Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baldızı və uşaqlarını öldürməkdə ittiham olunan məktəb direktoru: “O evdə olsam da...”
Baldızı və uşaqlarını öldürməkdə ittiham olunan məktəb direktoru: “O evdə olsam da...”

Bu ilin fevralında Bakıda ana və onun iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona qarşı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bir neçə bəndi ilə ittiham irəli sürülüb.

Bizimyol.info xəbər verir ki, 41 yaşlı Əhəd Əliyev öz baldızı olan 39 yaşlı Gülnar Qaraxanovanı və onun iki övladı - 14 yaşlı qızı Lamiyəni və 11 yaşlı oğlu Ataxan Qaraxanlıları qətlə yetirməkdə ittiham olunur. İddiaya görə, Əhəd Əliyev Bakının Nizami rayonu ərazisindəki mənzillərdən birində kirayə qalan bu ailənin ev almaq üçün pul topladığını bilib. Həmin pulu ələ keçirmək üçün bu cinayəti törədib.

Bu ailənin başçısı Fəsahət Qaraxanov beynəlxalq yükdaşıma sahəsində çalışır, yük maşınının sürücüsüdür. Bu il fevralın 20-də həyat yoldaşı və övladları qətlə yetiriləndə də o, Rusiyada olub.

Məhkəmədə bu cinayətlə bağlı ittiham aktı elan olunub. İttihama münasibət bildirən Əhəd Əliyev orada yazılanlarla razılaşmayıb, özünü təqsirli bilməyib.

Məhkəmədə ifadə verən Əhəd Əliyev bildirib ki, baldızı və onun iki övladının qətlinə heç bir aidiyyəti yoxdur.

Cinayət işinin materiallarında onun həmin gün Qaraxanovlar ailəsinin yaşadığı evdə olduğunu təsdiqləyən sübutlar var. Əhəd Əliyev hadisə günü o evə getdiyini təsdiqləyib. O bildirib ki, pul məsələsilə əlaqədar aralarında söhbət olub. Onun sözlərinə görə, baldızıgilin ona borcu vardı: “Həmin gün qaytardı. Aramızda heç bir ədavət, düşmənçilik olmayıb. Bir az söhbət elədik, mən çıxıb gəldim. Məndən sonra nə olub, necə olub, bilmirəm”.

Əhəd Əliyev iddia edir ki, cinayəti təzyiq yoluyla onun üzərinə qoyublar.

Əhəd Əliyev Saatlı rayonunda müəllim işləyib, 2007-2014-cü illərdə məktəb direktoru olub.

Zərərçəkmişlərin hüquqi varisi qismində tanınan Fəsahət Qaraxanov mediaya müsahibəsində bildirib ki, hadisə vaxtı evdə 25 min manat pul olub. Onlar üstünü də düzəldib, ev almaq istəyiblər. Zərərçəkmişin sözlərinə görə, evdə pul olmasından Əhəd Əliyevin də xəbəri olub. Ailə üzvlərini öldürən qatil evdəki pulu da götürüb aparıb.

Fəsahət Qaraxanov onu da əlavə edib ki, bacanağının belə bir iş tutacağını ağlına gətirməzdi: “Mənə deyəndə ki, bu işi görən ailəyə yaxın adamdır, bildirdim ki, ola bilməz. Bunun elədiyinə heç inanmazdım. Direktor işləyib, Kərbəla ziyarətində olub”.

Əhəd Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »