Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü bildirib ki, ölkədə səfərbərlik olmayacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə dövlətin nəzarətində olan "BelTA" agentliyi məlumat verib.
"Bu səfərbərlik Belarusda deyil, Rusiyadadır. Bu çirkabı bizim üzərimizə atmağa çalışırlar, bununla bizdə heç olmayacaq. Belarusda səfərbərlik olmayacaq. Bu, yalandır", - deyə prezident bildirib.
Prezident qeyd edib ki, bununla bağlı hakimiyyətin əleyhdarları müxtəlif aranı qaışdırmağa çalışır. Dövlət başçısı bir daha diqqəti ona yönəltdi ki, informasiya müharibəsi gedir və bu vəziyyətdə yayılan şayiələrə də cavab vermək lazımdır: “Biz belaruslularıq, nəsə olarsa, kimisə incitməmək üçün üzümüzü yana çevirib onun səhvlərini görməmişik kimi davranacağıq. Bu, yaxşı keyfiyyətdir, lakin müasir dövr üçün deyil. Qarşındakı qüvvə sənə qarşı həddi aşmağa başlasa, cavab verməlisən, əks halda qorxaq və ya bacarıqsız hesab ediləcəksən. Biz bunu istəmirik, çünki qürurlu xalqıq və lazım olanda cavab verməyi də bacarırıq”, - deyə Lukaşenka davam edib.
O əlavə edib ki, Belarus mümkün təhdidlərə və terror aktları törətmək cəhdlərinə mütləq cavab verəcək. Onun sözlərinə görə, bunun üçün mütəmadi olaraq, o cümlədən xalq milislərinin iştirakı ilə müxtəlif təlimlər keçirilir ki, insanlar öz vəzifələrini bilsinlər, lazımi hərbi vərdişlərə malik olsunlar.
Dövlət başçısı vurğulayıb ki, onlar nə respublikada səfərbərlik aparacaqlar, nə də müharibəyə qarışacaqlar. “Yalnız evimizi, torpağımızı müdafiə etməli olduğumuz zaman döyüşə qoşula bilərik”, - deyə o, yekunlaşdırıb.
Qadir, Bizimyol.info