Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalılar ölkədən qaçırlar: Bakıya biletlər yoxa çıxıb
Rusiyalılar ölkədən qaçırlar: Bakıya biletlər yoxa çıxıb

Vladimir Putinin qismən səfərbərlik elan etməsi Rusiyada böyük təşviş yaradıb. Rusiyalılar ölkədən qaçmaq üçün bütün mümkün yollara baş vurur. Ən yaxın istiqamətlərə təyyarə biletləri bir neçə saat ərzində tamamilə satılıb. Hətta Bakıya biletlər də yoxa çıxıb.

Bizimyol.info xəbər verir ki, Rusiya vətəndaşlarının kütləvi şəkildə üz tutduğu ölkələrdən biri də Azərbaycandır. Şimal dövlətinin xəbər saytları bu barədə yazır. Bakı ən populyar istiqamətlərdəndir. Bizim paytaxta Rusiyadan bilet tapmaq müşkül məsələdir.

Başqa ən populyar istiqamətlərdən biri isə İstanbuldur. Türkiyənin hamıdan çox əhali yaşayan şəhərinə günün birinci yarısında ən yaxşı halda 1300 dollara bilet tapmaq olurdu. Günortadan sonra qiymət 30 min lirəyə qalxıb (1600 dollardan baha).

Ümumiyyətlə, əvvəlcə sentyabrın 21-i üçün İstanbula və İrəvana bütün biletlər satılıb. Ardınca Daşkənd, Bakı, Astana, Bişkek biletləri də yoxa çıxıb.

Rusiya vətəndaşlarının belə təşvişə düşməsi normaldır. Əslində, rusiyalıların böyük hissəsi müharibənin əleyhinədir. Amma Kremlin müharibəni pisləməyin cinayət məsuliyyəti yaratmasını elan etməsindən sonra insanlar susmağa üstünlük verir. Ukraynada isə itkilər çox böyükdür. Rusiya ordusunun canlı qüvvə itkisi 60 min nəfərə yaxınlaşır. Yaralıların sayı azı iki dəfə çoxdur. Özü də həmin hərbçilərin böyük hissəsi döyüş qabiliyyətini itirib. Rusiya ordusu ciddi kadr çatışmazlığı ilə üzləşib.

Qismən səfərbərlik ehtiyatda olan azı 300 min nəfəri orduya cəlb edəcək. Hərbçilərin əvvəlcə təlim keçəcəyi bildirilir. Heç kimə sirr deyil ki, onları qısa zamanda Ukraynaya göndərəcəklər. Rusiya vətəndaşları qonşu ölkədə nə baş verdiyini yaxşı anlayırlar. Ukrayna silahlı qüvvələri Rusiya ordusunu əzə-əzə gedir. Artıq Luqansk vilayətində işğal olunmuş ərazilər geri qaytarılır. Kreml qoşunları Ukraynada əsl fiaskoya uğrayıb. Rusiyalılar haqsız müharibədə ölmək istəmirlər. Yeganə çıxış yolu ölkədən qaçmaqdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »