“Ermənistan ABŞ və ya digər ölkələrdən təcili hərbi yardım gözləməməlidir”.
Bizimyol.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici əlaqələr daimi komissiyasının sədri Eduard Ağacanyan yerli saytlardan birinə müsahibəsi zamanı bildirib.
“Bunlar çox vaxt tələb edən qərarlardır və bir gün və ya bir həftə ərzində ABŞ və ya başqa ölkədən aktiv hərbi yardım gözləməyə dəyməz”,- deyə Ağacanyan müsahibəsində deyib.
Qərbyönlü dairələrin Ermənistanı ABŞ-ın uzatdığı “kömək əli”ndən imtina etməməyə çağırması ilə bağlı iradlara cavab olaraq Ağacanyan qeyd edib ki, ABŞ-ın uzatdığı yardım əli nəinki “havada qalmayıb, həm də əməkdaşlığımız davam edir və dərinləşməyə doğru irəliləyir”.
Xatırladaq ki, sentyabrın 12-si gecə saatlarında Azərbaycan-Ermənistan sərhəddində yaranan gərginlikdən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-19-da Ermənistanda olub. Spiker qondarma “soyqırım” qurbanlarının xatirə kompleksini ziyarət edib, Ermənistan Milli Məclisinin prezidenti Alen Simonyanla görüşlər keçirib, mətbuat konfransı təşkil edib, Cafesjian İncəsənət Mərkəzində çıxış edib, parlament müxalifəti və Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan ilə görüşüb.
Onu da əlavə edək ki, səfər zamanı Pelosi Azərbaycanın Ermənistana qarşı təcavüz etdiyini iddia edib və bunu pisləyib.
“Politico” nəşri Amerika Erməni Assambleyasının həmsədri Anthony Barsamyana istinadla yazır: “Pelosinin bu səfəri böhrana daha çox siyasi diqqət yetirməyə çağıran Amerika erməni icması üçün çox şey ifadə edəcək. Qafqaza səfər, spikerin ötən ay Tayvana mübahisəli səfərindən sonra baş verir və noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri ərəfəsində Pelosi dünyada insan hüquqları müdafiəçisi rolunu möhkəmləndirmək istəyir”.
Leyla, Bizimyol.info