Rusiya hazırda təkcə Ukrayna silahlı qüvvələri ilə deyil, həm də kollektiv Qərblə hərbi əməliyyatlar aparır.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
“Mən vurğulamaya bilmərəm ki, biz bu gün təkcə Ukrayna və Ukrayna ordusu ilə deyil, kollektiv Qərblə müharibə vəziyyətindəyik”,- deyə Şoyqu bildirib.
Müdafiə nazirinin sözlərinə görə, Ukraynanın silahı demək olar ki, tükənib, bunlar keçmiş sovet silahlarıdır: "Artıq vaxt gəlib çatıb ki, biz kollektiv Qərblə, NATO ilə və ya əksinə - NATO-dakı kollektiv Qərblə həqiqətən müharibə vəziyyətindəyik", -deyə nazir bildirib. O, əlavə edib ki, Rusiya Federasiyası Qərb tərəfindən Ukraynaya verilən silahlarla mübarizə yollarını axtarır.
"Xüsusi hərbi əməliyyat" zamanı Rusiya Federasiyasının itkiləri 5937 nəfər təşkil edib. Bu barədə də ordu generalı Sergey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
"Mən deyə bilmərəm ki, biz uzun müddətdir bu barədə danışmırıq: itkilərimiz haqqında məlumat almaq sizin hüququnuzdur deyə düşünürəm. Bildirmək istəyirəm ki, "xüsusi əməliyyatda" itkilərimiz 5937 nəfər təşkil edib. Əlbəttə bu bizim üçün çox böyük itkidir, amma müharibənin masştabını nəzərə alsaq hərbçilərimiz yaxşı nəticələr əldə ediblər. Silahlı Qüvvələrimiz xeyli ərazini azad ediblər", - deyə Şoyqu bildirib.
Rusiya müdafiə nazirinin sözlərinə görə, hərbçilər öz vəzifələrini cəsarətlə yerinə yetirirlər. Eyni zamanda o, həkimlərin əməyini xüsusi qeyd edib. “Yaralıların 90%-dən çoxu yenidən xidmətə qayıdıb. yaralanaraq müalicə olunan hərbçilərimiz könüllü olaraq yenidən cəbhəyə dönmək istəyirlər”, - deyə o əlavə edib.
Qadir, Bizimyol.info
P.S: Dünən Rusiya Dövlət Duması Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsini müzakirə edib. Dəyişiklikdə fərarilik və ordudan yayınma halları ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutulur.
Onu da qeyd edək ki, Rusiya müdafiə nazirinin təqdim etdiyi rəqəmlər Qərb kəşfiyyat orqanlarının göstərdiyi saydan 10 dəfə azdır. Bu qədər fərq inandırıcı hesab oluna bilməz.