Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Payız depresiyasından necə qorunmalı?..
Payız depresiyasından necə qorunmalı?..

Payız dedikdə insanların ağlına ilk öncə kədər, sükut gəlir. Payızın gəlişi ilə, günlər qısalmağa, havanın temperaturu aşağı düşməyə və yarpaqlar tökülməyə başlayır. Təbiətdəki bu dəyişiklik insanlara da təsir edir. Bu zaman çoxunda payız depresiyası özünü göstərməyə başlayır.

Psixoloq Nərmin Abdullayeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, təbiətdəki dəyişiklik insanlarda da emosional dəyişiklik yaradır.

Niyə payız gələndə depressiyaya düşürük?

Psixoloq deyir ki, bədənin bioloji saatını və ritmini tənzimləyən melatonin hormonu günəş şüaları azaldıqda, gecələr uzun, gündüzlər qısa olduqda daha çox ifraz olunur. Buna görə də, gün işığı azaldıqca beyində yüksək miqdarda istehsal olunmağa başlayan melatonin hormonu insan orqanizmində enerjinin azalmasına, yorğunluğa və istəksizliyə səbəb olur. Eyni zamanda payızda günəş şüalarının azalması səbəbindən beyindəki kimyəvi maddələrdən biri olan serotonin hormonu da azalır və bu, depressiyaya səbəb ola bilir.

“Eyni hal qış aylarında da baş verir. Ancaq yay fəslindən sonra olduğu üçün payız depressiyasına qış depressiyasından daha çox rast gəlinir. Payız depressiyası təkcə mövsüm dəyişikliklərindən qaynaqlanmır. Əgər şəxs əvvəllər depressiya keçiribsə və ya genetik meyli varsa, mövsümi depressiyaya düşmə ehtimalı artır. Depressiya əhval-ruhiyyəsi, narahatlıq ümumiyyətlə qadınlarda kişilərə nisbətən daha çox olur. Ona görə də payız depressiyasına daha çox qadınlarda rast gəlindiyini deyə bilərik” - deyə psixoloq bildirir. Onun sözlərinə görə, xəstəlik başlayanda insan bütün günü özünü bədbəxt hiss edir. Aşağı enerji, hərəkətlərdə yavaşlama, çəki itkisi və ya artım, konsentrasiyada çətinlik, qərarsızlıq, dəyərsizlik və günahkarlıq hissi, cinsi istəyin azalması, yuxusuzluq və ya yuxunun artması kimi əlamətlər müşahidə edilir.

Mütəxəssis qeyd edir ki, bəzi hallarda insanın performansı əhəmiyyətli dərəcədə aşağı düşərsə və depressiya əlamətləri ortaya çıxarsa, bunun qarşısını almaq mümkündür.

“Havanın soyuq olduğu günlərdə də mümkün qədər gün işığından yararlanın. Buludlu günlərdə belə, gün ərzində ən azı 20-30 dəqiqə çöldə olmaq faydalıdır. İdmana vaxt ayırın. İdman bədəndəki stressi aradan qaldırmağa, maddələr mübadiləsini sürətləndirməyə, enerjinizi artırmağa kömək edir. Çox yatmayın, özünüzü erkən qalxmağa alışdırın. Karbohidrat və şəkərlə zəngin qidalardan uzaq durun. Şəkər qan şəkərinizi sürətlə yüksəldir və ya aşağı salır, bu da sizi ləng və yorğun hiss etdirir. Sosial həyatınızı zövqlü edəcək hobbilər tapın. Dostlarınıza vaxt ayırın. Sosiallaşmaq və sevdiyiniz insanlarla vaxt keçirmək sizə yaxşı hiss etdirəcək” - deyə Nərmin Abdullayeva əlavə edib.

Psixoloq bildirir ki, simptompları hamıya bəlli olduğu üçün depressiyaya çox asanlıqla diaqnoz qoymaq mümkündür. Depressiyanın müalicəsində dərman və psixoterapiya üsullarından istifadə edilə bilər. Depressiyadan özünüzü qorumağa səy göstərə bilərsiniz. Bunun üçün sadəcə bəzi qaydalara əməl etmək lazımdır.

  • Təbiət solğun rənglərə bürünsə də, siz yaşadığınız mühiti və şəxsi əşyalarınızda müxtəlif rənglərə üstünlük verin.
  • Bu dövrdə fast-food, tez-tez spirtli içkilər, süni şəkər məhsullarından uzaq durun.
  • Tərəvəz və heyvan mənşəli qidalardan qəbul edin.
  • Bol su için.
  • Yuxu rejiminə diqqət yetirin. Yuxunuzu addım-addım qaydasına salmağa çalışın. Əgər özünüzü yorğun hiss edirsinizsə, nəzərə alın ki, çox yatmaq istirahət etmək demək deyil.
  • Depressiyanın təsiri altında olduğunuz zaman zehniniz bulanıq ola bilər. Gündəlik həyatınızı və vaxtınızı prioritetlərinizə uyğun planlaşdırmağa çalışın.
  • Evdə olsanız da, zehninizlə yanaşı vücudunuz da yorulur. Meditativ məşqlər, yüngül gimnastika, həm zehninizi, həm də bədəninizi eyni anda rahatlaşdıracaq.
  • Düşüncə tərzinizi dəyişməyə çalışın. Dəyişdirə bilməyəcəyiniz faktlarla mübahisə etməyin.
  • Əgər işləyirsinizsə, iş fasilələrindən yaxşı istifadə edin. Çay içərkən və ya yemək yeyərkən istirahət edin, iş haqqında düşünməyin.
  • İşdə olduğunuz müddətdə sizi motivasiya edən kiçik fəaliyyətlərlə məşğul olun. Uşağınızın şəklinə baxın, həmkarınızla 5 dəqiqə söhbət edin və ya sevimli mahnıya qulaq asın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »