BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 77-ci sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Paşinyan Azərbaycanın Ermənistanın “suveren ərazisinə qarşı genişmiqyaslı təcavüzünə” toxunub, baş verənlərlə bağlı ABŞ-ın səsləndirdiyi aydın mövqe və qiymətləndirmələrin vacibliyini vurğulayıb.
Bundan əlavə, Ermənistan hökumətinin başçısı Blinkenin danışıqlar prosesini və dialoqu dəstəkləmək üçün şəxsi səylərini yüksək qiymətləndirib.
Paşinyan həmçinin “Azərbaycanın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsinin vacibliyini, Azərbaycan bölmələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasının, Azərbaycan tərəfində saxlanılan erməni hərbi əsirlərin geri qaytarılmasının vacibliyini və adekvat addım atmasının vacibliyini” vurğulayıb.
Ermənistan saytlarının yazdığı xəbərə görə, Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu vurğulayaraq “Dağlıq Qarabağ” münaqişəsinin, o cümlədən “Dağlıq Qarabağ xalqı” üçün hərtərəfli və uzunmüddətli həllinin zəruriliyini qeyd edib.
Qeyd olunur ki, ABŞ dövlət katibi Nyu Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə keçirilən üçtərəfli görüşün əhəmiyyətini qeyd edib və yaxın gələcəkdə dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Məlumata görə, görüş zamanı həmçinin Ermənistan-Amerika münasibətlərinin davamlı inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 12 sentyabr gecə saatlarında Azərbaycan-Ermənistan sərhədlərində ciddi gərginlik yaşanıb. Hər iki tərəf ağır itki verib.
Bu gərginlikdən sonra Ermənistan rəsmiləri dünya dövlətlərinə yol tapmağa, yaşanan hadisədə Azərbaycanı günahkar tərəf kimi göstərməyə çalışır.
Leyla, Bizimyol.info