ER xarici işlər naziri Ararat Mirzoyan yalanlar uydurmaqdan və özlərinin belə inanmadığı yalanları dünyaya çatdırmağa çalışmaqdan usanmır.
Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, Ararat Mirzoyan yaponiyalı həmkarı Yosimasa Hayaşiylə görüşüb və sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədlərində yaşanan gərginliyin “təfərrüatlarını” təqdim edib.
ER XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşdə erməni nazir bu “təcavüz”ün nəticələrinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin Azərbaycana daimi təzyiqinin vacibliyini vurğulayıb.
Mirzoyan Azərbaycanın “regionda sabitlik və sülhün bərqərar olmasına yönəlmiş səylərə zərbə vuran təcavüzkar və maksimalist siyasətini” pisləyib.
Bildirilir ki, erməni nazir həmsöhbətə Ermənistan-Azərbaycan münasibətləri, “Dağlıq Qarabağ” münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyini də təqdim edib.
Mirzoyan Hayaşi ilə söhbətində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirib və Yaponiyanı Ermənistan üçün mühüm tərəfdaş adlandırıb.
Məlumata görə, həmsöhbətlər ikitərəfli Ermənistan-Yaponiya ticarət-iqtisadi əlaqələri sahəsində böyük potensialdan daha səmərəli istifadənin, eləcə də investisiyaların stimullaşdırılmasının vacibliyini qeyd ediblər.
Bundan əlavə, Mirzoyan Ermənistanın Yaponiya tərəfindən müxtəlif sahələrdə daimi dəstəyini yüksək qiymətləndirib. Nazirlər çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycan-Ermənistan sərhədlərində sentyabrın 12-si gecə saatlarında yaşanan gərginlikdə özünü günahkar bilmir. Yaşanan gərginliyin səbəbkar kimi isə Azərbaycan tərəfini göstəməyə, dünyaya qəbul etdirməyə çalışır.
Qeyd edək ki, Ermənistanın bu cür cəhdləri ilk dəfə deyil ki, baş verir. Bu səbəbdən də dünyanın əksər ölkələri Ermənistanın özünü yazıq kimi qələmə verdiyini çox gözəl bilir.
Leyla, Bizimyol.info