Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdənkənar müxalifət nümayəndələri ilə növbəti görüş keçirib, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, iclasda “Respublika” partiyasının lideri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Ermənistan Xristian Demokrat Partiyasının rəhbəri Levon Şirinyan, “Vahid Vətən” partiyasının lideri Mher Terteryan, “Hnçakyan” Sosial Demokrat Partiyasının Ermənistandakı departamentinin rəhbəri Sedrak Açemyan, “Vətən qüvvələri”nin lideri Tiqran Arzakantsyan iştirak ediblər.
Məsləhətləşmələr zamanı hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilmir.
Xatırladaq ki, bundan əvvəl Mühafizəkarlar Partiyasının lideri Mikayel Ayrapetyan parlamentdənkənar qüvvələrin baş nazirlə görüşləri formatında iştirakını dayandırdığını açıqlamışdı. Bundna əlavə, partiya hesab edir ki, bu format Ermənistanın suverenliyinin möhkəmlənməsinə töhfə vermir.
Qeyd edək ki, Paşinyan vaxtaşırı parlamentdənkənar müxalifət liderləri ilə görüşlər keçirir. Ekspertlər hesab edir ki, Ermənistan hökumətinin başçısı loyal müxalifət formalaşdırmağa çalışır.
Əlavə edək ki, sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan-Azərbaycan sərhəddində gərginlik artmış və hər iki tərəf xeyli itkiləri vermişdi.
Bundan əlavə, tərəflər gərginliyin atmasında bir-birini günahlandırırlar.
Leyla, Bizimyol.info