Bundestaqın plenar iclasında alman "Leopard" tanklarının dərhal Ukrayna ordusuna verilməsi təklifi ilə bağlı səsvermə yenidən təxirə salınıb, sənəd layihəsi baxılmaq üçün komitələrə verilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Sağ mərkəzçi müxalifət bloku, Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) Bundestaqın hökumətdən alman tanklarının və piyada döyüş maşınlarının Ukraynaya ixracına dərhal icazə verməsini tələb edən təklifinin səsverməyə çıxarılmasını tələb edib.
Qəzet qeyd edir ki, bu, Almaniya kansleri Şolzun Ukrayna ilə bağlı strategiyasına etimadsızlıq səsverməsinə bərabər olardı. Çünki kansler və digər Qərb müttəfiqləri bu cür ağır texnikanın Kiyevə verilməsi məsələsini dəfələrlə təxirə salaraq gecikdirirlər.
Müxalifətin təklifi xüsusilə Scholz və onun Sosial Demokrat Partiyası (SPD) üçün təhlükəli idi. Çünki onun koalisiya tərəfdaşları olan Yaşıllar və liberal Azad Demokratik Partiyasının (FDP) aparıcı siyasətçiləri də Alman "Leopard" tanklarını Ukraynaya verilməsini tələb edirlər.
"Bundestaqda silah tədarükü ilə bağlı səsvermə hökumətin birliyində ölümcül çatların aşkarlanması riskini daşıyır və hətta Şolzun parlamentdə məğlubiyyətinə səbəb ola bilərdi", - deyə qəzet yazır.
Lakin 50 dəqiqəlik qızğın müzakirədən sonra SPD, Yaşıllar və FDP deputatlarının əksəriyyəti müxalifətin təklifinin sonrakı müzakirə üçün xarici və iqtisadi məsələlər komitələrinə göndərilməsinə səs verib.
Bu faktiki olaraq mətn üzrə plenar səsverməni bir neçə həftə gecikdirmək deməkdir.
Bununla belə, hökumət indi də gələn həftə yenidən təzyiq riski ilə üz-üzədir, çünki müxalifət CDU/CSU-nun iyun ayında irəli sürdüyü, lakin komitə səviyyəsinə həvalə edilərək rəfə aldığı başqa bir “Ukrayna üçün tanklar” təklifi ilə bağlı plenar səsverməni tələb edə bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski federal hökumətə ABŞ və ya digər ölkələrin davranışı ilə tank tədarükündən imtinaya haqq qazandırmamaq xahişi ilə müraciət etmişdi.
Qadir, Bizimyol.info