurs tələbəsi və gənc bir xanım yol üzərində faciəvi bir qəzanın qurbanı oldular. Təəssüf ki, bu xoşagəlməz tendensiya hər ay artan qrafiklə yüksəlməyə doğru gedir. Yol qəzalarının ən önəmli birinci səbəbi sürətdirsə, ikinci ən önəmli səbəbi də məhz yol-hərəkət nişanlarının baxımsız vəziyyətdə olması, aidiyyəti qurumun pul qıymazlığıdır.

Biləcəri qəsəbəsi şəhərin mərkəzi yollarından olmadığına görə, buradan işə gedib-gələn nazirlər, məmurlar da yoxdur. Deməli, belə olan halda qəsəbə görməzlikdən gəlinir və necə deyərlər, “altda qalanın canı çıxsın”. Yəqin ki, bu yoldan “önəmli” dövlət məmurları hər səhər işə gedib-gəlsəydi, indi yolllarımızdakı hərəkət nişanlarımızın da “canı sağlam”, başı da üstündə olardı.

Baxmayaraq ki, həll edilməsi bir saat vaxt alan kiçik bir işdir, bununla belə aylardır ki, aidiyyəti qurum olan Baş Dövlət Yol Polisi yanında Siqnal İdarəsi bu problemlə maraqlanmır, hərçənd, elə hər gün bu yoldan onlarla yol polisi avtomobilləri də şütüyür.

Biləcəridə piyada keçidi nişanı

Xülasə, başsız piyada keçidinə bir əncam çəkilməsə, bu yolda çox başlar əziləcək. Bundan sonrasını başı olan qurum düşünsün.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »